Millət vəkili Fazil Mustafaya qarşı sui-qəsd cəhdi ilə bağlı saxlanılan Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov, Elşad Əsgərov, Səbuhi Şirinovun cinayət işi üzrə məhkəmənin ilk baxış iclası keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə deputat Fazil Mustafaya qarşı terror aktında ittiham olunan şəxslərin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.
Ötən il martın 28-də deputata evin qarşısında “Kalaşnikov” markalı avtomat silahından atəş açılaraq terror aktı törədilib. Musavat.com xəbər verir ki, iş üzrə hakim qarşısına Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov, Elşad Əsgərov və Səbuhi Şirinov çıxarılıblar.
Yanvarın 22-də keçirilən iclasda təqsirləndirilən şəxslər və onların vəkilləri Fazil Mustafanın məhkəmədə iştirakının təmin edilməsini istəyiblər.
Lakin Emin Əliyarovun vəkilləri - Kamandar Nəsibov və Sadiq Rəsulov Fazil Mustafanın prosesdə iştirak etməməsinə etiraz etməyiblər.
Hakim deyib ki, hazırkı mərhələdə Fazil Mustafanın iştirakı olmadan iclas davam etdirilir, lakin növbəti iclaslarda lazım olsa, Fazil Mustafanın iştirakı təmin olunacaq.
Daha sonra prokuror Orxan Kəngərli ittiham aktını elan edib.
İttihama görə, Azər Səricanov və digər təqsirləndirilən şəxslər İranın Rey şəhərində olarkən "Hüseyniyyun" qrupunun üzvləri ilə millət vəkili Fazil Mustafanın dini baxışlarına görə siyasi fəaliyyətinə son qoymaq, bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etməyi müzakirə ediblər.
Fazil Mustafa
Bu məqsədlə Fazil Mustafanın fəaliyyəti ilə bağlı sosial şəbəkədə gündəlik məlumatlar toplayıblar. Daha sonra terror aktını həyata keçirmək məqsədilə 2022-ci ildə “Kalaşnikov” avtomat silahı əldə ediblər.
Teror aktını həyata keçirmək üçün Rəşad Əhmədov 30 min ABŞ dollarını İrandakı dəstənin üzvlərindən qəbul edib və Qaradağdakı evinə gətirib. Plana əsasən o, həmin vəsaiti daha sonra Azər Səricanova verib.
Hadisədən əvvəlki vaxtlarda Səbuhi Şirinov Fazil Mustafanın yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsində yerləşən evi ətrafında müşahidələr aparıb. Azər Səricanov hadisədən öncə terror aktında istifadə ediləcək tapanca və avtomat silahı isə Səbuhi Şirinova verib. Daha sonra Elşad Əsgərov və Səbuhi Şirinov Fazil Mustafanın evinin yanına gəlib. Orada Səbuhi Şirinov Fazil Mustafaya 7 dəfə atəş açıb.
Nəticədə Fazil Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb.
Hadisədən sonra Azər Səricanov ona verilən 30 min ABŞ dollarını şəhərin müxtəlif istiqamətlərində milli valyutaya dəyişib. Bu puldan 15 min manatı Səbuhi Şirinova verib.
Dəstə üzvləri teror aktından başqa Azərbaycanda müxtəlif adreslərdə olan hərbi təyinatlı obyektlər barədə məlumatları İranda tanış olduğları xüsusi xidmət orqanları əməkdaşlarına ötürüb.
İttihama münasibət bildirən təqsirləndirilən şəxslər elan olunmuş ittiham üzrə özlərini qismən təqsirli biliblər.
Daha sonra təqsirləndirilən şəxslərdən Azər Səricanov ifadə verib. O bildirib ki, ittiham aktında yazılanlardan bəzi hissələrlə razı deyil. Amma Fazil Mustafanın odlu silahla vurulmasına özü göstəriş verdiyini təsdiqləyib. Bildirib ki, deputatın dinlə bağlı səsləndirdiyi fikirlərdən, sosial şəbəkələrdə imamlar haqqında yazdıqlarından qıcıqlanıb, onu cəzalandırmaq qərarı verib: “2019-cu ildən Fazil Mustafanın dedikləri, yazdıqları məni narahat edirdi"...
