Salyan rayonunda 1965-ci il təvəllüdlü Bəhruz qısqanclıq zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Zamirəni (adlar şərti verilib – red.) qətlə yetirib.
Musavat.com Teleqraf.com-a istinadən xəbər verir ki, Bəhruz 17 sentyabr 2023-cü ildə saat 20 radələrində 1976-cı il təvəllüdlü arvadı Zamirənin votsapda adını “Vaqner” kimi qeyd etdiyi Nəsimi ilə danışdığını görüb.
Bəhruz arvadının ona xəyanət etdiyini öyrəndikdə onunla mübahisə edib. Zamirənin sentyabrın 18-də gecə saat 2 radələrində evdən qaçmağa cəhd etməsindən əsəbiləşərək onu döyüb.
Zamirənin həmin tarixdə Daxili İşlər Nazirliyinin “102” xidməti-zəng mərkəzinə zəng edərək ondan şikayət etməsinə görə Salyan Rayon Polis Şöbəsinin təhqiqat bölməsində aparılan araşdırma zamanı arvadının ona xəyanət etməsi nəticəsində rüsvay olacağından və cəmiyyətdə qınaq obyektinə çevriləcəyindən narahat olub.
Sentyabrın 20-də gecə saat 2 radələrində təkrarən yaşadıqları evdə arvadının ona qarşı saymazyana hərəkətlər etməsi, evdə yüksək səslə musiqi dinləməsi və heç nə olmamış kimi davranmasından daha da əsəbiləşib.
Bəhruz Zamirəni boğaraq öldürmək qərarına gəlib. O, yaşadığı evdə spirtli içki qəbul edərək yüngül dərəcəli sərxoşluq vəziyyətində mənzilin dəhlizində yerləşən televizorun elektrik naqilini kəsib. Naqilin hər iki tərəfinə açıq ağızlı qayka açarını bağlayıb, şalvarının belinə salaraq üzərini əynindəki köynəklə örtüb. Sonra Zamirənin paltarlarını sahmana salmaq üçün birgə yaşadıqları mənzilin hamamına çağırıb. Belində gizlətdiyi naqili arxa tərəfdən qəflətən Zamirənin boynuna dolayıb. Onu boğaraq öldürüb.
İstintaq orqanı tərəfindən Bəhruzun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
“Şübhələnməyə başladım”
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Bəhruz ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Zamirə ilə 1995-ci ildə ailə həyatı qurub, birgə nikahlarından 1996 və 1997-ci il təvəllüdlü oğulları var: “Arvadım evdar qadın olub, heç bir yerdə işləməyib. Sentyabrın 17-də axşam saatlarında evdə olarkən oğlum Əli mənə zəng etdiyi üçün mətbəxə keçib onunla danışdım. Danışığımızı bitirdikdən sonra mətbəxdən çıxdım. Bu zaman mətbəxə bitişik yataq otağının qapısının tam bağlanmadığını, içəridən telefon işığının gəldiyini gördüm.
Yataq otağına girəndə arvadımın qulağında qulaqcıq olduğunu, telefonla nəsə etdiyini gördüm. Ondan nə etdiyini soruşdum. Yüksək səs tonu ilə əsəbi şəkildə “yutubda kliplərə baxıram, nə var ki burda” dedi. Zamirəyə heç nə demədim. Yorğun olduğum üçün 1 saat yatacağını, məni yuxudan 1 saat sonra oyatmasını və çiməcəyimi bildirərək otaqdan çıxdım.
Yataq otağımda özüm-özümə arvadımın niyə televizorda internet olduğu və orada videolara baxa bildiyi halda gizlin şəkildə telefonda video izlədiyini düşündüm. Ondan şübhələnməyə başladım”.
“Şərh yazdığını güman etdim”
Təqsirləndirilən şəxs qeyd edib ki, gizlincə Zamirənin olduğu otağa yaxınlaşıb və qapıdan baxanda yenə də otaqdan telefon işığının gəldiyini görüb: “Mən dərhal qapını açıb içəri daxil olan kimi Zamirə sürətli şəkildə telefonunu üzü üstə çevirərək qırağa qoydu və başını yastığa qoyub özünü yatmış kimi göstərdi. Mən otağın işığını yandırdım. Zamirdən niyə məni görən kimi telefonu kənara atdığını soruşdum. Bunu deyən kimi o öz telefonunu götürdü. Zamirədən telefonunu istədim. Telefonu verməyərək yüksək səs tonu ilə əsəbi şəkildə “neynirsən mənim telefonumu, öz telefonun var da” dedi. Ondan təkrar telefonu verməsini tələb etdim, telefona baxacağını bildirdim.
