Deputat, Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Böyük Quruluş Partiyasının başqanı Fazil Musatafa “Yeni Müsavat”a geniş müsahibə verib.
İranda keçirilən president seçkilərinin nəticələrinə görə türk əsilli prezidentin ölkənin rəhbərliyinə gəlməsindən sonrakı gözləntilərini bölüşən, bu mövzuda olduqca maraqlı, uzun müddət polemikaya səbəb ola biləcək sensasion açıqlamalarla çıxış edən Fazil bəy Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkiləri barədə də ilginc fikirlərini bölüşüb, həmçinin ölkəmiz, xalqımızla bağlı onu narahat edən məqamlardan bəhs edib. Müsahibəni diqqətinizə çatdırırıq:
- Fazil bəy, türk əsilli Məsud Pezeşkianın prezidentlik dönəmi ilə bağlı bir çox analitiklərin, şərhçilərin nikbin proqnozlarına, gözləntilərinə - təbii ki, həm də Azərbaycanla münasibətlər baxımından – rəğmən, Sizin fərqli, bir az da pessimist ruhlu açıqlamalarınızı oxuduq. Həm də İranın ənənəvi siyasi xəttinin dəyişməyəcəyini əminliklə söylərkən burada hakimiyyətdən çox xalqın məsul, bəlkə də günahkar olduğunu dolayısı ilə söyləməyiniz yeni yanaşma olduğu qədər də, həm də ciddi ittihamdır. Axı İran seçicisinin ilk turda 60 faizi seçkiyə gəlməməklə ənənəvi siyasətə münasibətini ifadə etdi. Bütün bunlardan sonra doğrudanmı heç bir müsbət gözləntiyə dəyməz?
- Əslində mənim açıqlamam pessimist ruhlu deyil, son iki yüz ildə hamımızın bir yerdə tarix adlanan yeməyin içində aldatmağa çalışdığımız Azərbaycan insanını yenidən mövzu ilə bağlı sağlam düşüncəyə çağırış kimi anlaşılmalıdır. Məgər görmürsünüz ki, bizim cənub ədəbiyyatımız, cənub xəyallarımız Araz çayı üzərindən çəkilmiş sərhəd dirəklərinin sökülməsi ilə necə sürətlə suya düşdü? Coğrafi baxımdan demirəm, mənəvi dəyərlər baxımından biz niyə birləşə bilmədik? Milli ideya baxımından ortaq düşüncəyə nədən gələ bilmədik? O tay dediyimiz yerdə 5-10 faiz sosioloji təhlil üzərindən deyil, sadəcə duyğusal birlik aurasına özünü inandırmış şəxslər xaric, İran mərkəzli düşüncəyə sahib digər soydaşlarımız rejimin əsas dayağı olaraq özlərini tanıyırlarsa, illərdir biz cənub adlanan mifik bir məkana nəyi ixrac etməyə çalışmışıq? Oradakılar bizim müstəqillik ruhumuzu mənimsəmək yerinə din pərdəsi altında bizlərə öz köləlik ruhunu ufləyə bildilər.
- Maraqlı və fərqli yanaşmadır. Bəlkə, fikirlərinizi bir az da açıqlayasınız, konkretləşdirəsiniz.
- İlk öncə türkəsilli sifətindən başlayaq. Bizim Azərbaycanda nə qədər türkəsilli, ancaq İran, ərəb və ya rus qafalı azərbaycanlı var. Bizim savadsız milliyyətçilər tez-tez İran sözü əvəzinə fars epitetini işlətməyi xoşlayır, düşünürəm ki, bu, yanlışdır. Farslar böyük bir mədəniyyətin daşıyıcılarıdır və müasirlik baxımından bizim oradakı soydaşlarımızdan bir addım öndədirlər. Ən azı öz dilində təhsil almaq imkanına görədir bu. Təsəvvür edin ki, həmin farslar min illərdir ki, biz türkləri və ya türkəsilliləri öz yaratdıqları dini-ideoloji boyunduruğun altında hara istədilər, sürükləyirlər. Sadəcə tale üzümüzə gülüb ki, XIX əsrin başlarından bir Rusiya fəlakəti ilə qarşılaşdıq və bu fəlakət Qafqazda məskunlaşmış xalqımızın xeyrinə işlədi. Necə sel gəlib bir məkanı altını üstünə çevirir, çox şeyi alıb aparır, ancaq o məkandan həm də daha təhlükəli virusları təmizləyir, yeni toxumların əkilməsi üçün torpağı münbit hala gətirir, bizdə də eynən bu cür oldu. Axundov, Məlikov başda olmaqla irançılığın cəhalət virusundan özünü arındırmış Azərbaycan aydınları Rusiyanın mədəni qanunlarının verdiyi imtiyazlardan yararalanaraq, iranlı kimliyinə qarşı yeni və müasir bir azərbaycanlı kimliyini yarada bildilər. Yekun isə ənənəvi İran mədərəsələrinin antitezisi olan rus və Qərb məktəblərindən yetişmiş aydınların qurduğu milli və dünyəvi Cumhuriyyət! Bəs eyni cumhiriyyəti eyni türkəsillilər daha zəif və böyük güclərin tapdağı altında olan İranda niyə indiyədək qura bilmədilər?
