Milli Məclisin rəsmi orqanı “Azərbaycan” qəzetinin yaydığı məlumata görə, hazırda Lerikdə 217, Yardımlıda 150, Biləsuvarda 210, Salyanda 350, Cəlilabadda 240 ton yun alıcısını gözləyir. Qeyd olunub ki, həmin rayonların hər birində, ayrı-ayrı qəsəbə və kəndlərdə, fərdi evlərdə sovet vaxtı xalçaçılıq sexləri fəaliyyət göstərdiyi halda, indi bu işlə məşğul olan, demək olar bir nəfər də yoxdur. Halbuki vaxtilə Lerikdə 700, Cəlilabadda 800, Yardımlıda 400, Salyanda 500, Biləsuvarda 450 qız-gəlin xalçaçılıqla məşğul olub.
Maraqlıdır, yunun ilkin emalı, ondan müxtəlif məhsulların istehsalı gəlirli sahə olmasına rəğmən, nə üçün qoyunçuluqla məşğul olan fermerlər əllərində olan yunu sata bilmir, istehsalçılar, sahibkarlar buna maraq göstərmirlər? Qeyri-neft sektorunun gəlirli sahələrindən birinin bu vəziyyətə düşməsinə səbəb nədir? Problemin həlli üçün hansı addımlar atılmalıdır?
Mövzu ilə bağlı Medianews.az-a danışan kənd təsərrüfatı məsələləri üzrə ekspert Vahid Məhərrəmov bildirib ki, sovet hökuməti zamanında Azərbaycanda xüsusi cins heyvanlar saxlanılıb. Onun sözlərinə görə, merinos cinsindən olan belə qoyunlar sırf yunçuluq üçün nəzərdə tutulub: “Həmin qoyunların yunu çox baha olurdu və buna ciddi tələbat var idi. Merinos qoyunların yunundan paltar istehsalında geniş istifadə olunurdu. Lakin sonrakı illərdə o merinos cinsli heyvanlar tədricən sıradan çıxarıldı. Çünki Azərbaycanda istehlakçılar bu cins qoyunların ətini xoşlamırdılar. Düzdür, sovet illərində, planlı təsərrüfat dövründə bu cins heyvanların ətindən müəyyən yerlərdə istifadə olunurdu. Heyvanlar kəsilirdi və ət kombinatlarına, mağazalara təhvil verilirdi. Oradan da istehlakçılara çatdırılırdı. Müəyyən idarə və müəssisələrdə də bu ətdən istifadə olunurdu. Ancaq sovet hökuməti dağılandan sonra kəsim göz qarşısında həyata keçirilirdi. İnsanlar seçimdə sərbəst olduqları üçün merinos cinsli qoyunun ətini almırdılar”.
Ekspert deyib ki, müstəqillik illərində Azərbaycanda yerli cins qoyunlara tələbat artıb və belə heyvanların sayı çoxalıb: “Özü də bu artım çox kəskin oldu. Hazırda da yerli qoyunların ətinə böyük tələbat olsa da, yununa maraq azdır. Bu yunun bir hissəsindən vaxtilə xalçaçılıqda istifadə olunurdu. Məişət səviyyəsində isə yorğan-döşək hazırlanması üçün istifadə edilir. Bu kimi səbəblərdən hazırda Azərbaycanda yerli cins heyvanların yununa tələbat azdır. İndiki situasiyada heyvandarlıq təsərrüfatı olan fermer iki yoldan birini seçməlidir. Ya yunluq istiqaməti üzrə merinos cins qoyunların əldə edilməsini, saxlanmasını həyata keçirməlidir, ya da ətə olan tələbatı nəzərə alaraq, yerli cins heyvanlar saxlamalı, fəaliyyətini bu istiqamətdə qurmalıdır. Düşünürəm ki, indiki halda birinci seçimi etməyə ehtiyac yoxdur. Çünki bu istiqamət üzrə fəaliyyətini quran fermer yunu yalnız xammal kimi sata biləcək. Bundan da böyük gəlir əldə edə bilməyəcək”.
V.Məhərrəmov deyib ki, dövlət və hökumət səviyyəsində bu istiqamətdə hansısa addımın atılmasını gözləməyə dəyməz: “Dövlət və hökumət səviyyəsində bu istiqamətdə hansısa addımların atılması gözlənilən deyil. Sadəcə imkan yaradılmalıdır ki, sahibkarlar o yunu alıb ondan nə isə istehsal edə bilsinlər, daxili və xarici bazara təqdim etsinlər. Bunun üçün də ilk növbədə o yunu emal edən, ardınca isə bazarın tələbatına uyğun məhsul istehsal xüsusi müəssisələr lazımdır”.