Zamirə “vermirəm” dediyi üçün ona 1 şillə vurdum. O, telefonu sinəsinə ataraq yataq otağının pəncərəsindən qonaq otağına keçməyə cəhd etdi. Onu pəncərədən tutaraq geri dartıb telefonu əlindən aldım. Zamirəni isə çarpayının üstünə yıxdım.
Telefonun ekranına baxanda “Tik-tok” sosial şəbəkəsində 2 nəfər “Allah saxlasın” şərhini yazdığını gördüm. Zamirənin nəvələrinin şəklini internetə yerləşdirdiyini, buna görə də həmin şəxslərin rəy yazıdığını güman etdim”.
“Telefonu almağa çalışdı”
Bəhruzun sözlərinə görə, votsapda “Vaqner” adı ilə cavabsız zəng gəldiyini görüb, bundan başqa Zamirənin telefonunun səssizə qoyulduğunu görüb: “Buna görə daha da əsəbiləşdim. Zamirədən həmin şəxsin kim olduğunu soruşdum. Zamirə “Tik-tok” sosial şəbəkəsində özünə hesab açdığını, orada videolar paylaşdığını, “Vaqner” adlı şəxsi tanımadığını bildirdi.
Zamirənin telefonunu götürərək hamama getdim. Hamamda “Vaqner” adlı şəxsin təkrar zəng etdiyini görərək ona cavab verdim. Həmin şəxs mənim səsimi eşidəndə dərhal telefonu söndürdü. Hamamdan çıxıb Zamirədən həmin şəxsin kim olduğunu, onun niyə gecə vaxtı zəng etdiyini soruşdum. Zamirə dəfələrlə mənə gah yalvararaq, gah fiziki zor tətbiq etməyə çalışaraq telefonu əlimdən almağa çalışdı. Təkidlə telefonu almağa çalışdıqca, daha da əsəbiləşdim və şübhələrim artdı”.
“Ya özünü, ya da məni öldürəcəyini bildirdi”
Bəhruz qeyd edib ki, daha sonra təxminən gecəyarısına qədər həmin telefona 36 dəfə “Vaqner” adlı şəxsdən votsap proqramından və mobil telefon nömrəsinə zənglər gəlib: “Zamirə məndən telefonu ala bilmək üçün qaçaraq mətbəxdən bıçaq götürdü. Mənə hədə-qorxu gələrək telefonu qaytarmayacağım təqdirdə ya özünü, ya da məni öldürəcəyini bildirdi.
Zamirəyə yaxınlaşaraq bıçağı əlindən almaq istəyəndə sağ əlim və qarın nahiyəm kəsildi. Lakin xəsarətləri yüngül olduğu üçün əhəmiyyət vermədim. Bıçağı Zamirədən alıb kənara tulladım. Bundan sonra arvadım qaçaraq qapıdan çıxmağa cəhd göstərdiyi üçün onun ayaqlarına bir neçə dəfə təpiklə zərbələr vurdum ki, yerində otursun. Çünki qaçmaq üçün mənə müqavimət göstərmişdi. Onu öz yataq otağında otuzduraraq özümə məxsus “Samsung” markalı telefonla videoya çəkməyə başladım”.
“Arvadıma şans verdim”
Təqsirləndirilən şəxs qeyd edib ki, bundan sonra Zamirə “tik-tok” sosial şəbəkəsində bir nəfər tanımadığı şəxslə tanış olduğunu, onunla telefonda dəfələrlə danışdığını etiraf edib: “Ondan nə səbəbə görə başqa kişi ilə tanış olduğunu soruşdum. Bu zaman Zamirə “burda nə var ki, şəkil paylaşıram, baxış sayım çoxalır, mənə də orada olan şəxslər mesaj yazırlar” dedi.
Zamirınin dediklərini videoya çəkərək qeydiyyata aldım. Həmin vaxt telefona təkrar zəng gəldiyi üçün Zamirəyə özünün təmiz olduğunu sübut etməsi üçün şans verdim və həmin şəxslə telefonda danışmasını istədim. O da sakit danışacağını bildirdiyi üçün telefonun zəngini açdı. Bu zaman Zamirə bərk qışqıraraq “telefonu ver, deyirəm sənə” dedi və həmin şəxs telefonun Zamirədə olmadığını başa düşüb dərhal söndürdü”.
