Fazil Mustafa ona güllə atanın ömürlük HƏBSİNİ tələb edir

Bakı Apellyasiya Məhkəməsində deputat Fazil Mustafanın və həyatına sui-qəsd edənlərin apellyasiya şikayəti üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Musavat.com xəbər verir ki, iclasda hakimlər müttəhimlərin anket məlumatları ilə tanış olublar.

Onlara hüquq və vəzifələri izah edilib.

Fazil Mustafa onu güllələyən Səbuhi Şirinova verilmiş 20 il azadlıqdan məhrumetmə cəzasından narazıdır. O, Səbuhi Şirinovun ömürlük məhkum edilməsini istəyir. Məhkəmədə deputatı nümayəndəsi Əjdər Əhmədov təmsil edir.

Təqsirləndirilən şəxslər isə birinci instansiya məhkəməsinin hökmü ilə razılaşmırlar. Onlar apellyasiya şikayətlərində barələrindəki hökmün dəyişdirilməsini xahiş ediblər. Müttəhimlərdən bir neçəsinin vəkilləri məhkəmədə iştirak etməyib. Bu səbəbdən ilkin baxış iclasının davamı oktyabrın 7-nə təyin edilib.

Qeyd edək ki, deputata qarşı cinayət ötən ilin martında baş verib. Həmin vaxt deputat Fazil Qəzənfər oğlu odlu silahdan açılan atəşdən xəsarət alıb.

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) hadisəni terror aktı adlandırıb. Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisədə şübhəli bilinən 5 nəfər tutularaq istintaqa təhvil verilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azər Səricanov ömürlük, Səbuhi Şirinov 20 il, Rəşad Əhmədov 19 il, Elşad Əsgərov 18 il, Emin Əliyarov isə 4 il müddətinə azadlıqdan məhrum ediliblər.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

30.09.2024 17:51
1209