ABŞ Federal Ehtiyat Sisteminin (FED) rəhbəri Cerom Pauell bildirib ki, uçot dərəcəsinin endirilməsi baxımından tələsməyə ehtiyac yoxdur.
Musavat.com xəbər verir ki, onun sözlərinə görə, fevrala dair inflyasiya məlumatları gözləntilərə uyğun olub:
"Yaxşı ki, hesabatda heç bir sürpriz yox idi".
ABŞ Ticarət Nazirliyinin bu gün verdiyi məlumata görə, fevral ayında istehlak qiymətləri indeksi (PCE) əvvəlki ayla müqayisədə 0,3 faiz artıb. Bu, inflyasiyanın yanvar ayı səviyyəsində - 0,4 faiz qalacağını proqnozlaşdıran analitiklərin gözləntilərindən zəif olub.
Ərzaq və enerji qiymətləri nəzərə alınmadan hesablanan baza inflyasiyası yanvardakı 0,5 faizə qarşı fevral ayında 0,3 faiz olub.
Pauelin sözlərinə görə, FED-in tənqidçiləri arasında kredit faizini azaltmaq istəyənlər və bu addımdan ehtiyat edənlər demək olar ki, bərabər bölünüblər: "Biz bu qərarla ehtiyatlı olacağıq, çünki ehtiyatlı ola bilərik".
FED sədri bildirib ki, Amerika iqtisadiyyatı kifayət qədər güclü olduğuna görə faiz dərəcələrini azaltmağa tələsməyə ehtiyac yoxdur: "FED-in işi hələ yekunlaşmayıb, hədəfimiz 2 faizlik inflyasiyadır".
FED rəhbərinin fikrincə, Amerika iqtisadiyyatında tənəzzül risklərinin artdığına inanmaq üçün heç bir əsas yoxdur və iqtisadiyyata zərər vermədən inflyasiyanı yavaşlatmaq şansı var.
Musavat.com