Əziz Ələkbərli: “600 qəbiristanlıqdan cəmi ikisi salamatdır”

Milli Məclisin iclasında çıxış edən deputat, Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli bildirib ki, COP29 yaxınlaşdıqca vahid mərkəzdən idarə olunan anti-Azərbaycan qüvvələrin ölkəmizə qarşı təzyiq və hücumları güclənməkdədir.

Musavat.com xəbər verir ki, deputat əlavə edib:

“Azərbaycanın suveren əraziləri Ermənistan tərəfindən 30 il işğal altında saxlananda susan ölkələr, beynəlxalq təşkilatlar bu gün boğazları cırıla-cırıla insan haqlarından, bir ovuc erməninin geriyə qayıdış hüququndan danışır. Həm də bunu Qərbi Azərbaycan qaçqınlarının indiki Ermənistandakı doğma evlərinə qayıdış məsələsinin üstündən riyakarcasına sükutla keçərək edirlər. Bəs onların hər vəchlə müdafiə etdikləri Ermənistanda nə edirlər?”

Əziz Ələkbərli Ermənistanda Qərbi azərbaycanlıların izlərinin itirilməsi ilə bağlı konkret faktları sadalayıb:

“Biz, iki nəfər alim bu günlərdə sonuncu deportasiya zamanı tərk etmək məcburiyyətində qaldığımız Qərbi Azərbaycan ərazisindəki 300-ə yaxın yaşayış məntəqəsinə aid 600 qəbiristanlıqla bağlı tədqiqatımızı başa vurmuşuq. Bu qəbiristanlıqlardan 450-dən çoxu yer üzündən tamamilə yox edilib. 150-yə yaxınının dağıdılmış qalıqları müşahidə edilməkdədir. 600 qəbiristanlıqdan cəmi ikisi - Amasiya rayonunun Qaranamaz və Kalinino rayonunun Cücəkənd qəbiristanlıqları hələlik salamatdır, vəssalam! Təsəvvür edin, 600 qəbiristanlıqdan cəmi ikisi! Hazırda 3 qəbiristanlıq üzərində iş gedir: Vedi rayonunun Şidli, Zəngibasar rayonunun Sarvanlar və Rəncbər kəndlərinin qəbiristanlıqları üzərinə qum və torpaq verilərək izləri itirilməkdədir. Basarkeçər rayonunun 4 kəndində - Sarıyaqub, Daşkənd, Yuxarı Şorca və Canəhməd kəndlərində qəbiristanlıq ərazilərində tanklar üçün iri hərbi istehkamlar salınıb. Yuxarı Şorca və Canəhməd kəndlərindəki istehkamlar lap təzədir – 2024-cü ilin əvvəllərində salınıb. Basarkeçərin Zod və İnəkdağı kəndlərində də eyni vəziyyətdir”.

İcma sədri bildirib ki, bu arayışlar həmin 600 qəbiristanlığın hər biri haqqında, həm də bu gün ermənilərə havadarlıq edən ölkələrin özlərinin 1988-ci ildən əvvəlki və sonrakı dövrlərə aid peyk görüntüləri və digər təkzibolunmaz sübutlar əsasında hazırlanıb:

“Bütün bunlar bəşər tarixində analoqu olmayan vandalizm hərəkətidir və bunda təkcə Ermənistan günahkar deyil, həm də onu bu cinayətlərə sürükləyən, özünün Azərbaycanafob siyasətindən bu gün də əl çəkmək istəməyən dövlətlər günahkardır”.

E.Paşasoy,
Musavat.com

01.11.2024 12:02
332