"F-16"lar Ukraynada: Krım körpüsü bu yay dağıdılsa... - sülh şərtləri qəlizləşir

Atəşkəs əldə olunması çağırışları səsləndiyi vaxtda Zelenski "F-16" qırıcılarının gəldiyini videogörüntülərlə təsdiqlədi və savaşın şiddətli fazası başladı - təhlil 

Ukrayna prezidenti Volodimir Zelenski Kiyev vilayətindəki Vasilkov aerodromundan "F-16"ların videosunu yayımlayıb. “Yeni Müsavat” bildirir ki, o, "F-16" qırıcılarının respublika ərazisinə gəldiyini videogörüntülərlə təsdiqləyib. Onun sözlərinə görə, ukraynalı pilotlar artıq texnikadan istifadə etməyə başlayıblar. ""F-16"lar Ukraynadadır. Biz bunu təmin etdik”, - deyə Zelenski bildirib. O həmçinin ABŞ, Danimarka və Hollandiyaya Ukraynanın döyüş təyyarələrinin verilməsi xahişini qəbul etdiklərinə görə təşəkkür edib. İlk Ukrayna "F-16" qırıcıları qısa və orta mənzilli hava-hava raketləri ilə təchiz edilib. Təyyarələr pilotsuz təyyarələrə və qanadlı raketlərə qarşı mübarizədə istifadə olunacaq. Ukrayna artıq Qərb ölkələrindən 10 ədəd "F-16" qırıcı təyyarəsi alıb, ilin sonunda Kiyevə verilən "0F-16"ların sayı 20-yə çatacaq.  “The Economist” jurnalı bu barədə məlumat yayıb. Nəşr yazıb ki, Ukraynanın ümumilikdə Qərbdən 79 "F-16" alması gözlənilir. Bu qırıcı təyyarələrin qalan qisminin 2025-ci il ərzində mərhələlərlə çatdırılması nəzərdə tutulub. 

Rusiya qoşunları isə Kramatorsk və Toretskdə aktivləşiblər və Pokrovski istiqamətində fəal şəkildə irəliləyirlər. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Bildirilib ki, ötən gün ərzində cəbhədə Rusiya işğalçı qüvvələri ilə 103 hərbi toqquşma baş verib. Ruslar Ukraynada 42 hava hücumu həyata keçirib, 515 kamikadze pilotsuz uçan aparat buraxıb və hərbi mövqelərə və yaşayış məntəqələrinə 3400 hücum gerçəkləşdirib. Məlumatda ağır döyüşlər getdiyi vurğulanıb.

Ukrayna ilə bağlı sülh danışıqları ətrafında ziddiyyətli durum davam edir. Sözsüz ki, hamı sülh arzulayır. Amma hər ölkə, yaxud güc mərkəzi öz mənafeyi çərçivəsində. O cümlədən Kiyev qanlı müharibəyə son qoymaqda bəlkə də hamıdan çox maraqlıdır. Ancaq nəyin bahasına? Əsas sual budur.      “Ukraynalılar Rusiyaya qarşı qəhrəmancasına müqavimət göstərirlər, lakin müharibə artıq yekunlaşmaq üzrədir”. Belə bir açıqlamanı Macarıstanın müdafiə naziri Kristof Şalay-Bobrovnik verib. Onun sözlərinə görə, sülh Rusiyanın xeyrinə olacaq: “Mən bir əsgər kimi ukraynalıların qəhrəmanlıq və cəsarətli mübarizəsinə böyük hörmətlə yanaşıram, lakin sülh danışıqlarındakı səylər göstərir ki, müharibə sona yaxınlaşır”. Nazir hesab edir ki, Rusiya hərbi sənaye qura bilib və bununla da özünü lazımi səviyyədə sursat, canlı qüvvə və tanklarla təmin edib.

Doğrudanmı müharibə bitmək üzrədir? Aydındır ki, Ukrayna ABŞ başda olmaqla, kollektiv Qərb üçün nə İraqdır, nə də Əfqanıstan. Bu, Avropadır. Eyni zamanda Vaşinqton üçün onun dünyadakı imic məsələsidir. O zaman ABŞ sülhün Rusiyanın xeyrinə olmasına necə imkan verə bilər? İkincisi, Rusiya doğrudanmı hərbi sənaye qura bilib və bununla da özünü lazımi səviyyədə sursat, canlı qüvvə və tanklarla təmin edir? Üçüncü yandan, bəllidir ki, Qərb dövlətlərinin toplam hərbi sənaye potensialı Rusiyadan qat-qat böyükdür. Yetər ki, o hərəkətə gətirilsin. Gətiriləcəkmi, "F-16"nın davamı gələcəkmi? Bu arada Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov yaxın aylarda Krım körpüsünün dağıdılacağını mümkün saydığını deyib. O halda sülh danışıqlarını nə gözləyir?

