Fazil Mustafanın matəm günləri ilə bağlı təklifinə tanınmışların gözlənilməz reaksiyaları - VİDEO

Novella Cəfəroğlu: “Biz həmin ailələrin acısına acı qataraq matəm günlərini təqvimdən necə çıxaraq?”

Abutalıb Səmədov: “Əgər söhbət 20 Yanvar şəhidlərinin anım günündən və Xocalı soyqırımı günündən gedirsə, bu günlər mütləq təqvimdə qalmalıdır”

Musa Qasımlı: “Biz bu günləri anmalıyıq , amma matəm günləri kimi deyil”

“Azərbaycanda matəm günləri təqvimdən çıxarılmalıdır".

Milli Məclisin payız sessiyasının ilk iclasında deputatı Fazil Mustafa bu təkliflə çıxış edib. Deputat bunu Azərbaycanın qalib ölkə olması ilə əlaqələndirib: “Artıq yeni dövrə başlamaq lazımdır”.

Qeyd edək ki, Azərbaycanda rəsmi olaraq matəm günləri bunlarıdır:

20 yanvar - Ümumxalq hüzn günü (Sovet Ordusunun Azərbaycan xalqına qarşı törətdiyi qırğın,20 yanvar 1990-cı il)

26 fevral - Xocalı soyqırımı günü

31 mart - Azərbaycanlıların soyqırımı günü.

Qeyr-rəsmi olaraq 2020-ci il müharibəsinədək bu təqvimlərdə xüsusi xatırlatmalar olub, telekanallar xüsusi proqramlar hazırlayıb, adətən də toy və digər əyləncə tədbirlər keçirilməyib.

Kəlbəcər:
İşğal olunmuşdur 1993-cü il 2 aprel;

Xocavənd:
İşğal olunmuşdur 1992-cü il 2 oktyabr;

Ağdam:
İşğal olunmuşdur 1993-cü il 23 iyul;

Laçın:
İşğal olunmuşdur 1992 – ci il 18 may;

Şuşa:
İşğal olunmuşdur 1992 - ci il 8 may;

Xocalı:
İşğal olunmuşdur 1992-cü il 26 fevral;

Cəbrayıl:
İşğal olunmuşdur 1993 – cü il 23 avqust;

Füzuli:
İşğal olunmuşdur 1993 – cü il 23 avqust;

Qubadlı:
İşğal olunmuşdur 1993-cü il 31 avqust;

Zəngilan:
İşğal olunmuşdur 1993-çü il 29 oktyabr.

Qeyd edək ki, deputatın matəm günlərinin təqvimdən çıxarılması ilə bağlı təklifi xeyli müzakirələrə səbəb olub. Bir qisim deputatın bu fikri ilə razılaşmır, istər matəm, istərsə də bayram günlərinin Azərbaycan dövlətin tarixinə aid olduğunu bildirir, bir qisim isə qələbədən sonra matəm günlərinin təqvimdən çıxarılmasının tərəfdarı olduğunu ifadə edir.

Millət vəkili Arzu Nağıyev mövzu ilə bağlı bildirib ki, Azərbaycanda matəm günlərinin təqvimdən çıxarılması o demək deyil ki, bu xalq unutqandır:

Arzujpg-728x440 (1).jpg (42 KB)

“Təbii ki, həmin vaxtlarda işğal olunmuş rayonlarda hər bir vətəndaşın, ya sakinin bir qohumu şəhid olub və matəm günündə bütün dünyada olduğu kimi adamlar öz yaxınlarının qəbrini və yaxud tikilmiş abidələrini ziyarət edirlər. Qələbədən sonra artıq dövlət səviyyəsində rayonların alınmasının da il dönümlərinin qeyd edilməsi bizim yaddaşımızdır.

Nə qədər qələbə günlərimizin sayı çox olsa, daha böyük ruh yüksəklikləri olar. Dünya müharibəsi vaxtı da şəhərlər işğal olunanda alman faşistləri tərəfindən həmin günlərin anım günləri qələbəyə qədər olardı, qələbədən sonra belə məsələ yox idi”.

Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu qeyd edib:

260304_cj56vldgly.jpg (27 KB)

“Dünyanın hər yerində vətəni uğrunda canından keçənlərin yad edilməsi üçün təqvimdə xüsusi günlər ayrılıb. Bəli, Azərbaycan qalib dövlətdir, lakin bu qalibiyyəti elə-belə, asanlıqla qazanmamışıq. Qələbəmizi igid övladlarımızın qanı-canı bahasına əldə etmişik.

Bizə qələbə sevinci yaşadanların ailələrini də düşünmək lazımdır. Biz həmin ailələrin acısına acı qataraq matəm günlərini təqvimdən necə çıxaraq? Dünyanın hər yerində vətəni uğrunda canından keçənlərin yad edilməsi üçün təqvimdə xüsusi günlər ayrılıb, niyə çıxarılmalıdır? Adı matəm olmasa da, yaddaşlarda qalan bir gün mütləq olmalıdır. Belə günləri yaddaşdan silmək olmaz”.

Politoloq Abutalıb Səmədov bu barədə qeyd edib:

9419_7.5.2021.8.jpg (67 KB)

"Azərbaycan dövlətinin tətbiqində matəm günləri varmı? Əgər söhbət 20 Yanvar şəhidlərinin anım günündən və Xocalı soyqırımı günündən gedirsə, hesab edirəm ki, bu günlər mütləq təqvimdə qalmalıdır. Həmin günlər mütləq dünya ictimaiyyətinin diqqətində olmalıdır. Təbii ki, rayonlarımızın işğal edildiyi günləri xatırlayıb qeyd edirdik. Fazil Mustafa sözügedən günləri nəzərdə tutursa, bəli, qeyd etməməliyik. Biz torpaqlarımızı azad etmişik, ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etmişik”.

Millət vəkili, tarixçi alim Musa Qasımlı mövzu ilə bağlı Musavat.com-a danışıb. Musa Qasımlı qeyd edib ki, hər bir millətin tarixində qələbələr, məğlubiyyətlə, acılı günlər olur və millət tarixinin bütün ağ-qara səhifələrinin bilməlidir:

15954917493871348916_1200x630.jpg (266 KB)

“Hər bir millətin tarixində qələbələr, məğlubiyyətlər, acılı günlər olur. Millət tarixinin bütün ağ və qara səhifələrini bilməlidir.
Ancaq millət heç bir zaman ağlayaraq, sızlayaraq öz hədəfinə çata bilməz. Millət tarixindən kül deyil, od götürməlidir. Millət tarixində ibrət dərsi almalıdır. Hesab edirəm ki, biz tariximizdəki matəm günlərinə yeni yanaşmalıyıq. Biz 1918-ci il 31 mart soyqırımı, 1920-ci il aprel işğalı, 1990-cı il 20 Yanvar qırğını, 1992-ci il fevralda Xocalıda baş verən soyqrımını unutmamalıyıq. Biz bu günləri anmalıyıq , amma matəm günləri kimi deyil. Çünki millətimiz qarşısına qoyduğu hədəfə nail olub. Bu gün Azərbaycan dövləti ərazisində işğala son qoyulub, dövlətimiz sərhədlərimiz üzərində nəzarəti tam bərpa edib, bütün ərazimizdə dövlətimizin bütün hüquqları bərqərar edilib. Ona görə də hesab edirəm ki, biz daha çox qələbə günlərini anmalı, bayram etməliyik, digər ağrılı günlərimizi unutmadan anmalıyıq, amma qeyd etdiyim kimi, matəm günü kimi deyil.
Millət ağlaya-ağlaya böyük olmaz. Millət öz tarixindən qürurlu səhifələri qeyd edərək, böyük olar. Ona görə də hesab edirəm ki tariximizdə olan qara günləri unutmadan anmalı, daha çox qələbələr gətirən günləri bayram etməliyik. Çünki bu gün 31 mart soyqırımı, 28 aprel işğalı, 1990-cı il 20 Yanvarında, 1992-ci ilin fevralında Xocalı soyqırımında qurban gedənlərin, ümumiyyətlə, 30 illik işğal zamanı həyatını itirmiş bütün insanların ruhu şaddır. Onların arzuları həyata keçib, xəyalları
gerçəkləşib”.

