Evlənənlərin dörddə biri boşanır - səbəblər, dünya ilə müqayisə...

Ekspert: “Qeyri-rəsmi nikahlar və boşanmalar statistikada əksini tapmayıb, əslində vəziyyət olduqca təhlükəlidir”

2022-ci il ərzində ölkədə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 61939 nikaha daxilolma və 15983 boşanma halları qeydə alınıb. Ədliyyə Nazirliyindən (ƏN) “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, 2022-ci ildə qeydiyyat orqanlarında 2.134 Azərbaycan vətəndaşının əcnəbi ilə nikahı dövlət qeydiyyatına alınıb. Rəsmi məlumata görə, nikahlardan 1067-si Azərbaycan vətəndaşı olan qadınlarla xarici ölkə vətəndaşı olan kişilər arasında, 1067-si isə Azərbaycan vətəndaşı olan kişilərlə xarici ölkə vətəndaşı olan qadınlar arasında bağlanıb. Azərbaycan vətəndaşlarının əcnəbilərlə nikaha daxil olması zamanı vətəndaşlarına üstünlük verdikləri ölkələr də açıqlanıb. Bildirilib ki, əcnəbilərlə azərbaycanlıların nikahının qeydə alınması zamanı ilk beşlikdə Rusiya, Türkiyə, Gürcüstan, Ukrayna və Qazaxıstan vətəndaşları qərarlaşıb. Nazirliyə əcnəbilərlə pozulan nikahların sayına dair ünvanladığımız sorğunun cavabında bildirilib ki, bu istiqamətdə artıq statistika aparılmadığından müvafiq sualın cavablandırılması mümkün deyil.

Qeyd edək ki, Ədliyyə Nazirliyinin açıqladığı sonuncu statistikaya əsasən, 2019-cu ildə əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə bağlanmış 187 nikahın pozulması halı qeydə alınıb. 2018-ci ildə belə boşanmaların sayı 149, 2017-ci ildə 195 olub. 2019-cu ildən sonra əcnəbilərlə bağlanmış nikahların pozulması statistikası yenilənməyib.

Evlənənlərlə boşananların sayını müqayisə etdikdə bəlli olur ki, ailə quranların təxminən dörddə biri - 25 faizə qədəri boşanır. Bu rəqəm dünya ölkələrində necədir? Azərbaycanda boşanmaların sayının artması nə ilə bağlıdır? Bəs ilbəil xarici nikahlar genefondumuza necə təsir edir? Bunda bir narahatlıq varmı?

Yeri gəlmişkən, Dövlət Statistika Komitəsinin hesabatında bildirilir ki, 2022-ci il ərzində ölkədə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 61939 nikaha daxilolma və 15983 boşanma halı qeydə alınıb. Qeyd olunub ki, əhalinin hər 1000 nəfərinə 2021-ci illə müqayisədə nikahların sayı 5,6-dan 6,1-ə qədər artıb, boşanmaların sayı isə azalaraq 1,7-dən 1,6-ya düşüb. Nikah səviyyəsi Qarabağ (7,1), Mil-Muğan və Şərqi Zəngəzur (6,9), Dağlıq Şirvan (6,8), Bakı şəhəri, Mərkəzi Aran və Şirvan-Salyan (6,4), Şəki-Zaqatala (6,3), Qazax-Tovuz və Quba-Xaçmaz (6,2) iqtisadi rayonlarında ölkə göstəricilərindən yüksək olub.

Sosial şəbəkələr həyatımızda nələri DƏYİŞDİ...