“Yatmağa çalışdım”
Təqsirləndirilən şəxs deyib ki, daha sonra özü öz nömrəsi ilə “Vaqner” kimi qeyd olunan şəxsin nömrəsinə zəng edib: “Telefona cavab verən olmadı. Arvadımın atası Nərimana zəng etdim, evə gəlməsini istədim. Nəriman saat 01.00-da bizə gəldi. Ona qızının başqa şəxslə telefonda tanış olub danışdığını bildirdim. Atası da qızının onu biabır etdiyini dedi.
Nərimanla söhbət edən vaxt Zamirə dəfələrlə atasına bildirdi ki, telefonu məndən alsın. Zamirənin telefonda həmin şəxslə danışıqları və ya başqa SMS yazışmaları olduğu üçün onları silmək məqsədilə telefonu almaq istədiyini güman etdim. Nərimana qızını özü ilə aparmasını təklif etsəm də, Zamirə getmək istəmədi.
Nəriman getdi. Mən öz yataq otağıma girdim və yatmağa çalışdım”.
“Bizi tək qoymadılar”
Təqsirləndirilən şəxs bildirib ki, təxminən saat 2 radələrində arvadının ayaq səslərinə oyanıb və onun paltarını dəyişərək evdən çıxmaq istədiyini görüb: “Zamirədən nə etdiyini soruşdum. O isə “sənə nə var, mən bu evdə qalmıram, səndən boşanacam” deyərək qapıdan çıxmaq istədi. Onun əynindəki gödəkçəsindən tutub blokdan evə saldım və sürüyərək yataq otağına apardım. Əlindəki çantaları da götürüb otağa qoydum. Ona səhərin açılmasını gözləməsini, özümün onu atasının evinə aparacağımı bildirdim.
Təxminən saat 5 radələrində Zamirənin telefonla danışdığını “noldu, niyə gəlmirsiz, bəlkə birini burda öldürəcəklər” dediyini eşidim. Onun danışığından hiss etdim ki, Zamirə Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edib.
Təxminən 30 dəqiqə sonra polis əməkdaşları evə gələrək Zamirədən ərizə aldılar. Həmin vaxt da Zamirə polislərdən məndə olan telefonu almalarını istədi. Polislər ona telefon almaq kimi bir səlahiyyətlərinin olmadığını dedilər.
Polislər çıxıb getmək istəyəndən Zamirə onlarla birlikdə getmək istədiyini dedi. Ona icazə verməyəndə mənimlə münaqişə yaratmağa başladı. Mübahisə etdiyimizi görən polislər bizi tək qoymadılar. Onların dəvəti ilə polis maşınına minib şöbəyə getdik”.
“Özümü barışmış kimi göstərdim”
Bəhruzun sözlərinə görə, həyətdə polis maşınına minəndə hava yağışlı olub və arvadının modelini, markasını bilmədiyi telefonunu əncir ağacının altına atıb: “Polis şöbəsində təhqiqatçı Akif müəllim bizdən izahat alaraq araşdırma apardı. Məndən telefonun harada olduğunu soruşdu. Telefonun evdə qaldığını dedim.
Akif müəllim telefonu gətirib təqdim etməyimi istəyəndə evə gedərək qoyduğum yerdən telefonu götürdüm və şöbəyə çatanda oğlum Əlinin orada gördüm. Telefonu oğluma verdim.
Akif müəllim telefonu istədiyi üçün oğlum telefonu gətirdi. Mən telefonu görəndə onun sınıq vəziyyətdə olub. Əlidən nə olduğunu soruşdum. Əli telefonu yerə çırparaq sındırdığını bildirdi. Zamirə oğlanlarım Faiq və Əli ilə şöbədən çıxdı. Mən isə qardaşlarım Zakir və Qasımla birlikdə çıxdım.
Sonra oradan çıxaraq təkcə evə getdim. Evə gələndən sonra Əlidən niyə telefonu sındırdığını soruşdum. Onlar anaları ilə danışdıqlarını, telefonda heç bir şey olmadığını, məsələni yoluna qoyduqlarını bildirdilər. Mən oğlanlarıma heç nə demədim və özümü Zamirə ilə barışmış kimi göstərdim. Həmin gün və ondan sonrakı gündə Zamirə ilə heç bir söz danışmadım. Aramızda heç bir mübahisə olmadı”.
“Arvadımı boğdum”
Təqsirləndirilən şəxs qeyd edib ki, sentyabrın 19-da saat 08.00-da evdən çıxaraq işə gedib: “Oğlum Əli isə məndən sonra saat 9 radələrində zəng edərək evdən çıxdığını, Bakı şəhərinə gedəcəyini bildirdi. İşdə olanda bütün günü arvadımın mənə xəyanət etdiyini fikirləşib əsəbiləşdim. Saat 20.00-da işdən çıxıb evə gəldim.