Yaxud da türk əsilli olmayıb, Azərbaycan dövləti idealı üçün həyatını ortaya qoyan on minlərlə vətəndaşımız var. Türkəsilli olmaq bu gün bizim üçün xüsusi bir məna ifadə etməz, həmin türkəsillinin öncə çağdaş dəyərlərin daşıyıcısı olan insan olması lazım.
-Obyektiv səbəblər, rejimin sərt basqıları var, bunu nəzərə almırsınızmı?
- Bu gün farslar, kürdlər, bəluclar İranda demokratiyanın öncülləri, azərbaycanlıların böyük əksəriyyəti teokratik rejimin qoruyucularıdır. Məgər İran prezidentinin dəfnində Təbrizin ahu-naləsinin digər bölgələrdən daha ucadan gəldiyini görmədiniz? Bu gün dünyəvi dövlətimiz üçün ən böyük təhlükə nə rusdur, nə erməni, nə ərəb, nə də farsdır, Arazın o tay-bu tayında irançı zehniyyətin daşıyıcısı olan azərbaycanlılardır. Bunların aldadıcı cəhəti də budur ki, guya milli-mənəvi dəyərimizi qorumaqla məşğuldurlar. Bizim milli -mənəvi bir dəyərimiz var, o da dünyəvi, sekulyar Azərbaycan dövləti. Bu dünyəvi dövlətin də bir antitezisi var: cəhalətə, xurafata, nadanlığa imtiyaz qazandıran dini-ideoloji düşüncə tərzi.
Bizim milli kökümüz eynidir, qardaşıq, ancaq milli ideyaları bir-birinə zidd olan qardaşlarıq. Ana dilində təhsili olmayan əhəmiyyətli sayda soydaşlarımızın uzun illər bu cəhalət modusunu dəyişməyəcəyini üzülərək vurğulamalıyıq.
- Bəlkə, islahatçı Məsud Pezeşkianın gəlişi ilə bəxt on milyonların üzünə güləcək, oyanış da sürətlənəcək...
- İranda bir türkəsillinin prezident seçilməsi tarixi qanunauyğunluq idi. Çünki İranın teokratik sisteminin qorunmasında, modernləşmənin əngəllənməsində ən böyük güc türklərin kəmiyyət çoxluğudur. Bu çoxluğu mövcud rejimin qorunmasına yönəltmək indiki şərtlərdə çox vacib idi. Pezeşkian Qorbaçov ola bilərmi? Olmaz. SSRİ ilə müqayisə qüsurludur. Qorbaçovun üzərində İrandakı Ali dini liderə uyğun şəkildə Ali Kommunist dininin lideri yox idi, bu səbəbdən Qorbaçovun daha sərbəst manevr etmə imkanı vardı. SSRİ sərhədi qapadıb, qapalı həbsxanada süni bir nəzəriyyə əsasında yuxarıdan bir kommunist bandasının legitimləşdirdiyi bir rejim qurmuşdu. Və hələ internet əsri başlamamışdı, informasiyaya total nəzarət mümkün idi, ona görə SSRİ-ni dağıtmaq mümkün oldu.
