Fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. İndiyədək 7 nəfərin namizədliyinin irəli sürülməsi qeydə alınıb.
Bəzi siyasi partiyalar seçkilərdə namizəd irəli sürməsə də, mövqelərini açıqlayıb. Ayrı-ayrı tanınmış şəxslər də növbədənkənar prezident seçkilərində kimi dəstəkləyəcəkləri barədə açıqlamalar veriblər.
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) fəxri lideri, 1998 və 2003-cü ildə keçirilmiş prezident seçkilərində namizəd kimi iştirak edən Etibar Məmmədov da bununla bağlı Modern.az-a açıqlama verib.
Etibar Məmmədov seçkilərin niyə önə çəkildiyini bilmədiyini deyib.
"Niyə növbədənkənar seçkilərini təyin olduğunu deyə bilmərəm. Seçkiləri təyin edənlər bunun səbəbi ilə bağlı izahat verməyib", - o bildirib.
Siyasətçi növbədənkənar seçkilərdə Prezident İlham Əliyevin alternativinin, rəqibinin görünmədiyini vurğulayıb: "Hazırkı prezidentin indiki vaxtda alternativi, rəqibi görünmür".
Müxbirimizin "bəs siz kimə səs verəcəksiniz" sualına Etibar Məmmədov belə cavab verib:
"Dedim axı, hazırkı prezidentin alternativi yoxdur".
Qeyd edək ki, Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) seçkilərdə öz namizədi ilə iştirak etməmək barədə qərar qəbul edib. Partiyanın Siyasi Şurası növbəti ildə parlament və bələdiyyə seçkilərinin reallaşacağı, eləcə də referendum keçiriləcəyi ehtimalını nəzərə alaraq, partiya resurslarının növbəti ildə məhz bu istiqamətlərə istifadə edilməsini məqsədəuyğun hesab edib. AMİP üzvlərinin bəziləri seçkilərdə müşahidəçi kimi iştirak edəcək.