Falçılıqla məşğul olaraq dələduzluqda təqsirləndirilən Günəş Qasımovanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Musavat.com APA-ya istinadən bildirir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə hökm elan edilib.
Məhkəmənin hökmü ilə Günəş Qasımova 7 il müddətinə azadlıqdan məhrum olunub.
Qeyd edək ki, ittihama görə, Bakı şəhər sakini Günəş Qasımova Şirvan şəhərində falçı olduğunu bildirərək insanların problemlərinin həllində köməkliklər göstəriləcəyini vəd edib. O, aldatma yolu ilə zərərçəkmişlərin 50 000 dollarını və 15 min manatını dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunur.
Həmçinin hökmdə qeyd olunub ki, zərərçəkmiş şəxslər tərəfindən verilmiş mülki iddia qismən təmin edilib. Belə ki, iş üzrə zərərçəkmiş Vüsalə Qafarzadəyə 25 min 495 manat, digər zərərçəkmiş şəxs Arif Qafarzadəyə isə 91 min 401 manat maddi ziyan kimi ödənilməsi barədə qərar qəbul edilib. Hər iki zərərçəkmiş şəxsə mənəvi ziyan kimi ayrılıqda 2 min manat ödənilməlidir.
Günəş Qasımovaya Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi üzrə ittiham elan olunub və barədində həbs qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə Arif Firuz oğlu Qafarzadə və Vüsalə İnqilab qızı Qafarzadə zərərçəkmiş qismində tanınıblar.