Evdə Zamirənin qonaq otağındakı televizorda yüksək səslə musiqi qoşduğunu, məni qarşılamadığını, heç nə olmamış kimi evdə gəzdiyini, mənim yanımdan saymazyana keçdiyini gördüm. Mətbəxdə yemək hazırlaylb mənə verəndə yeməkləri yemədim. Özüm mətbəxdən xiyar, pomidor götürdüm, soyuducuda olan arağı stola qoydum.
Araqdan 200 qram içəndən sonra musiqinin səs-küyü, arvadımın saymazyana hərəkətləri, 102 xidmətinə zəng etdiyini, polis şöbəsində biabır olmağım məni qıcıqlandırdı. Zamirəni öldürmək qərarına gəldim.
Gecə saat 2 radələrində dəhlizdə olan kiçik ekranlı televizorun kabelini bıçaqla kəsdim. Kabelin hər iki tərəfinə qayka açarı bağladım. Kabeli şalvarımın belinə saldım, köynəyimi üstünə örtdüm ki, arvadım görməsin. Hamama girib arvadımı çağırdım. Orada olan paltarları yerbəyer etməsini istədim.
Zamirə hamama girib özünü qapıya tərəf çevirdi və aşağı əyildi ki, yerdə olan paltarları götürsün. Şalvarımın belində gizlətdiyim şunuru götürərək onun boğazına doladım və ayağımla onun kürək nahiyəsindən basaraq boğdum. Zamirənin müqavimət göstərmək imkanı olmadı. 4-5 dəqiqə boğazındakı kabeli sıxaraq saxladım. Onun ağzından və burnundan qan gəldiyini gördüm. Sonra boğazındakı naqili boşaltdım, artıq tərpənmirdi.
Öldüyünə əmin olduğum üçün onu yerə uzatdım. Daxili İşlər Nazirliyinin 102 mərkəzinə zəng etdim, hadisə barədə məlumat verdim. Qardaşım Zakirə də zəng elədim. Hadisə baş verdiyi zaman evdə heç kim yox idi”.
İş üzrə Zamirənin telefon və sosial şəbəkə üzərindən danışdığı şəxs müəyyən edilib və onun da ifadəsi alınıb. Həmin şəxs ifadəsində göstərib ki, Zamirəni təxminən 3-4 aydır tanıyıb, “Tik-tok” sosial şəbəkəsində “Eldəniz Shukurlu” adı altında qeydiyyatdan keçib, təxminən 2023-cü ilin iyun-iyul aylarında bir-birlərini izləməyə başlayıblar:
“Zamirəyə mesaj yazdım və bir-birimizi daha yaxından tanımaq məqsədilə söhbətlərimizi bir müddət davam etdirdik. Danışıqlarımız zamanı Zamirə mənə boşanmış olduğunu desə də, əri Bəhruzla bir evdə yaşadığını bildirdi. Mütəmadi olaraq “Tik-tok” və votsap tətbiqində danışdıq. Bir dəfə 2023-cü ilin iyul ayında Bakı şəhəri, Qaradağ rayonu Sahil qəsəbəsində dəniz kənarında görüşdük.
Görüşdən 1 həftə sonra Əli özünə məxsus xatırlamadığım nömrədən zəng etdi. Əvvəlcə onu tanımasam da, o özünü Zamirənin oğlu kimi təqdim edəndən sonra məndən Zamirənin evli olduğunu bilib-bilmədiyini soruşdu. Mən də Zamirənin boşandığını, evli olduğunu bilmədiyimi dedim.
Əli mənə anası ilə tam əlaqəmi kəsməyimi tapşırdığı üçün Zamirə ilə münasibətlərimizi azaltmağa başladım.
Zamirə mənə ayrılacağım təqdirdi özünü öldürəcəyini dediyi üçün onunla əlaqəni tam kəsə bilmədim. Onun özünə qəsd edəcəyindən qorxdum. Sonuncu dəfə 2023-cü il avqust ayının ortalarında telefonla danışmışıq. Prokurorluğa çağırıldıqdan sonra Zamirənin 20 sentyabr 2023-cü ildə əri Bəhruz tərəfindən öldürüldüyünü öyrənmişəm. Bəhruzun Zamirəni nə səbəbə görə öldürdüyünü bilməmişəm”.
Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Bəhruz 9 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.