Ferqus Old: Azərbaycan COP29-a hazırlıqla bağlı heyrətamiz iş görüb

Azərbaycan ötən ilin dekabr ayından etibarən COP29-a hazırlıq çərçivəsində heyrətamiz iş görüb və onun liderliyi cari tədbirdə mühüm əhəmiyyət kəsb edir.

Bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Old Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) Azərbaycan nümayəndəliyinə bildirib.

Diplomat qeyd edib ki, COP29-un uğurla həyata keçirilməsində Azərbaycana dəstək verilməsi Böyük Britaniya səfirliyinin bu il üçün əsas prioriteti olub.

“Azərbaycan keçən ilin dekabr ayından etibarən COP29-a hazırlıqla bağlı sıfırdan başlayaraq heyrətamiz iş görüb. Böyük Britaniyanın Qlazqoda keçirilmiş COP26-ya hazırlaşmaq üçün iki il vaxtı var idi. Azərbaycan sədrliyi isə təşəbbüsü öz üzərinə götürərək tərəfləri dinlədi və tez uyğunlaşdı”, - o deyib.

Old həmçinin qeyd edib ki, Böyük Britaniya mühüm addım atıb və 2030-cu ilə qədər təmiz enerjiyə keçmək niyyətini açıqlayıb.

“Biz sentyabrın 30-da kömürlə işləyən son elektrik stansiyasını bağlayaraq, kömürdən imtina edən dünyanın ilk böyük iqtisadiyyatı olduq. COP29-da 1,5 dərəcə hədəfinə çatmaq üçün iqlimlə bağlı tədbirlər haqqında daha ətraflı informasiyalar paylaşırıq. Biz hər bir ölkənin təhfə verməsini istəyirik”, - səfir vurğulayıb.

Onun sözlərinə görə, Britaniya COP29 çərçivəsində inkişaf etməkdə olan ölkələr üçün iqlim maliyyəsinin açılması, emissiyaların azaldılması və iqlim dəyişikliyinin nəticələrinə uyğunlaşma kimi mühüm məqsədlərə nail olmaq üçün səy göstərmək niyyətindədir./Report

18.11.2024 19:58
404