Ekspertlər hesab edir ki, ətin bahalaşmasına səbəb təkcə heyvan əti istehsalında damazlığın inkişaf etdirilməməsi və ya əhalinin sayının artması deyil
Hesablama Palatası yerli istehsalın bazası olan damazlıq heyvandarlığın lazımi səviyyədə inkişaf etdirilməməsini ölkədaxili ət və ət məhsullarının qiymətlərinin optimallaşdırılmasına mane olan əsas amil hesab edir. Palata bu qənaətə ət və ət məhsulları bazarında apardığı auditdən sonra gəlib.
Auditin bu istiqamətdə nəticəsi kimi aşağıdakılar qeyd oluna bilər:
Satış qiyməti idxal qiyməti ilə müqayisədə daha əlverişli olan yerli istehsal heyvan toxumlarının müvafiq standartlar üzrə kənar (müstəqil) sertifikatlaşdırılması mexanizminin tətbiq edilməməsi yerli toxumun keyfiyyətinə əminlik yaratmamaqla müvafiq fermer təsərrüfatlarının yerli istehsallı heyvan toxumuna üstünlük verməməsini və həmin toxumların idxal olunmasını şərtləndirib, yerli heyvan toxumunun və yerli toxumnan alınan damazlıq heyvanların və heyvandarlıq məhsullarının ixracı perspektivlərini məhdudlaşdırıb.
Ölkədəki mayalana biləcək iribuynuzlu heyvanların çox az bir hissəsinin (14,6-15,8 %-nin) süni mayalanmaya cəlb edildiyi, süni mayalanma ilə doğulan buzovların sayının ölkədəki mayalana bilən müvafiq heyvanlara nisbətinin hər 100 iribuynuzlu heyvana qarşı orta hesabla 8,8-ə bərabər olduğu və doğulan buzovların təxminən 50%-nin erkək olmaqla qısa müddətli bəslənmə dövründən sonra ət istehsalı üçün kəsimə getdiyi şəraitdə süni mayalanmanın faktiki əhatəliliyi ilə ölkə üzrə heyvandarlıqda cins tərkibinin yaxşılaşdırılması (optimallaşdırılması) üçün 20 ildən çox müddət tələb olunur ki, bu da mövcud süni mayalanma işinin (mexanizminin) bir o qədər də səmərəli və nəticəli olmadığını deməyə əsas verib.
2019-2023-cü illəri əhatə edən məlumatlara əsasən, 5 illik dövr ərzində iribuynuzlu və xırdabuynuzlu heyvanların diri halda idxalı 68,4 % artıb, ət halında idxalı müəyyən intervallarda olmaqla kəskin fərqlənməyib, ölkə əhalisinin sayının 200 min nəfərdən çox artımı şəraitində mal, qoyun, keçi ətinin və ət məhsullarının adambaşına düşən illik istehlakı sabit qalıb, ölkədə iri və xırda buynuzlu heyvanların sayının 11,7% azalması şəraitində mal, qoyun və keçi əti istehsalı 8,3% artıb ki, bu da ölkədaxili tələbatın diri halda idxal edilən heyvanların kəsimi hesabına ödənilməsi səviyyəsinin nə qədər yüksək olduğunu göstərməklə xaricdən xəstəliklərin ölkəmizdə yayılma risklərinin artması, damazlıq heyvandarlıq sahəsində irəliləyişlərə nail olunmaması və idxaldan asılılığın azaldılmamasından xəbər verir.
Dövlət dəstəyi mexanizmini tənzimləyən mövcud hüquqi aktların şərtlərinə əsasən damazlıq heyvanın dəyərinin güzəşt məbləği alıcı qismində yalnız müvafiq tələblərə cavab verən damazlıq təsərrüfatları üzrə maliyyələşdirilməli olduğu nəzərə alınmaqla zəruri maddi-texniki bazaya və praktiki vərdişlərə malik olsalar belə minimum say normalarına cavab verməyən mikro və kiçik fermer sahibkarların həmin dövlət dəstəyindən faydalanması imkanı tamamilə məhdudlaşdırılıb ki, bu da bir tərəfdən damazlıq heyvandarlığın regional inkişafında, digər tərəfdən regional məşğulluğun dayanıqlığının təmin edilməsində, eləcə də heyvandarlıq məhsulları üzrə özünütəminetmə səviyyəsinin və nəticə etibarı ilə satış qiymətlərinin tədricən optimallaşdırılmasında səmərəliliyin və nəticəliliyin yüksəldilməsini təşviq etməyib.
Qeyd edək ki, son aylarda ətin qiymətində ciddi bahalaşma müşahidə edilir. Sentyabrın əvvəlində də qiymət artımı davam edib. Belə ki, əvvəllər ətin qiyməti 15-16 manat idisə, indi 20 manat olub. Quzu ətinin qiymətinin isə 19-21 manat arasında dəyişdiyi bildirilir.
