“Evlilik təklifinə görə 1 ay küsülü qaldım” – Aktyor ər-arvadla MÜSAHİBƏ

Lent.az-ın müsahibləri Akademik Musiqili Teatrın aparıcı aktyorları Gültac və Hüseyn Əlililərdir. Gültac Əlili Fəxri Mədəniyyət işçisi, Hüseyn Əlili Prezident mükafatçısıdır. Bu gün onların ikisi ilə birlikdə söhbət edirik. Görək ər-arvad olan sənətkarların səhnəarxası ömrü necə keçir?


- Dünən sizin teatrda iştirakınızla “Adamın adamı” tamaşasına baxdım. Düzünü deyim, Hüseyn də, siz də məni xeyli təəccübləndirdiniz.

Gültac - Bəzən aktyor ən xırda obrazda belə özünün istedadını göstərə diqqət çəkə bilir. Görünür, siz yaxşı tamaşaçısınız. Bu əsərin premyerası anşlaqla keçdi.


Hüseyn - Mənim üçün premyera, beşinci tamaşa, onuncu tamaşanın fərqi yoxdur. Tamaşaçı gəlib, oturub izləyirsə, eyni şövqlə ifa eləmək lazımdır.

- İkiniz də peşəkar aktyorsunuz. Eyni teatrda, eyni tamaşalarda oynayırsınız. İki qoçun başı bir qazanda necə qaynayır? Bir-birinizə tənqidi yanaşa bilirsiniz?

Hüseyn - Mən adətən Gültaca deyirəm, gəl otur mənim baxış tamaşalarıma bax, səhvlərimi de. Artıq-əskiklərimizi göstəririk. O ki, qaldı, iki qoçun başının bir qazanda qaynamasına, evə girdiksə teatr söhbətləri qalır kənarda. Qanunumuz var. Teatrı evə gətirmək qadağandır. Olmaz. Evdə o mənim xanımım, uşaqlarımın anasıdır. mən də onun əriyəm. 

- Rolların təsirindən tez çıxa bilirsiniz, yoxsa bu zaman alır?

Hüseyn - Mən tez çıxıram. Dünən “Palata”da ağlamaqdan gözüm şişmişdi, bu gün “Adamın adamı”na görə, qəhqəhə çəkirdim. Tərgəldini oynayıram, komik obrazdır. Amma elə tamaşalar var, ondan sonra bir neçə gün içim ağrıyır.

Gültac -  Etiraf edim ki, mən rolumun təsiri altında qala bilirəm. “Bir qadın” tamaşasından sonra saatlarla özümə gələ bilmirəm. Nə yalan deyim? O tamaşada tərəf müqabilim olan Əmrahla yaxın dostuq. Hər dəfə tamaşadan sonra könlümü alır, deyir o pisliyi sənə eləmirdim. Hər bu tamaşada hönkürürəm, tamaşaçıların qarşısına təzim üçün çıxanda gözlərim yaşlı olur. Bu istəməsəm də belə alınır. Hər dəfə deyirəm ki, ay Allah, güc ver ağlamayım. Bəzən ayağa qalxıb yeriməyə halım olmur. Hətta, o tamaşada əsəbiləşib Əmraha elə şillə vurmuşdum ki... Deyir, nə yaxşı o tamaşada öldürmək səhnəsi yoxdur, həqiqətən öldürərdin məni.

- Nazlı xanım obrazında çox sərt ədalı, əsəbi, yekəxana bir qadın obrazında idiniz. Hətta, sizə baxanda mən yorulurdum ki, insan belə yad bir xarakterə necə bürünər və bu xarakterdə özünü necə hiss edər? Həyatda necəsiniz, Nazlıya bənzərliyiniz var?

Gültac - Mülayim insanam. Amma işdə nə yalan deyim, bəzən gərgin oluram. Qarşımdakl insan işinə, mənə hörmətsizlik edirsə Nazlıya bənzər xarakter göstərə bilirəm. 

- Hüseyn bəy, siz evdə Nazlıya dözərdiniz?

Hüseyn - Yox, qətiyyən. Sakit insanam, amma səbir kasam doldusa, bitdi.

- Gəlin, sizi bir-birinizin dilindən eşidək. Birinci Gültac xanımdan başlayaq. Hüseyn, necə bir insan, necə bir aktyordur?