Bizim mənzərəmizə də bir az ağıl işlədərək baxın: Azərbaycanda dünyəvi dövlət yüz ildir mövcuddur, hələ də insanlarımızın bir qismi üçün həmin dövlət mollanın, seyidin, falçının avtoritetidir, Ət ağanın cəddidir, Əli ayağı piridir, İmamzadə haqqıdır. Heç də arxayınçılığa qapılmayın, Üzeyir bəyin, Xudu Məmmədovun, Şirməmməd Hüseynovun, Adil İsgəndərovun, Azad Mirzəcanzadənin dünyəvi dövlətini qoruyanların sayı azalan kimi, onların sözü dövlətin sözündən daha kəsərli olmağa başlayacaq!!! Dünyəvi dövləti qoruyacaq ictimai institutların sıradan çıxmasının acı nəticələri ötən əsrin sonlarında İranda baş verənlər və bu əsrin əvvəllərində Əfqanıstanda baş verənlər üzərindən bizə ibrət olaraq hələ də anlaşılmamaqdadır. İrandakı dini rejimi də insanların duyğuları legitimləşdirib, onun sütunu əsrlərdir öz yaşadığı cahilliyi din olaraq görən çoxluğun iradəsidir. Hansısa molla liberal görünüşdə insanların gözlərinin zövqünü dəyişə bilər, ancaq insanın içində tutduğu yanlış inanclar dəyişmədikcə, bu məkanda bir şeylər yeniləşməz. Əfqanıstanda nə Amerikanın, nə də rusun işğal vasitəsi ilə gətirmək istədiyi sekulyarlığa xalqın böyük əksəriyyəti nəinki dəstək verdi, hətta bu dəyişimə qarşı silaha sarılıb illərlə ölüm-dirim mübarizəsi apardı. Talibanı legitimləşdirən həmin xalqdır, böyük çoxluq bu yaşam tərzindən zövq alır. Az sayda aydınların isə nə İranda, nə də Əfqanıstanda düşüncələri dəyişməyə gücü yetməz. Çünki bu toplumlar tarixdən dərs əvəzinə, dərd almağı həzzə çevirmişlər. Bu cür ölkələr ancaq mütərəqqi işğal faktı ilə üz-üzə qaldıqda yeni dünyaya giriş edə bilərlər. Ona görə də seçkiyə gəlməyən 60 faizin əksər hissəsinə sadəcə teokratik rejimin ətalətli dəstəkçiləri kimi yanaşılmalıdır.
- Pezeşkian dövründə İranın Türk Dövlətlər Təşkilatında ən azı müşahidəçi statusu ilə iştirakı realdırmı?
- İranın Türk siyasi birlik modellərinin həndəvərində dolaşmaq niyyəti ola bilməz. Bu, mahiyyətcə doğru bir istək də deyil. Çünki bu dövlət özünü həm İslamın içində, həm də Türk dünyasının çevrəsində ayrıca bir model olaraq görür. İran teokratik-ideoloji bir dövlətdir, bu cür addım onlar üçün məzhəbçi-teokratik rejimin inkarı anlamına gələrdi. İranın yeni seçilmiş prezidentinin aparacağı ən böyük islahat orada yaşayan xalqlara, xüsusilə də türklərə və kürdlərə ana dilində məktəb açmağa imkan yaratmaqdır. Yalnız oradakı savadlı xalq bizim dünyəvi dövlətə sağlam münasibət sərgiləyə bilər. Ancaq prezidentin sağduyulu şəxs olması bölgə dövlətləri ilə, o cümlədən Azərbaycan və Türkiyə ilə daha praqmatik iqtisadi münasibətlərin qurulmasına imkan yarada bilər. Faktik olaraq son vaxtlar İran Ermənistan siyasətində əvvəlki canfəşanlığı etmir və bölgənin reallıqları ilə hesablaşmağa meyilli görünür. Azərbaycanla görə biləcəyi birgə layihələr çoxdur. Naxçıvana dəhliz, su bəndlərində istifadə, iqtisadi sahədə əhatəli əməkdaşlıq münasibətlərimizin sağlamlaşdırılması üçün geniş imkanlar yaradır. Bu gün bizi ikitərəfli əməkdaşlığın bütün parametrləri qane edir, yeni prezidentin sadəcə sağlam yanaşması kifayətdir ki, bütün problemləri rahatlıqla çözək. Biz Azərbaycan olaraq İranın nə çalxalanmasını, nə xaos yaşamasını qətiyyən istəmirik, sadəcə islahatlar yolu ilə sanksyalar məkanından çıxaraq dünya ilə inteqrasiyasına maraqlıyıq. Çünki İrana yönəlik sanksiyalarım müəyyən təsirini Azərbaycan hiss etməkdədir.
