Eyforiya və şantaj: “Bəs filan yeri niyə almırıq” – 86 600 kv\km ərazi yeddi sülaləmizə də yetər

İlk yayımlanma zamanı 12:44

Bu günlərdə Qarabağın ermənilər yaşayan şəhər-kəndlərinin boşalması və Azərbaycan dövlətinin nəzarətinə keçməsi ilə bağlı sosial şəbəkələrdə fikir bildirən bir nəfər xalqı təbrik etmiş və yazmışdı: “Nəhayət, Azərbaycanımızın ərazi bütövlüyü tam bərpa olundu”.

İlk baxışdan burada etiraz ediləcək, irad tutulacaq nəsə yoxdur. Doğrudan da 35 ildən sonra olsa da, ölkəmizin bağrındakı bədxassəli şiş kəsilib götürülüb, qiyamçı güruh ləğv edilib, itaətsizlik göstərən bir kimsə qalmayıb. Qarabağdan köçən ermənilər geri qayıdacaqsa da, Azərbaycanın qanunlarına riayət, dövlət orqanlarına itaət etməli olacaqlar.

Ancaq həmişə olduğu kimi, yenə də bir sıra, özlərini fikirə fikir bildirməyə mükəlləf sayan şəxslər qeyd edirlər ki, Azərbaycanın öz ərazi bütövlüyünü “tam təmin etməsi”ndən danışmaq düzgün deyil, çünki hələ tam təmin olunmayıb.

nocomment_38d884dc271009768a611e730ebc7040_r5i6tweb7vhgq2m0uyz4-640x336.jpg (58 KB)

Neçə vaxtdır yüksələn xəttə üzrə yayğınlaşmaqda olan bu rəyə qüvvət verənlər də var, “yarımçıq qalmış ərazi bütövlüyümüz”ün çatışmayan yerləri kimi Ermənistanda qalmış anklav kəndləri (8 kənd), Zəngəzurun, Göyçənin, İrəvanın adını çəkirlər. Hətta bir az qabağa gedib Borçalının, Dərbəndin, Təbrizin də bütöv Azərbaycana məxsus olduğunu, tarixi ədalətin bərpa edilməsini zəruriliyini qeyd edənlər var.

Bunu son 3 ildə əldə etdiyimizin qələbələrin eyforiyasına bağlayaraq, müvəqqəti ruh halı hesab etmək olar, amma bu fikirdə qəti olanlar və bundan mövcud hakimiyyətə qarşı “bəs filan yeri niyə almırıq” deyə istifadə etmək istəyənlər də var.

Belə adamlar ya bilmirlər, ya da özlərini bilə-bilə bilməzliyə qoyurlar ki, Azərbaycan Respublikasının ərazisi 86.600 kvadrat kilometrdir və istər BMT-də, istərsə də başqa beynəlxalq təşkilatlarda ölkənin “kupça”sında bu rəqəmlər ehtiva olunub.

Bundan artıq 1 kv\km-ə iddia etmək beynəlxalq qanunları pozmaq cəhdidir. Hələ bunu silah, zor yolu ilə təmin etməyə çalışmaq müharibə səbəbidir və hərbi cinayətə qol qoymaq deməkdir. Çünki o deyilən yerlərə sahib olan ölkələrin də “kupça”sında dəqiq rəqəmlər var və həm özləri, həm də beynəlxalq hüquq o dövlətin ərazi bütövlüyünü qoruyur.

Bunu bilə-bilə və ya bilməyə-bilməyə haranısa geri almaq barədə çağırışlar etmək avantürüstlikdir.

qedim irean.jpg (406 KB)

Düzdür, həmin yerlər vaxtilə bizim olub, oralarda uzun illər azərbaycanlılar yaşayıb və dominant olublar, kiçik feodal dövlətləri, hakimiyyətləri olub, ancaq ya vəlvələdən, ya zəlzələdən o tarixi nailliyət itirilib və 1918-ci ildə qurulan Azərbaycan Respublikasının ərazisi dünya birliyi tərəfindən məhz indiki sərhədləri daxilində tanınıb.

