"Fərda aktyordursa, onda mən kiməm?" - Azər Axşam

"Bu sənətdə aktyorlar sırf peşəkarlar sayılır. Türkiyədə çox gözəl söz var, "oyuncu", bir də var aktyor. Hər kəs "oyuncu" ola bilər, amma aktyor ola bilməz".

Bu sözləri aparıcı-aktyor Azər Axşam "10-da görüşək" verilişində qonaq olarkən deyib.

A.Axşam aktyor Fərda Xudaverdiyevin adını çəkərək ona söz atıb:

"Əgər Fərda Xudaverdiyevə aktyor deyirəmsə, onda mən kiməm? Bu peşənin məktəbin oxumuşam, bu sənətə yiyələnmişəm, müəllimlərindən dərs, sənətin isə diplomunu almışam. Ona görə də, aktyor adını qazanmışam. Onlar aktyor deyil, "oyuncu"durlar. Yəni, o tip olanlar bu sənətə kənardan gəliblər. Mədəniyyət və İncəsənət Universitetinin "Dram teatrı və kino aktyoru" və ya Musiqili Komediya Teatrının "aktyorluq" fakültəsini bitirməyiblər. Məsələn, mən konservatoriyanı bitirməmişəmsə, amma musiqi aləmində istedadlıyamsa, peşəkar musiqiçi sayıla bilərəm? Bütün sənətlər həvəslə başlayır. Amma bir də var ki, onu peşəkar səviyyəyə çatdırmaq. Bu, onun elmini öyrənməkdir. 

Heç kimin xətrinə dəyməsin. Bu, o mənaya gəlmir ki, o insan istedadsızdır. Xeyr, sözlərim səhv anlaşılmasın. Məsələn, bu gün aktyoram və rejissorluğa başlayıram. Gör, mən neçə müddət işləməliyəm və elə bir işlər görməliyəm ki, rejissor adına layiq görülüm. Haraya fırlansan da rejissorluğun sirrlərini öyrənməlisən". (Axşam.az )

24.12.2023 02:13
3802