Bəs deputat Fazil Mustafa hansı matəm günlərinin təqvimdən çıxarılmasını nəzərdə tutur? 20 Yanvar, 31 mart soyqırımı günlərinin təqvimdən çıxartmaq olarmı?

Məsələ ilə bağlı millət vəkili Fazil Mustafa Musavat.com-a danışıb:

fazil.jpg (146 KB)

 

“Ümumiyyətlə, hər hansı tarixi dövrdə qələbə ruhunu daşıyan xalq qalib xalq obrazına özünü uyğunlaşdırmalıdır. Təəssüf ki, biz bu qədər böyük qələbədən sonra yenə də qalib xalq kimi görünə bilmirik. Bunun üçün birinci növbədə insanlar daha çox qələbə simptomlarını önə çəkməlidirlər.

Söhbət hansısa faciəli tarixi hadisəni unutmaqdan getmir, bütün tariximizdə olan kədərlər, faciələr hamısı insanımızın yaddaşında qalmalıdır və bunu da hər kəs özünəməxsus şəkildə fərdi, qrup və yaxud bütövlükdə xalq formasında qeyd etməlidir. Lakin bunun bütövlükdə matəm günü olaraq rəsmiyyət qazanması məsələsi narahatedici amillərdən biridir. Bunun da əsas səbəbi budur ki, Azərbaycan xalqı mental xüsusiyyətinə görə iki yerə bölünür – birincisi, tarixən türklük və qafqazlılq duyğusunun önə çəkən və həmişə matəmi arxada buraxıb, qələbə, uğur üçün çalışan, onun üçün mübarizə aparan bir xalq obrazı, ikincisi isə ermənilərdən və iranlılardan götürdüyümüz matəm mazoxizmini daşıyan xalq obrazı. Yəni, diqqət edəndə görürük ki, matəmçilik bizim gerçək milli və dini mahiyyətimizə uyğun gəlmir. Çünki insan kədər üzərində yaşamını formalaşdıranda, həyatını bu motiv üzərində quranda onun dünyada quruculuq və yaradıcılıq potensialı xeyli aşağı düşmüş olur. Bu təkcə insana aid deyil, bütövlükdə insanlardan ibarət olan xalqa da aid məsələdir.

Biz bu gün həmin matəm, soyqırım mazoxizmini yaşayan ermənilərin faciəsini, miskinliyini görürük, onlar hansı situasiyada olursa olsun, soyqırım, matəm xəstəliyinə tutulmuş bir xalqdır və bu onları irəliləməyə, sərbəst düşünməyə qoymur. Eynilə bu simptomlar iranlılarda da var. İranlılar da, habelə o mühitdə mövcud olan soydaşlarımız da ömrü boyu dini də matəmçilik motivi üzərində anlamağa yönəliblər və tarix boyu bizi də öz təsiri altında saxlayaraq bədbəxt ediblər. Bizlər də bu təsir altında indiyədək İslam dinin əsasən matəm, faciə motivlərini qabartmışıq və geriliyimizin də, cəhalətimizin də əsas səbəbi bu olmuşdur. Xilasımız yalnız o zaman baş verib ki, Türkmənçay hadisələrindən sonra, Azərbaycan Rusiyanın işğalı altına düşməsindən başlayaraq yeni məktəb, yeni düşüncəni mənimsəyərək yetişən ziyalılarımız 1918-ci ildə bizə müstəqil demokratik dövlət qurublar. Eyni müstəqil dövləti bizdən sayca üç dəfə artıq soydaşlarımız İrandan ayrılaraq qura bilməyiblər. Ona görə də əsl mədəni tariximizin haradan başladığı üzərində ciddi düşünməliyik.