- Son məlumatlardan belə aydın olur ki, İrandakı səfirliyimiz yaxınlarda fəaliyyətini bərpa edə bilər. Ondan sonrakı dönəmi yeni səhifə saymaq olarmı? Pezeşkian dövründə İrandakı səfirliyimizə, yaxud sizə cənubdan təhlükələrin yönəlməsi mümkündürmü?
- Səfirliyimizin Tehranda öz fəaliyyətini bərpa etməsi heç şübhəsiz münasibətlərin yumşalması deməkdir. Pezeşkian təbii ki, qonşu dövlətlə hər hansı bir xoşagəlməz münasibətin yaranmasını istəməz. Mən heç düşünmürəm ki, o vaxt səfirliyə hücum, yaxud da şəxsimiz qarşı sui-qəsd əməli də keçmiş president Rəisinin iradəsi ilə həyata keçirilib. Çünki bu cür addımlar dövlətin etibarlılığıa böyük zərbə vurur və heç bir prezident bunun öz adı ilə bağlanmasına razı olmaz. Açıq-aşkar İranda Azərbaycanla münasibətləri korlamaq, gərgin vəziyyətdə saxlamaq istəyən bir neçə əhəmiyyətli qüvvə var və görünür siyasi hakimiyyətin onlara təsir göstərmək imkanları məhduddur. Ermənistanla da əlaqələrin qardaşlıq səviyyəsinə qaldırılması bu amillə bağlıdır. Diqqət yetirin, Fransanın Azərbaycana qarşı atdığı addımlarla bunların davranışları arasında ciddi fərq görünmür. Pezeşkian bu qüvvəyə öz iradəsini diqtə edə biləcəkmi, bax, bunu irəlidəki proseslər göstərəcək. Çünki İranda rəsmi məqamlarda münasibətlərin düzəlməsinə maraqlı olan qüvvələrlə yanaşı, ermənipərəst qüvvələr də kifayət qədərdir və gələcək barədə tam ümidlə danışmaq çətinlik yaradır. Ancaq münasibətlərin yaxşılaşması hər iki ölkənin maraqlarına uyğun oluğuna görə hər bir halda optimist notlar üzərində köklənməmiz məqsədəuyğun olardı.
- Artıq parlament seçkiləri ilə bağlı proses başlayıb. Fazil Mustafa və Böyük Quruluş Partiyası parlamentdə neçə yerə iddialıdır? Sosial mediada sizin vitse-spiker olacağınız barədə yazılanları yəqin oxumusunuz...
- Parlament seçkilərinə hazırlıq partiyamız üçün çətin olmadı. Çünki bundan öncə ilin əvvəllərində bütün resurslarımızı daha ağır proses olan prezident seçkilərinə yönəltmişdik. Seçki qərargahımız bu kampaniyanı çox yüksək səviyyədə apardı. Müşahidəçilərdən tutmuş, seçki platformamıza qədər hamısını ciddi sistemləşdirə bildik. Ona görə də qarşıdakı seçkilərə partiya olaraq hərtərəfli hazırlıqlı sayıla bilərik. Parlament seçkilərinin spesifikliyi əsasən, namizədlərin dairələr üzrə optimal seçimini tələb edir, bu işi də artıq yekunlaşdırmaq üzrəyik. Birinci hədəfimiz BQP-nin parlamentdə təmsil olunması, ikinci hədəfimiz isə bir neçə namizədimizin seçkiləri qazanmasıdır. Artıq namizədliyimi I Sabunçu seçki dairəsindən irəli sürmüşəm, 35 nəfər partiya üzvümüzün də bu günlərdə namizədliyi bölgələr üzrə irəli sürüləcək. Hansısa vəzifədə adımızın hallandırılmasına isə seçkilər dövrünün ənənəvi media yaradıcılığı kimi yanaşıram. Şəxsən mənim özüm üçün müəyyən etdiyim bir amal var: bu millətin insanına sağlam düşüncəni aşılamaq. Bunu bir məqalə, bir çıxış, bir kitab və ya millət vəkili tribunasından etməyin elə bir fərqi yoxdur. Deputatlıq da, başqa hər hansı bir status da bu amal üçün bir vasitədir. Bir də parlamentdə hər hansı vəzifə tutmaq çoxluğu təşkil edən partiyanın və bitərəflərin dəstəyi ilə gerçəkləşə bilər. Çünki müxalifət partiyalarının təmsilçilərinin sayı çox azdır. Ancaq parlament demokratiyasının inkişafı baxımından VI çağırışda bir çox ilklərə imza atıldı. Azlıqda olan siyasi partiya təmsilçiləri parlament idarəetməsində vitse-spiker, komitə sədri və komitə sədrinin müavinləri vəzifələrinə seçildilər. Yəni kiminsə şəxsi mənada vəzifə tutmasından da önəmli bu prinsipin qorunmasıdır.