Azər Səricanovun sözlərinə görə, Fazil Mustafanın dini fikirlərilə bağlı müvafiq qurumlara şikayətlər göndəriblər, lakin baxan olmayıb. Onun sözlərinə görə, “Facebook”da onun özünə və oğluna da yazıblar: "Bunun da xeyri olmadı. Bütün bunlardan sonra şəxsi təşəbbüsüm ilə onu cəzalandırmaq qərarına gəldim. İrana gedib, millət vəkilini cəzalandıracaq şəxsin sonradan sığına bilməsi üçün yer axtardım. Bilirdim ki, başqa ölkələr həmin adamı Azərbaycana təhvil verərlər. Bu səbəbdən İranda özümə yer axtarmağa başladım. Oradan istədiyim formada cavab ala bilmədim. İrandan qayıdandan sonra Fazil Mustafa ilə bağlı araşdırma aparmağa, onun evinin yerini, hərəkət marşrutunu müəyyənləşdirməyə başladım. Daha sonra cinayəti icra edən Səbuhi Şirinovla tanış oldum. Mən adam axtarırdım. Məclislərdən birində Səbuhi ilə tanış oldum. Dedi ki, xüsusi təyinatlılarda MAXE olmuşam. O dəqiqə bildim ki, mənə lazım olan adamdır. Mən kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul idim. Səbuhiyə də məhsul verməyə başladım. Onunla Fazil Mustafa haqqında danışdım. Onda dedi ki, hamı zəncir çeynəyir onun əlindən. Ona dedim ki, ailəli adamsan, uşaqların var, get, bir həftə sənə vaxt verirəm. Bu barədə yaxşı fikirləş, bu iş oyuncaq iş deyil".
Təqsirləndirilən şəxsin sözlərinə görə, Səbuhi Şirinov bu işi üzərinə götürəndən sonra ona qayınatasından qalmış avtomat silah verib: "Tapşırdım ki, ailəsinin, uşaqlarının yanında hadisəni törətməsin. Çünki arvad-uşaq yanında bu cinayətin törədilməsinə mənim əqidəm yol verməzdi. Buna görə də hadisənin törədilməsi vaxtı bir qədər uzandı".
Azər Səricanov qeyd edib ki, məqsədləri Fazil Mustafanı öldürmək olmayıb, onu cəzalandırmaq istəyiblər: "Bu səbəbdən əvvəldən danışdıq ki, həyati əhəmiyyətli orqanlarına atəş açılmasın. Onun çiyninə dəyən güllə başına da dəyə bilərdi. Elə olmamağının səbəbi budur ki, onu öldürmək yox, cəzalandırmaq istəmişik. Səbuhi bu işi görəndən sonra bizə gəldi. Paltarlarını samovarda yandırdım. Bir qədər sonra Səbuhiyə 15 min manat pul verdim. Dedi ki, bu nə puldur. Bildirdim ki, bu sənin şirlinliyidir".
O, deputata qarşı cinayətin İrandan gələn sifarişlə törədilməsi, bu məqsədlə Rəşad Əhmədov vasitəsilə 30 min dollar ona çatdırılması barədə ittiham aktında yazılanları qəbul etməyib.
Azər Səricanov əlavə edib ki, avtomatdan başqa tapançası da olub. Həmin tapançanı 2022-ci ildə təqsirləndiriən Emin Əliyarovdan alıb. Millət vəkilinə qarşı sui-qəsd vaxtı təqsirləndirilən Rəşad Əhmədova verib. O da hadisə yerində olub.
Növbəti proses fevralın 16-da davam edəcək.
Qeyd edək ki, hadisə ötən ilin martın 28-də baş verib. Milli Məclisinin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında “Kalaşnikov” konstruksiyalı avtomat silahından atəş açılaraq terror aktı törədilib.
Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə), 228.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) və digər maddələri ilə cinayət işi başlanılıb.
Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarının keçirdiyi xüsusi əməliyyat nəticəsində Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov, Elşad Əsgərov, Səbuhi Şirinov həbs olunublar.
Növbəti məhkəmə baxış iclası fevralın 16-da keçiriləcək.
Elşən Məmmədəliyev,
Musavat.com