Tariximizdə hansı faciənin digərindən daha böyük masştabda olduğunu müəyyən etmək bir qədər mübahisəli məsələdir. Məsələn, bolşevik istilasından sonrakı dövrdə Gəncə üsyanında 48 minə yaxın azərbaycanlı qətlə yetirilmişdi. Bu hadisə maştabına görə 20 Yanvar hadisəsindən daha böyük hadisədir, sadəcə və nədənsə daha yaxın məsafədə olana biz dəyər veririk. Eləcə də digər soyqırım və faciələr də bunun mübahisədə nə qədər bir-birindən fərqlənəcəyini göstərən detalları, faktları ortaya qoyur. Bu baxımdan həmin anları, günləri unutmadan qeyd etməliyik. Lakin təqvimizdən bunun rəsmiyyət qazanmasının zəruriliyini bir daha müzakirə etməliyik. Çünki biz bu kədər, matəm motivini içimizdə nə qədər çox yaşadacağıqsa, öz qəlbələrimizin sağlam dəyərləndirilməsini apara bilməyəcəyik”.

Fazil Mustafa bəzi bayram günlərinin də təqvimdən çıxarılmasının zəruriliyi haqda danışıb:

“Azərbaycanın 15 rəsmi bayramı var və bunun 13-ü rəsmi dövlət, ikisi isə dini - Ramazan və Qurban bayramlarıdır. Türkiyə kimi böyük dövlətdə cəmi 3 rəsmi, 2 dini bayram var. Bunun özü də düşündürücü məsələdir. Əhəmiyyətlilik dərəcəsində görə bayram statusunda olan günlərə də baxmalıyıq. Məsələn, bir dövr üçün Dirçəliş Günü uğurlu bir gün kimi qəbul oluna bilər, amma müasir dövrdə dirçəlişimiz elə Qarabağla başlayır. Yəni, həmin tarixi bayram günü olaraq təqdim etməyin artıq bir izahı qalmır.
Və yaxud, Türkiyədə bir anım, hüzr günü var, o da Atatürkün vəfat etdiyi 10 noyabr günü. Bu siyasi məna daşıyan gündür. Çünki Atatürk Türkiyənin xarabalıqlardan xilas edərək, yeni bir dövrə daşımış tarixi şəxsiyyətdir. Həmçinin qeyd edim ki, Çanaqqala savaşında 250 mindən artıq türk əsgəri şəhid oldu. Amma bunun milli yas kimim qeyd edirlərmi? Bu günləri anırlar, şəhidlərə rəhmət oxuyurlar, ancaq matəm motivasiyasına ilişib qalmırlar.

Bu baxımdan qeyd etmək istəyirəm ki, biz artıq yeni dövrün xalqı olmağa hazır olduğumuzu göstəməliyik. Bu cür böyük qələbəmizi hələ də cəmiyyət içində sağlam dəyələndirilməsinin görə bilmirik. Sanki hələ də insanlar yuxudan ayılmayıblar ki, biz 200 illik problemi Azərbaycan əsgəri və Ali Baş komandanı xalqımızın dəstəyi ilə çözə bilib.

Bu xalqı artıq yeni formatda ortaya çıxartmaq lazımdır. Yeni formatda ortaya çıxartmaq üçün öz keçmişinin bütün matəmindən, sıxıntısından arındıraraq, daha aydın gələcəyə baxan vəziyyətə gətirməliyik.

Əlbəttə ki, bu, keçmişi unutmaq anlamına gəlmir. Bu, mənfur erməniçilikdən və miskin irançılıqdan uzaqlaşmaq, gerçək bir türk və qafqazlı iradəsi ilə irəliyə baxmaq anlamına gəlir. Xalq bundan sonra da rəsmiyyət olmadan da həmin anıları yaşadacaq və yaşatmalıdır da. Çünki bizim tariximiz əsasən bir şəhidlik, soyqırım, qanımızın axıdıldığı tarixdir. Lakin 44 üstəgəl 1 tarixi məqamından sonra bir millət olaraq Bir sözlə, erməniçilikdən və irançılıqdan fərqli olaraq qələbə, uğur motivasiyasına daha çox önəm verən türk-qafqazlı xarakterli azərbaycanlı obrazında varlığımızı sürdürməliyik".

Xalidə Gəray,

Musavat.com

03.10.2023 17:00
2469