- MSK-dakı toplantıda Prezident köməkçisi Zeynal Nağdəliyev qanunsuzluq edənlərə xəbərdarlıq edib. Eyni xəbərdarlıq MSK sədri Məzahir Pənahdan gəlib. Həm də ortada prezidentin iradəsi var. Bu mənada 1 sentyabr seçkiləri, Azərbaycanın yeni dövrünün ilk parlament seçkisi hansı nümunələri ilə yadda qala bilər?
- Ölkə prezidentin birmənalı iradəsi ortada: Yeni dövrün yeni parlamenti qanunvericiliyə tam uyğun şəkildə formalaşdırılmalıdır. Bu iradəni də ayrı-ayrı dövlət məmurları xüsusi olaraq hər dəfə xatırladırlar ki, hamı öz məsuliyyətini dərk etsin. Seçkilərin bütün Azərbaycan ərazisində maneəsiz keçirilməsi bizim böyük qələbədən sonra mümkün olub. Ona görə də yeni formalaşan hər bir qurum bu qələbə ruhunu zədələyəcək addımlardan çəkinməlidir. Siyasi partiyaların əksəriyyəti seçkilərdə iştirak edəcəklərini bildiriblər, sağlam rəqabət mühitinin yaradılması da dövlət qurumlarının bilavasitə vəzifəsidir. Xalqın səsvermədə fəallığı çox vacibdir. Hər bir halda prezidentin yeniləşmə ilə bağlı çağırışlarına cavab verəcək səviyyədə bir parlamentin formalaşması ölkənin ancaq qazancı ola bilər. Çünki qarşıda ölkəmizi çox ciddi islahatlar gözləyir və burada ən böyük məsuliyyət də parlamentin üzərinə düşəcəkdir.
- Parlamentin tərkibində dəyişikliklər faizi haqqında ehtimalınız varmı? Ümumiyyətlə, sizcə, kimlər gedəcək, kimlər qalacaq, yaxud kimlər qalmağa haqq edirlər?
- Parlamenti dəyişəcək, yeniləşdirəcək bir fenomen var, o da əlahəzrət xalqdır. Təbii ki, heç bir qurum mütləq mənada bir-birini təkrarlaya bilməz, o cümlədən parlament. Yaşlısı var, səhhətində problem olanlar var, korporativ və ya dövlət maraqlarından özünü doğruldan-doğrultmayanlar var. Bu faktorların hər biri yeni seçkilərdə özlüyündən nəzərə alınmalıdır. Ancaq bir reallığı unutmamalılıyıq ki, burada hakim partiyanın irəli sürdüyü namizədlərin çeşidlənməsi ciddi əhəmiyyət daşıyır. Çünki çoxluğu təşkil edən partiya daha çox dəyişikliyə gedəcəksə, bu parlamentin həm say, həm də keyfiyyət görüntüsündə bariz şəkildə gözə çarpacaqdır. Müxalifətdən üç yuxarı, beş aşağı kimlərinsə seçilməsi Milli Məclisin say tərkibinə ciddi təsir göstərməyəcək. Fikrimcə təcrübə, bilgi, dövlət və vətəndaş mənafeyi üçün fədakarlıq kimi amillərə xalqımız seçim edərkən daha çox önəm verəcəkdir.