Başqa sözlə, nə İrəvan, nə Borçalı, nə Dərbənd, nə Ərzurum, nə də Təbriz heç vaxt Azərbaycan Respublikasının ərazisi olmayıb.

Bəzən İrəvanın 1918-20-ci ildə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ermənilərə verilməsi barədə iddialar səslənir. Əslində, isə söhbət “verilməsi”ndən yox, İrəvanın Ermənistanın paytaxtı kimi tanınmasından gedir. Azərbaycanın o vaxtkı rəhbərliyi sərəncamında bir diviziyalıq əsgər olmaya-olmaya artıq ermənilərin tutmuş, çoxluğu təmin etmiş və iqamətgah qurmuş İrəvanı erməni paytaxtı kimi tanımayıb nə edəcəkdi? ABŞ, Fransa, İngiltərə kimi güclü dövlətlər artıq Ermənistan dövlətini, paytaxtı İrəvan olmaqla tanımışdılar.

Hansısa bir şəhərdə, mahalda vaxtilə və hazırda bir millətin kompakt halda yaşaması o xalqın qurmuş olduğu böyük dövlətə haqq vermir ki, həmin ərazini özünə birləşdirsin. Elə bir şey olsa, dünya yenidən qarışar, azı 200 yeni münaqişə ocağı əmələ gələr.

qashqin.jpg (85 KB)

Ermənistan bunu etdi, xeyir tapdı? Yeddi də yox, yetmiş illikləri geri düşdü.

Hazırda Ermənistanın əlində olan anklavlarımıza, 8 kəndə gəlincə, bu məsələnin incəlikləri var.

Gerçəklik budur ki, bizim də əlimizdə Ermənistanın anklavı var və bu, Gədəbəy rayonunda yerləşən böyük əraziyə malik Başkənd kəndidir. O kənd elə bir coğrafi mövqedə yerləşir ki, biz kiçik kəndlərimizi alaraq onu Ermənistana geri versək, Şınıx zonasının 10 kəndi də avtomatik olaraq mühasirə vəziyyətinə düşür. Düzdür, bu kənd də bizim tarixi ərazimizdir və 1920-ci ildə Moskva tərəfindən haqsız olaraq Ermənistana verilib və bu cür də sənədləşdirilib.

İndi biz Ermənistanla anklavlar məsələsini müzakirə edib razılığa gəlsək, dörd bir tərəfi erməni kəndləri olan kəndlərimizi almalı, əvəzinə dörd bir tərəfi Azərbaycanın kəndləri olan Başkəndi ermənilərə verməliyik. Bu isə sonu görünməyən terrora, təxribata, ərazi mübahisəsinə, dərə-təpə savaşlarına rəvac verəcək. Ayrıca N qədər sərhəd tikmək, delimitasiya, demarkasiya işləri aparmaq lazım gələcək. Ona görə də əslində anklavlar məsələsini qaldırmaq və həlli yollarını tapmaq tərəflərin heç birinə sərf etmir.

klaviat.jpg (13 KB)

Bu baxımdan bəzən vətənpərvərlikdən doğan riqqət dolu ritorika, bəzən də hakimiyyətin bura qədər gördüyü işləri küçümsəmək üçün nifrətli diktə ilə “bəs filan yeri niyə almırıq” demək ciddi iş deyil.

Siyasi xadimlər düşməni əks-arqumentlə susdurmaq, çomağın o biri başını göstərmək məqsədi ilə belə şeylər deyəcəklər, amma bunlar strateji plan və ya yol xəritəsi deyil, reallığa gələndə o iddiaları gerçəkləşdirmək üçün addım atılmayacaq.

Biz də gərək təbliğatda, qarşı tərəflə polemikalarda bu arqumentlərdən yararlanaq, amma bunun həyata keçirilməsini tələb şəklində qoymayaq.

Bizə öz 86 600 kvadrat-kilometr ərazimiz bəsdir. Bunu əkib-becərsək, tikib-qursaq, haqq-ədalətin bərqərar olduğu məkana çevirə bilsək, yeddi sülaləmizə də yetər.

Araz Altaylı, Musavat.com

02.10.2023 19:50
4692