 Lalə Mehralı

Sosioloq Lalə Mehralı mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, əslində statistikaya düşən rəqəmlər rəsmi şəkildə nikah bağlayıb və rəsmi formada boşanan ailələrin statistikasıdır: “Hamımıza məlumdur ki, qeyri-rəsmi evlənən, sadəcə, vətəndaş nikahında yaşayan, sonradan vətəndaş nikahından ayrılan cütlüklər də var. Bu statistikada özünü əks etdirmir. Əgər bunu da statistikaya əlavə etsək, onda boşanma statistikasındakı faiz şkalası təbii ki, yüksələcək. Bu da böyük bir təhlükənin astanasında olduğumuzun göstəricisidir. 25 faizin üzərində danışacaq olsaq, bu göstərici nə müsbət, nə də mənfidir. Dünya ölkələri ilə müqayisə etsək, orta göstəricidir. Misal üçün, ötən ilin statistikasında İspaniya liderlik edirdi. Orada 65 faiz boşanma qeydə alınmışdı. Son iki ildə Kanadada boşanma səviyyəsi 39-40 faiz arası olub. Almaniyada bu, 40-45 faiz olub. Ümumiyyətlə, dünya sosioloqları Avropa ölkələrində boşanma nisbətinin artmasını mənəvi deqradasiyanın nəticəsi kimi dəyərləndirir. Dünya üzrə ən az boşanma nisbəti Hindistandadır. Əhalisinin sayına görə rekord statistikadır, 1 faiz boşanma qeydə alınıb. Bu, onların inanclarından irəli gələn bir məsələdir. Bir dəfə nikah bağlayırsansa, ömrünün sonuna kimi o nikahı davam etdirməlisən. Daha sonra Çilidə boşanma statistikası 3 faizdir. Qonşu Türkiyədə 22 faiz, İranda 20-21 faiz arasında dəyişir. Türkiyədə mən statistikanın daha yüksək olduğunu düşünürəm. Çünki orada dini nikahla evlənənlər, elə İranda da siğə ilə, dini nikahla evlənənlərin sayı çoxdur. Təbii ki, onların statistikası aparılmır və açıqlanan statistikaya daxil edilmir. Ona görə hesab edirəm ki, hər iki ölkədə statistik məlumatlar yüksək ola bilər. Azərbaycandakı vəziyyətə gəlincə, yenə də əhali sayına görə boşanmaların sayı təhlükəli rəqəmlərdir. Təbii ki, sosial-iqtisadi, psixoloji vəziyyətlərin hər biri boşanmaya təsir edir. Amma mütləq qaydada bunun qarşısı alınmalıdır. Bu cür davam etsə, gələcək Azərbaycan üçün ailə institutu, sadəcə, əfsanələrdə qalacaq”.

Nəzərə çatdıraq ki, 2019-cu il sentyabrın 5-də “Mediasiya prosesinin həyata keçirilməsi Qaydası” təsdiq edilib. Ər və arvad boşanma üçün məhkəməyə ərizə ilə müraciət etməzdən  öncə mediasiyadan keçməlidir. Mediasiya prosesi, mediator tərəfindən mübahisənin məhkəmədən kənar həll yoludur. Bu proses tərəflərin barışma niyyətinin olub-olmamasından asılı olmayaraq, həyata keçirilməlidir. Mediasiyadan keçmək üçün ər və arvad hər ikisi, tərəflərdən biri müraciət etdikdə isə qarşı tərəfə təklif göndərdikdən sonra mediasiya şurasına ərizə ilə müraciət edir. Ərizədə prosesin keçiriləcək mediasiya təşkilatı, mediator eyni zamanda vaxt və gün göstərilə bilər. Vaxt və gün təyin edildikdən sonra tərəflərin iştirakı ilə mediasiya prosesi həyata keçirilir. Mediasiyanın nəticəsindən asılı olaraq, tərəflər arasında mübahisə barışıq yolu ilə həll olunduğu zaman barışıq sazişi bağlanılır. Barışıq sazişi imzalanmadığı təqdirdə, mediator tərəfindən verilən mediasiyada iştirakı təsdiq edən sənəd iddia ərizəsinə əlavə olunaraq, məhkəməyə verilir. Qeyd edək ki, mediasiyaya müraciət edən tərəf 50 manat mediasiya rüsumu ödəməlidir.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

 

23.02.2023 11:40
1154