Bəli, Ukrayna prezidenti Zelenski "F-16" qırıcılarının ilk partiyasının alındığını təsdiqləyib. Lakin bu il Ukraynanın 10-dan çox "F-16"dan istifadə edə bilməsi çətin məsələdir. Bu barədə “Nyu York Tayms” məlumat yayıb. “Qərbdən çoxdan gözlənilən reaktiv təyyarələrin gəlişi ölkənin müdafiəsini gücləndirməlidir, baxmayaraq ki, Kiyev döyüş meydanına dərhal təsir göstərmək üçün çox az təyyarə alıb”, - məlumatda bildirilib. Qeyd olunub ki, Qərb təyyarələrinin gəlişi Rusiyanın döyüş meydanında aylarla yavaş, lakin davamlı irəliləyişləri və ölkənin elektrik şəbəkəsinə sarsıdıcı hücumları ilə ukraynalıların zəifləmiş əhval-ruhiyyəsini qaldıracaq: “Bu təyyarələrin gəlməsi həm də rus pilotlar üçün yeni təhlükə yaradacaq və onları cəbhədə hücumlardan çəkindirməyə kömək edəcək. "F-16"ların Ukraynanın Rusiya raketlərini vurmaq qabiliyyətini də yaxşılaşdıracağı gözlənilir. Bununla belə, mütəxəssislərin fikrincə, təlim keçmiş pilotların çatışmazlığı və məhdud sayda "F-16" Kiyevə döyüş meydanına dərhal təsir imkanı vermir”.

Qabil Hüseynli özünü öldürən qazidən danışıb, ağladı - VİDEO Pravda.az

 Qabil Hüseynli

Professor Qabil Hüseynlinin “Yeni Müsavat”a bildirdiyinə görə, müharibə dayanmayacaq, "F-16" qırıcılarının tədarükü də bunu təsdiqləyir. Onun fikrincə, masaya oturulması üçün perspektiv görünmür, çünki şərtlər qəbul olunmur: “Rusiya işğal etdiyi ərazilərin onun tərkibində qalmasını və Kiyevin Alyansa üzvlükdən imtinasını tələb edir. Buna Zelenski razı olmayacaq. Əgər danışıqlar dövründə şərtlər dəyişərsə, sülh üçün fürsətlər yarana bilər. Hazırkı şərtlər isə alçaldıcıdır və kapitulyasiya çağırışıdır. İkincisi, Ukrayna üçün ikinci sülh konfrasında Rusiyanın iştirakı gözlənilsə də, Peskov bunun gündəmdə olmadığını açıqlayıb. Deməli, Moskva müharibənin ən azı noyabra qədər uzanmasında maraqlıdır. Kreml ümid edir ki, Tramp qalib gələcək və danışıqlar platformasında Rusiyanın maraqlarına uyğun yeni şərait yaranacaq”. 

Q.Hüseynli hesab edir ki, "F-16" qırıcıları müharibəyə yeni rəng qatacaq və qarşıda daha şiddətli döyüşlər gözlənilir: “Peskov onu da deyir ki, bu qırıcılar cəbhədə heç nəyi dəyişməyəcək. Rus analitikləri isə əmindir ki, bu qırıcıların qarşısına S-300, S-400, S-500 kimi sistemlərlə çıxa biləcəklər. Mən isə buna əmin deyiləm və düşünmürəm ki, Rusiya duruş gətirə biləcək. Ona görə də Çeçenistan prezidenti Kadırov "F-16" qırıcıları haqda danışarkən deyib ki, əlimizi düyməyə basa bilərik. Yəni dünyanı nüvə bombası ilə təhdid edir. Ancaq bu da blefdir və müharibə güclənəcək. Kollektiv Qərb Rusiyanı strateji məğlubiyyətə uğratmaq üçün bu prosesdən kənara çəkilməyəcək. Rusiyanın resurslarının tükəndirilməsi üçün bu mübarizə davam edəcək”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

06.08.2024 10:50
1172