Elçin Rəşidov: “Həddindən çox taxıl istehsalı ətçiliyə mane olur”
“Azərbaycanda istehlak olunan ətin təxminən 5-də 4-ü daxildə istehsal olunur, digər hissəsi isə başqa ölkələrdən ixrac olunur. Ölkə daxilində ətin qiyməti dünya bazarı ilə tənzimlənir. Hazırda dünya bazarında ətin qiymətində oynamalar müşahidə olunur Onların təsiri Azərbaycandan da ötüşməyib”.
Bunu Musavat.com-a açıqlamasında iqtisadçı ekspert Elçin Rəşidov deyib. Onun sözlərinə görə, istehsal 15 faiz artsa və ya 30 faiz azalsa, bu ölkə daxilində ətin qiymətinə təsir etməyəcək. Ətin qiyməti dünya bazarında formalaşır və bu Azərbaycanda ətin qiymətinə təsir edir.
Elçin Rəşidov
“Ölkəmizdə ətin istehsalını artırmaq üçün hazırda potensial var. İşğaldan azad olunmuş ərazilər bunun üçün ən uyğun yerdir. Eyni zamanda kənd təsərrüfatı daha səmərəli qurulmalıdır. Hazırda kənd təsərrüfatında iqtisadiyyat üçün səmərəsiz, ayrı-ayrı monopolist şirkətlərin maraqlarına cavab verən sahələr var ki, onlar dövlət tərəfindən ciddi şəkildə subsidiyalaşdırılır. Buna pambıq, şəkər çuğunduru istehsalını nümunə göstərək olar. Taxıl strateji məhsul kimi dövlət tərəfindən ciddi şəkildə dəstəklənir. Lakin onun əkininin həddindən artıq çox olması və diqqətin həddindən artıq ona ayrılması digər sahələrə maneə yaradır. Taxılın həddindən çox istehsal olunması kənd təsərrüfatını inkişaf etdirməyə qoymur, ətçiliyin inkişafını aşağı salır. Bunlar nəzərə alınarsa, ölkə özünü ətlə təmin edə bilər. Bu, qiymət məsələsinə görə də vacibdir. Azərbaycanda həmçinin ətçilik istehsalı da müasir texnologiyalara uyğun qurulmayıb. Ölkənin iqlim şəraitinə uyğunlaşacaq sortlar yoxdur. Məsələn, İsrail Skandinaviya ölkələrində yetişdirilən inək sortlarını özünün iqliminə uyğunlaşdırıb və sortlar yaradıb. Bizdə isə bu baş verməyib. Ölkəmizdə yalnız qarışıq növlərdən istifadə olunur. Onlardan isə lazım olan məhsuldarlığı almaq olmur. Həmin heyvanların xəstəliklərə davamlılığı da çox aşağıdır. Dünya bazarında əti təklif edən və alan tərəflər var. Onların hər ikisi qiyməti dünya bazarı əsasında tənzimləyir. Təklif edənlə alan tərəfin daxili bazarında isə qiymət eyni olmur. Təklif edənin daxili bazarında qiymət kəskin şəkildə düşməyə başlayır. Ölkə ki, ətin xalis idxalçısından xalis ixracatçısına keçəndə qiymət daxildə kəskin düşür. Çünki idxal edəndə daşıma, sığorta, anbar xərcləri və gömrük rüsumu olur. Ölkəmiz hazırda istehlak olunan ətin 20 faizini idxal edir. Cüzi miqdarda da olsa, ixrac etməyə başlasaq, ətin qiymət 30-40 faiz düşəcək. Kənd təsərrüfatında iqtisadiyyat üçün zərərli sahələrdən imtina etmək lazımdır. Ölkə iqlimi üçün uyğun olan cinslər yetişdirilməlidir. Ətçiliyin düzgün texnologiyaları təşkil edilməlidir. İşğaldan azad edilmiş ərazilərin potensialı istifadəyə verilməlidir. Bu zaman ət istehsalımız 360 dərəcə inkişaf edəcək”.
Şahanə Rəhimli
Musavat.com