Gültac - Hüseyn çox tərbiyəli, mərhəmətli insandır. Mən onun qədər mərhəmətli insan tanımıram. Hüseynin tərbiyəsinə aşiq olmuşam öncə. Özü-sözü birdir. Ya var, ya yoxdur, onun üçün orta deyilən nəsə mövcud deyil. Bəyənmədiyi şeyə dərhal mimikası ilə cavab verir. Çox yaxşı atadır, ərdir. Biz öncə dostuq. Bizim üçün birinci hörmətdir. Hörmət olmayan yerdə sevgi olmur. Qadını döyür-söyür, gözünün altını qaraldır, sonra da deyir sevdiyimdən eləmişəm. Elə bir dünya yoxdur. Olduqca istedadlı, məsuliyyətli işini sevən adamdır. Teatrda bir Hüseyn Əlili imzası var, adı tanınır.

- Yəni, Hüseynin heç bir pis cəhəti yoxdur?

Gültac - Var. Zibil atmır. Evdə bunun üstündə davamız düşür (gülür). Deyirəm, sən atmırsan, uşaqlarına atdır. Müsbət cəhəti o qədər çoxdur ki, mənfi yadıma düşmür.

- Bəs bu ideal kişini qısqanmırsınız?

Gültac - Yox. O mənə bu fürsəti verməyib deyə qısqanmamışam. Bu hissi yaşamamışam, Allah yaşatmasın. Amma məndən yaxşısı olacaqsa, özü bilər. O zaman günahı özümdə axtararam.

- Məndən yaxşısı olsa getsin dediniz? Səmimisiniz?

Gültac - Axı ona  heç kim məndən yaxşı olmayacaq. İnsan xoşbəxt olmadığı yerdə qala bilməz. Bizim mübahisələrimiz də olur, küsmələrimiz də, amma əsasən daha çox mehribanıq. Çətinliyi aşa bilməyən adamlar məqsədsiz, heç yerdə qərar tutmayan adamlardır. Ailə olmaq fədakarlıqdır. Hər iki tərəfdən. Özündən qurban verəcəksən. Bir tərəfli olmur bu. Heç vaxt heç nədən sığortalanmamışıq. Amma mən ona deyirəm ki, sən məndən ayrılmadığın müddətcə mən sənin əlini buraxmaram. Biz nələrdən keçmişik. Bu gün ailəyiksə, burda bir əmək var.

- Bəs, Hüseyn bəy nə düşünür Gültac xanım haqqında?

Hüseyn - Gültac ailəsini sevən, sədaqətli, həyat yoldaşına hörmət edən bir xanımdır. O belə olduğuna görə bu gün mənim yanımdadır. Bir az kaprizli adamam. Xanımın əlində, dırnağında hətta bir balaca çirk varsa o mənim gözümdən düşür. Təmizkarlığı, analıq duyğusu, ailəyə sədaqəti mənim üçün idealdır. Əgər bir daha seçmək şansım olsaydı yenidən Gültacı seçərdim

Gültac - Savaba batdınız ha, heç bu xoş sözləri eşitmirdim (gülür).

-  Səhnədə bir-birinizi partnyorlarınıza qısqanırsınız?

Hüseyn - Qısqanmaq yoxdur. Sadəcə ikimiz də bilirik ki, müəyyən çərçivələr var, biz ondan çıxmamalıyıq. Məsələn, sevgini öpüşlə yox, əli tutmaqla da göstərmək olur.

- Bir-birinizi yaxşı tanıyırsınız?

Hüseyn - Mən Gültacı yaxşı tanıyıram. Gültac bir az kinlidir. Bir şey baş verəndə onu günlərlə uzadır, mən tez bağışlayan, mülayiməm.

- Küsəndə könlünü necə alırsınız Gültacın?

Gültac - 15 ildən sonra ilk dəfə 2 gün küsülü qalmışıq. Onda da könlümü alıb. Hüseyn həmişə hədiyyələr alıb. Bilir ki ən kiçik şeylərlə xoşbəxt olmağı bacarıram. Hüseyn məni bəsləyib, sevməyi öyrədib.

- Bunu necə anlayaq?

Gültac - Biz evlənməzdən öncə dost idik. Bir gün girdi otağıma dedi gəl evlənək. Dedim sən dəlisən? 1 ay küsülü qaldım ondan. O mənə sevməyi öyrətdi. 1 ayın içində elə qeyri adi sürprizlər edirdi, məəttəl qalırdım.

- Məsələn nə?

Gültac - Məsələn, dayımgil Günəşlidə yaşayır, ora getmişdim, səhər yuxudan ayıldım ki, yatağım, yatdığım otağın hər yeri qızılgüldür. Gül ləçəyi yox ha, güllərin özü. Dayımqızı ilə tanış olub səhər tezdən  gülləri ona verib, düzdürmüşdü otağa

 - Milyon-milyon qızılgül? Hüseyn, o qədər pulu haradan alırdınız?