- Namizədlərinizi irəli sürərkən hansısa partiyaların namizədlərinə, yaxud bitərəf iddialılara güzəştiniz ola bilərmi? Yoxsa siz seçki məsələsində “hamıya bir gözlə” baxırsınız?
- Seçki hər şeydən öncə bir kompromis mədəniyyətidir. Bu məsələdə hər nə qədər partiya maraqlarımız öndə olsa da, Azərbaycan maraqlarına partiyalar üstü bir baxış həmişəki kimi aktualdır. Layiqli bir Azərbaycan övladına hansı partiya mənsubu, yaxud tərəfsiz olmasına baxmadan faydalılıq əmsalı ilə nəinki güzəşt, hətta dəstək də verə bilərik. Hakim partiyanın yaxud tərəfsizlərin layiqli və parlamentdə təmsilçiliyini faydalı hesab etdiyimiz namizədinə açıq şəkildə dəstəyimizi bildirməkdən də çəkinməyəcəyik. Çünki məmləkət məsələsindən söhbət gedir, məmləkət! Buna görə də dairələr üzrə hər bir siyasi cinahla dialoqa açığıq.
- Fazil bəy, necə bilirsiniz, Ermənistanla sülh əldə olunacaq, yoxsa bəzilərinin iddia etdiyi kimi, COP29-dan sonra erməni revanşçıları başa salmaq üçün növbəti qapaza zərurət yarana bilər?
- Ermənistanla sülh tarixi zərurətdir, bir qədər ləngiyə bilər, ancaq bu tarixi zərurətdən qaçmaq mümkün deyil. Sadəcə Ermənistan bu sülhün altına taxta-tuxta və ya xəzəl doldurmaq düşüncəsi ilə hərəkət edir, məsələni oldu-bitdi olaraq yekunlaşdırmağa çalışır. Azərbaycan isə məsələyə zəlzələyə dayanıqlılıq prizmasından yanaşır və sülhün altını hər cür təlatümə dayanıqlı beton zəminlə bərkitməyə çalışır. Ona görə də Ermənistanda Konstitusiyada dəyişiklik məsələsindən yapışırıq, məsələnin köklü həlli olmadan kövrək zəmində bağlanacaq sülh qalıcı olmaya bilər, onu böyük güclərin hərəsi bir tərəfdən laxlada bilərlər. Bunun COP29-la əlaqələndirilməsini ağlabatan hesab etmirəm, proses uzana da bilər, ancaq uzağı bir ilə yekunlaşması realdır.
- Fazil bəy, sizcə, bu gün ölkənin əsas problemləri hansılardır: taksi çatışmazlığı, yaxud bahalığı, avtobusda kondisioner problemi, vətəndaş məsuliyyəti çatışmazlığı, məmur özbaşınalığı, yaxud biganəliyi, yoxsa...
- Hər bir ölkənin cari problemləri olur. Bu problemlərin həlli üçün hökumətlər iş başındadır. Taksi qiymətini də, məşğulluğu da, avtobusda kondisioneri də, bahalığı da, hətta futbolu da qısa müddətdə ağıllı qərarlarla qaydaya salmaq olar. Bizdə ən ağırı və ildən-ilə həlli çətinləşən iki həyati problem var. Birincisi təhsil, ikincisi isə keyfiyyətli sağlamlıq problemləridir. Təhsilimizdə hər gün təkrarlanan yanlışlar ölkədə balansı cəhalətin, savadsızlığın, dövlətin təhlükəsizliyinə biganəliyin xeyrinə dəyişir. Təhsilə bu cür münasibət Meyxana Akademiyasının yaradılmasına gətirib çıxara bilər. Bunun ardınca da Mərsiyə Akademiyası özlüyündən gələcək. Sağlamlığa gəldikdə isə xəstəliklərdən erkən yaşda ölənlərin sayının artması, dərmanların keyfiyyətsizliyi kimi amillər hamımızı ciddi narahat edir. Yəni bu iki strateji məsələdə özümüz aldatmadan ciddi müzakirələr aparmalıyıq, sağlam alternativlər tapmalıyıq.
Elşad Paşasoy,
Musavat.com