Ermənilərin guya ölkəmizdə digər etnik azlıqlara qarşı münasibətin pis və ayrı-seçkilik olması təbliğatı nəyə hesablanıb?
Azərbaycan Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiyası ilə bağlı planını artıq açıqlayıb. Bu planla ermənilərə bir sıra üstünlüklər verilib ki, onların arasında erməni sakinlərin öz mədəniyyətini, etnik-mədəni xüsusiyyətlərini qorumaq və inkişaf etdirmək hüququnun təmin edilməsi məsələsi diqqət çəkir. Eləcə də dini etiqad azadlığı, mədəni və dini abidələrin mühafizəsinin təmin olunması və erməni dilinin istifadəsinə imkan yaradılması da burada xüsusi olaraq qeyd edilir. Görünən odur ki, ermənilərin Qarabağda yaşaması üçün hər hansı əngəl yoxdur. Bununla belə, ermənilər əvvəlki xislətlərindən əl çəkmir, “Teleqram” kanallarında dezinformasiyalar yaymaqla məşğuldurlar. Guya Azərbaycanda digər etnik azlıqlara qarşı münasibətin pisdir, onlara qarşı ayrı-seçkilik var, bu səbəbdən geri dönmək istəmədiklərini bildirirlər.
Bu yalan, iftiraların arxasında bəs nə durur?
Siyasi şərhçi Asif Nərimanlı hesab edir ki, Ermənistan hakimiyyəti Qarabağdan qayıdan ermənilərə “qaçqın statusu”nu verməkdə iki məqsədi var: siyasi hədəfi “qaçqınların qayıdışını” daim Bakıya qarşı təzyiq aləti kimi saxlamaq, o cümlədən, Qərbi Azərbaycandan deportasiya olunan azərbaycanlıların geri qayıdışı məsələsində “ermənilərin Qarabağa qayıdışını” irəli sürməkdir. Eləcə də iqtisadi hədəfi Qərbdən “erməni qaçqınlara yardım” adı ilə milyonlarla avro yardım almaqdır: “Düzdür, ermənilərin "qaçqın statusu" beynəlxalq hüquqda təsbitini tapmır. Qaçqın “irqi, dini, milli mənsubiyyəti, mənşəyinə görə təqib olunacağından qorxduğu üçün ölkəsinə qayıda bilməyən, yaxud qayıtmaq istəməyən şəxsə” deyilir. Bu hüquqa görə Qarabağdan Ermənistana köçən, daha doğrusu, qayıdan ermənilər “qaçqın statusu” daşıya bilməz. Ermənilər öz ölkəsini, yəni Azərbaycanı tərk etməyib, əksinə, məskunlaşdıqları başqa ölkənin ərazisindən öz ölkələrinə qayıdıblar. Qarabağdan gedən ermənilərin “qaçqın statusu”nda qəbul edilməsi üçün “öz ölkələrini” tərk etmələri lazımdır ki, onların “ölkə” dediyi ərazi beynəlxalq hüquqa əsasən Azərbaycan ərazisidir və bu ərazidə “ölkə” adlandırdıqları qondarma separatçı rejim beynəlxalq hüquqda tanınmırdı. Qarabağdakı ermənilərin mənsub olduğu hüquqi pasport - separatçıların onlara verdiyi qondarma pasport kağız parçasından başqa bir şey deyildi - Ermənistana məxsus olub: bu fakt ermənilərin “öz ölkələrini” tərk etmədiyini, sadəcə, vətəndaşı olduqları ölkəyə qayıtdıqlarını sübut edir".
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva da deyib ki, sosial şəbəkələrdə və rəqəmsal mediada Ermənistan tərəfindən azərbaycanlılara qarşı nifrət nitqi daha da artmaqdadır. Onun sözlərinə görə, Ermənistanda cəmiyyətin müxtəlif təbəqələri, eləcə də, dünyanın müxtəlif bölgələrində yaşayan erməni əsilli şəxslər tərəfindən azərbaycanlılara qarşı nifrət nitqi kəskin şəkildə ifadə edilməkdədir.
Ceyhun Məmmədov
Millət vəkili Ceyhun Məmmədov da öz sosial media hesabında qeyd edib ki, istənilən erməni saytını açsaq, sosial şəbəkələrin erməni seqmentinə baxsaq, dövlətimizə, xalqımıza qarşı nifrəti aydın şəkildə görmək mümkündür: “Ermənistan öz siyasətini, yanaşmasını mütləq dəyişməlidir. Çünki bəzi qüvvələrin, radikal dairələrin nifrəti təbliğ etməsi Azərbaycan-Ermənistan arasında aparılan sülh danışıqlarına zərbə vurur”.
O ki qaldı Azərbaycanda etnik azlıqlara, başqa dindən olanlarla münasibətə, bu, Azərbaycanda illərdir ki, prioritet məsələ sayılır. Mövcud qanunlarımıza görə, respublikamızda hər bir kəs dinə münasibətini müəyyənləşdirməkdə, istədiyi dinə etiqad etməkdə sərbəstdir. Eyni zamanda 49 dini etiqadın, dini ibadətlərin zor işlətməklə və ya insanlar arasında nifaq salmaqla təbliğ edilməsi qanunla qadağandır. Qanunda dini təhlükəsizliyin təmin edilməsi baxımından əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən dini təbliğatın qadağan edilməsi təsbit olunub. Qanunda həmçinin göstərilir ki, ölkə vətəndaşlarının dinə münasibətlərindən asılı olmayaraq siyasi, iqtisadi, sosial və mədəni həyatın bütün sahələrində bütün vətəndaşlar qanun qarşısında bərabərdir.
Mübariz Qurbanlı
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı da rəsmi mətbuatda dərc olunan məqaləsində bildirib ki, bu gün Azərbaycan fərqli dinlərin nümayəndələri arasında qarşılıqlı anlaşmanın, qardaşlıq və həmrəylik hisslərinin bərqərar olmasına mühüm töhfəsini verməklə dünya dövlətləri üçün nümunə olub: "Ölkəmizin dünyaya təqdim etdiyi tolerantlıq və birgəyaşayış modeli münaqişələrin və toqquşmaların aradan qaldırılmasına xidmət edən əsas meyarlardan biridir. Dinlərarası və mədəniyyətlərarası dialoqun təşviqi istiqamətində ölkəmiz səylərini ardıcıl şəkildə davam etdirir. Azərbaycanda mədəniyyətlərarası dialoq, multikulturalizm, həmçinin dini konfessiyalar arasında qarşılıqlı etimad daha da möhkəmlənib".
Yazını hazırladı: Afaq MİRAYİQ