1960-cı ilin may ayında Nikita Xruşovun dünya ictimaiyyətinə ünvanladığı bəyanat beynəlxalq müstəvidə böyük səs-küyə səbəb olub. Bəyanatda aşağıdakı ifadələrdə öz əksini tapıb:
“...Təəssüf edirəm ki, ABŞ prezidenti Duayt Eyzenhauer öz kəşfiyyatçılarının nə işlə məşğul olduğundan xəbərsizdir, yaxud da özünü xəbərsiz olduğu kimi göstərir. Amerikalı pilot SSRİ-nin hava sərhədlərini kəşfiyyat məqsədilə pozduğunu etiraf etdiyi halda, Eyzenhauer bu hadisənin havanın üçüş üçün uyğun olmadığından baş verdiyini söyləyir. İndi dünya şahidi oldu ki, bizimlə belə oyunlar oynamaq mənasızdır və dünya onun da şahidi oldu ki, biz Eyzenhauerin burnunu necə “ovduq”. Biz heç kimə imkan verməyəcəyik ki, qanunsuz olaraq sərhədlərimizi aşsın...”
Maraqlıdır, hansı hadisə SSRİ-ABŞ münasibətlərini yenidən gərginləşdirib?
1960-cı ilin mayın 1-də səhərə yaxın saat 5-45-də SSRİ-nin müdafiə naziri marşal Malinovski Xruşovu yuxudan oyatmaq məcburiyyətində qalıb. Nazir Xruşova Amerika Birləşmiş Ştatlarına məxsus U-2 təyyarəsinin heç bir xəbərdarlıq olmadan SSRİ-nin dövlət sərhədini pozduğu haqqında məruzə edib. Xruşov dərhal Kremlə yollanıb. Artıq 25 dəqiqədən sonra yüksəkçinlilər onun kabinetində hansı addımların atılacağını müzakirə ediblər.
Əldə olunan ilkin məlumata görə, təyyarə Pakistan istiqamətindən SSRİ-yə doğru istiqamət alıb, sərhədi Tacikstan tərəfdən keçib, SSRİ-yə giriş edəndə təyyarə 20 km hündürlükdə uçub. Nəzərə alınıb ki, zenit raketləri bu məsafədən onu vura bilməyəcək. Mütəxəssislər xüsusilə onu da qeyd ediblər ki, U-2 hərbi təyinatlı təyyarədir.
Bir saatdan artıq davam edən müzakirələrdə yekun qərar çıxarılıb. Xruşov Malinovskiyə göstəriş verib:
Bütün mümkün variantlardan, mövcud hərbi texnikalardan istifadə edərək təyyarə məhv edilməlidir.
Hava hücumundan müdafiə və hərbi hava qüvvələri əməliyyata başlayıb. MiQ-19-lar havaya qaldırılıb. Raket qurğuları işə salınıb. 8 raket atəşi cəhdindən sonra, nəhayət, saat 8-53-də hədəf məhv edilib.
Təyyarənin vurulması 57-ci zenit-raket briqadasının nəzarət etdiyi ərazidə baş verib. Briqada komandiri əməliyyatdan sonra müdafiə nazirinə “məxfi” və tam sürətli teleqram göndərib:
“Məruzə edirəm ki, sizin əmrinizə əsasən, SSRİ-nin dövlət sərhədlərini pozan U-2 təyyarəsi 1 may 1960-cı ildə Moskva vaxtı ilə saat 8-53-də məhv edilmişdir. Təyyarənin vurlması xüsusi cihazlarda öz əksini tapmışdır. Həmin təsdiq sənədləri əlavə olaraq sizə göndəriləcək.
Mayor Voronov”
Mühərrikin alışdığını görən təyyarənin pilotu Frensis Pauers özünü xilas etməyi bacarıb. Paraşütünün açılış düyməsini basmağa macal tapan pilot heç bir zədə almadan Svedlovskdan 30 km aralıda yerləşən Povarnya kəndi yaxınlığında yerə düşüb. Yerdə onu ilk olaraq bir neçə kənd sakini qarşılayıb. Partlayışın səsini eşitdikdən sonra onlar elə düşünüblr ki, paraşütdə enən sovet pilotudur və kömək məqsədilə ona yaxınlaşıblar. Az sonra isə yerli milis və DTK əməkdaşları hadisə yerində olublar.
Frensis Pauers Moskvaya aparılıb. Məlum olub ki, o, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşıdır. İlk dindirmə zamanı Pauers SSRİ-yə hansı məqsədlə “təşrif” buyurmasını gizlətməyib. Uçuşun məqsədi Sovet İttifaqının hərbi və sənaye obyektlərinin, o cümlədən Baykonur təlim poliqonunun və Arzamas-16 nüvə silahlarının inkişafı mərkəzinin fotolarını çəkmək olub.
Bu hadisə ABŞ-la SSRİ arasında növbəti gərginlik yaradıb. Amerika prezidenti pilotun uçuş üçün uyğun olmayan şəraitdə səhvən istiqamətini dəyişdiyini bəyan edib. SSRİ tərəfi isə pilotun ifadələrini, üstündə tapılan xəritə və digər sənədləri sübut kimi ortaya qoyaraq əsl həqiqəti bütün dünyaya nümayiş etdirib.
Pilotun Amerikada yaşayan valideynləri övladlarının əfv olunması ilə bağlı Xruşova müraciət ediblər. Həmin müraciətə Nikita Xruşov məktubla belə cavab verib:
“Sizə məlumat verməyi özümə borc bilirəm ki, sizin oğlunuz SSRİ qanunları ilə mühakimə olunacaq. Qanun qanundur və mən məhkəmənin işinə qarışmaq iqtidarında deyiləm...”
Beləliklə, amerikalı pilot sovet qanunları ilə mühakimə olunub. Məhkəmədə dövlət ittihamçısı qismində SSRİ-nin baş prokuroru Roman Rudenko çıxış edib. Məhkəmə Frensis Pauersi 10 il azadlıqdan məhrumetmə cəzasına məhkum edib.
1962-ci ildə ABŞ və SSRİ arasında əldə olunmuş razılığa əsasən, ABŞ-da 32 il həbs cəzasına məhkum olunmuş sovet kəşfiyyatçısı, polkovnik Rudolf Abellə Frensis Pauers dəyişdirilib.
İlham Cəmiloğlu, Musavat.com