Hüseyn -  Sübh tezdən, saat 4 də Sabunçu bazarına gedib topdan gülsatanlardan alırdım ki, ucuz başa gəlsin (gülürlər). Səhər altıda verirdim dayısıqızına.

Gültac - Bir dəfə demişdim mandarin sevirəm, kirayə qaldığım evdə ev sahibinə deyib gəlmişdi, bütün soyuducunu mandarinlə doldurmuşdu. Yəni belə-belə işləri var idi onun. O, məni sevdiyini sübut elədi. Bir dəfə dedim məni istəyirsənsə, barmağımda üzüyün olmalıdır. Gecə zəng vurdu ki, sabah atangilə, Gəncəyə elçi gedirik. Hüseynin mənə verdiyi nişan üzüyü indi də barmağımdan çıxarmıram. Pulunu mənə verirdi ki, yığım. Sonra birlikdə gedib seçib aldıq. O vaxt rəqs dərsləri deyirdi. Onun puluyla əl-ələ verib xonçaları doldurduq, toyumuzu etdik. İndi uşaqlar hərdən soruşurlar ki, ata sənin ürəyini necə alıb?

- Uşaqlarınızın neçə yaşları var? 

Gültac - Böyüyün 13, balacanın 9.

- Bayaq dediniz nələr çəkdik. Hüseynin ilk evliliyi başqa bir aktrisa olub və uzun illər sizi mediada yuva yıxan qadın kimi qiymətləndiriblər. Siz ailə olaraq həmişə susmusunuz. Bunu nəzərdə tuturdunuz?

Gültac -  Hüseynin bir sözünü çox sevdim. Deyir, o xanım nələr desə də, əsəbiləşsə də, həyat yoldaşım olub. Pis heç nə deyə bilmərəm. Hüseynə yaraşan da budur. Biz Ülviyyə xanımla rəfiqə olmamışıq, iş yoldaşı olmuşuq. Və teatrda evlənib boşanan, başqa aktyor və aktrisa ilə evlənən ilk biz deyilik. Elə aktrisalar var 3 aktyorla ailə qurublar, hər ərindən də  ayrı övladları var. Nə olub, elə hey bizi deyirlər, yazırlar. Bu gün o xanım da ailəlidir, xoşbəxt ailəsi var. Biz bir teatrda işləyirik. Münasibətlərimiz çox yaxşıdır. O balasını teatra gətirəndə biz sevib əzizləyirik. O da bizim uşaqların xətrini istəyir. Birgə səhnəyə çıxırıq, qucaqlaşırıq da . Amma bu dostluq demək deyil. Dostluq başqa bir şeydir. Allah mərdimazara lənət eləsin. “Gültac dostunun ailəsini dağıtdı, rəfiqəsinin  keçmiş ərinə ərə getdi” deyənlər bizim bir yerdə yeyib içdiyimiz görmüşdülər? O qədər ara qarışdıranlar olub. Toyumuza gəldiyinə görə gedib o xanımdan üzr istəyənlər də olub, adımın tamaşadan çıxarılmasına nail olanlar da. Amma əzdikcə mən daha da gücləndim. Hüseyni bir özəl kanal davamlı dəvət edirdi ki, gəl danış qalmaqal olsun. Getmədi deyə ona iki il həmin kanal efir qadağası qoydu.

Hüseyn -  Vaxtında danışmamışam deyə hamı elə bilib ki, günahkar mənəm. Biz şəkillərimiz paylaşanda bir də görürsən kimsə sosial şəbəkədə altına xoşagəlməz nələrsə yazır. Ay adam, sən bizi tanımaya-tanımaya niyə bunu edirsən? Onun öz həyatı, ailəsi, bizim öz həyatımız. Biz qalmışıq kənarda, bizim yerimizə danışırlar. Bizim bir-birimizlə problemimiz yoxdur, sən kimsən, niyə narahatsan?

-  Gültac, siz evlilik təklifi alanda Hüseyn subay idi?

Gültac -  Əlbəttə. Mən hörmətli, ziyalı bir ailənin qızıyam. Atam-anam başımdan keçməmişdilər ki, evli adama ərə verəydilər. 

Bu gün  teatrdan, ümumiyyətlə, yaradıcılığınızdan məmnunsunuz?

Hüseyn – Bəli. Tamaşaçı, sizin kimi jurnalistlər, tamaşalarımıza, rollarımıza baxıb, bizi itirib-axtarırsa, deməli əməyimiz hədər getməyib. Buna görə, hər kəsə minnətdarıq. Teatr isə bizim ikinci evimizdir. Özümüzü teatr olmadan təsəvvür etmirik. Kollektivdən də, rəhbərlikdən də məmnunuq.

09.10.2024 20:14
20692