Ekspertlər bu bahalaşmanın qışda da davam edəcəyini bildirirlər. Hesab edilər ki, bahalaşmanın qarşısını almaq üçün hökumət təcili tədbirlər görməlidir. Tədbir isə ondan ibarət olmalıdır ki, örüş yerləri heyvandarlıqla məşğul olan sahibkarlara qaytarılmalıdır. İşğaldan azad olunan ərazilərdə minalardan təmizlənmə prosesinə daha çox diqqət ayrılmalıdır ki, həmin ərazilərdəki örüş sahələri açılsın və bu örüş sahələrindən fermerlərimiz tam gücü ilə istifadə edə bilsin.
Bəs iqtisadçılar Hesablama Palatasının ətin bahalaşmasına verdiyi izahatı inandırıcı sayırmı?
Xalid Kərimli
İqtisadçı ekspert Xalid Kərimli mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, ölkədə 2015-2016-cı illərdə saxlanılan xırdabuynuzlu heyvanların sayı 8,7 milyon idi. Hazırda son statistikalarda bu rəqəmlər 7,7-7,8 milyondur: “Azalmanın çoxlu səbəbləri var. Əvvəllər mal-qara ətraf sahələrdə otlayırdı, boş sahələr çox idi. Əkinçilik çoxaldıqca bu cür otlaq sahələri azalır. Bundan başqa, örüş sahələrinin şoranlaşması da baş verir. Ağdaşa, Ucara, Yevlağa gedəndə yolun qırağındakı torpaqların ağappaq olduğunu görürük. Heyvan orada necə otlaya bilər? Kəndli də məcbur olur ki, mal-qarasını ev şəraitində, tövlədə saxlasın. Bu da daha çox xərc deməkdir. İntensiv təsərrüfatlarda da xərc artımı var, heyvanları otlaq sahələrində yox, sırf intensiv yemlə bəsləyirlər. Heyvandarlıqla məşğul olmaqdansa, gəlib Bakıda fəhləlik edirlər, gedib Moskvada meyvə satırlar. Gəlir aşağı olduğuna görə insanlar qoyun saxlamaqla həyatını keçirmək istəmir. Palata deyir ki, damazlıq aşağı düşüb. Bununla kim məşğul olmalıdır?
Ölkədə kənd təsərrüfatının əhəmiyyətli hissəsi özəlləşdirilib. Bunu özəl sektora məcbur edə bilməzsən. Digər bir məqam əhalinin də sayının çoxalmasıdır, gəlirləri də artıb. Fermerlər də məhsulu daha baha sata bilirlər".
Ekspert idxaldan asılılığın azaldılmamasına da fikir bildirib: “İdxalın olması çox müsbətdir. Əksinə, idxal olmasa, qiymətlər daha fantastik səviyyəyə qalxar. Qiymətlərin artması imkan verir ki, fermerlər, sahibkarlar bu işin gəlirli olduğunu görüb, bu işə investisiya qoysunlar. Dərman xərcləri, işçilik xərcləri artıb. Qiymətlərin artması bazarın özünün tənzimləməsi prosesidir. Burada inzibati addımlarla nə isə etmək mümkün deyil. Kənd Təsərrüfatı Nazirliyi qlobal problemlərlə məşğul olsun. Su təminatı səviyyəsi çox bərbaddır. Sahibkar, fermerlərin ən çox əziyyət çəkdiyi problemdir. Otlaqların şoranlaşması, irriqasiya, meliorasiya problemləri sahibkarlara problem yaradan məsələdir. Fermerlər nəyi, nə cür edəcək, özləri qərar verir. Qiymətlərin qalxması fermerlər üçün əlverişlidir, çünki məhsullarını daha baha satırlar. İdxalçılara da şərait yaradılmalıdır ki, idxalı gətirsinlər, bazarda qiymət o çərçivədə formalaşsın”.
Akif Nəsirli
İqtisadçı Akif Nəsirli mediaya açıqlamasında deyib ki, ölkədə ətin bahalaşmasına səbəb təkcə heyvan əti istehsalında damazlığın inkişaf etdirilməməsi deyil: “Başlıca səbəb bu deyil. Düzdür, bizim südlük, ətlik heyvanlarımızın məhsuldarlığı kifayət qədər aşağıdır. Amma məhsuldarlığı aşağı olan heyvanlar baş sayına görə daha çox becərilirdi və yerli tələbatın çox hissəsini qarşılayırdı. Bununla belə, heyvandarlıqla məşğul olan fermerlərin örüş sahələri daralıb, ona görə də heyvanların sayı sürətlə azalır.
Ölkəyə ətlik, südlük heyvanlar gətirsək və ya seleksiya yolu ilə yeni heyvanlar alsaq, belə indiki problemlər fonunda yerli ət istehsalını inkişaf etdirmək mümkün deyil. Damazlığı inkişaf etdirməyin iki yolu var. Xaricdən uyğun cinslərin idxal edilməsi və ölkə daxilində məhsuldar heyvanların yetişdirilməsi... Xaricdən heyvanların alınmasına vəsait ayrılır, amma həmin heyvanlar artıq təsərrüfatlarda yoxdur, çünki dövlət vəsaiti mənimsənilir. Bu da onu göstərir ki, bir ölkədə korrupsiya davam edirsə, bütün sahələrdə inkişafa yönəlik işlərin səmərəsi aşağı olacaq".
Afaq MİRAYİQ,
“Yeni Müsavat”