Etibar Məmmədov da sədrliyə qayıdır?

AMİP üzvləri onun qayıdışını istəyirlər, amma...

Bəlli olduğu kimi, Müsavat Partiyasının mayın 4-də keçiriləcək qurultayında başqanlığa namizədlərdən biri İsa Qəmbər olacaq. İsa Qəmbər bu haqda qərarını qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin aprelin 29-da keçirilən iclasında açıqlayıb. Bundan əvvəl Natiq Ulubəy və Osman Kazımov başqanlığa öz namizədliklərini irəli sürüblər.

1911-ci ildə yaradılan Müsavat Partiyası 1920-ci ildən mühacirətdə fəaliyyət göstərib, 1992-ci ildə Bakıda bərpa olunub. Partiyanın ilk başqanı Məhəmməd Əmin Rəsulzadə, ikinci başqanı Mirzə Bala Məmmədzadə, üçüncü başqanı Kərim Odər, dördüncü başqanı Məhəmməd Azər Aran, beşinci başqanı İsa Qəmbər, altıncı başqanı Arif Hacılıdır.

1957-ci il təvəllüdlü İsa Qəmbər milli azadlıq hərəkatının liderlərindəndir. 1990-1995-ci illərdə parlamentin deputatı, 1992-1993-cü illərdə sədri olub, 1992-ci il mayın 18-dən iyunun 17-dək prezident səlahiyyətlərini icra edib. 1993-cü ilin yayında Əbülfəz Elçibəyin başçılıq etdiyi milli demokratik hakimiyyət hərbi-siyasi qiyamla devriləndən sonra bir müddət həbsdə yatıb.

İsa Qəmbər Müsavat Partiyasının bərpasının rəhbərlərindəndir. 1992, 1995, 1997, 2001 və 2006-cı illərdə partiya başqanı seçilib.

Arif Hacılı Müsavata 2014-cü ildən başqanlıq edir.

Müsavatın nizamnaməsinə görə, partiyanın başqanı, Mərkəzi Nəzarət-Təftiş Komissiyasının sədri, rayon (şəhər), Naxçıvan Muxtar Respublikası təşkilatlarının, xüsusi statuslu təşkilatların (Müsavatçı Qadınlar Birliyi, Müsavatçı Gənclər Təşkilatı) sədrləri və nəzarət-təftiş komissiyalarının sədrləri ardıcıl iki müddətdən artıq eyni vəzifəyə seçilə bilməz.

Partiyanın başqanını, sərbəst Məclis üzvlərini və Mərkəzi Nəzarət-Təftiş Komissiyasını qurultay seçir.

Cəmiyyətdə zaman-zaman Azərbaycan Milli İstiqlal Partiyasının lideri Etibar Məmmədovun da partiyanın rəhbər postuna qayıdacağı barədə iddialar səsləndirlir. AMİP funksionerləri dəfələrlə bu mövzuda bildiriblər ki,  E.Məmmədovun liderlik statusu sədri vəzifəsindən  daha yuxarıdır. Etibar Məmmədovun sədrliyə qayıtması inandırıcı deyil. 

Partiyanın qurucusu və uzun illər sədri olmuş Etibar Məmmədovun sədr postundan istefa verməsi ilə AMİP-də yeni  dövr başladı. Təbii ki, o zaman AMİP-ə kimin sədr seçiləcəyi ən çox müzakirə olunan məsələlərdən biri idi. Etibar Məmmədovdan sonra AMİP-ə dörd nəfər sədrlik edib. 

2005-ci ilin fevral ayında keçirilən qurultayda Əli Əliyev yeni sədr seçildi. Onun AMİP-ə rəhbərliyi uzun sürmədi. 2005-ci ilin dekabr ayında partiya daxilində  narazılıq yarandı. 2006-cı ildə keçirilən qurultayda partiya sədri Əli Əliyevə etimadsızlıq göstərilib. Beləliklə, AMİP-də Əli Əliyev erası da bitib. O sonradan AMİP-dən gedən bir qrup tərəfdarı ilə Vətəndaş və İnkişaf Patiyasını təsis edib. Əli Əliyevdən sonra Ayaz Rüstəmovun AMİP-dəki sədrliyi uzun sürməyib. 2010-cu ildə ADP-nin keçmiş üzvü, sabiq deputat Yusif Bağırzadə AMİP-in yeni sədri seçilib. 2015-ci ildə  Yusif Bağırzadə gözlənilmədən partiya sədrliyindən və üzvlüyündən istefa verdi. O, istefasına səbəb kimi səhhətində yaranan problemləri göstərib. 2015-ci ilin oktyabr ayından sədr əvəzi Arzuxan Əlizadə təyin edildi. 2020-ci ildə o yenidən  AMİP sədri seçildi. Hazırda AMİP-ə Arzuxan Əlizadə sədrlik edir.

Azərbaycan müxalifətinin liderlərindən olan Etibar Məmmədov hələ İsa Qəmbərdən xeyli öncələr partiya sədrliyindən getmiş və digər partiya üzvlərinin, necə deyərlər, yolunu açmışdı. Və aradan keçən uzun müddətdə AMİP-ə qeyd etdiyimiz kimi, 4 şəxs sədrlik edə bildi. 

Əli Orucov: “Siyasi təşkilatların xaricdən maliyyə dəstəyi alması  yolverilməzdir”

Əli Orucov

Bəs Etibar Məmmədovun da qarşıdakı dövrdə AMİP sədrliyinə geri dönüşü mümkünmü, gözləniləndirmi? AMİP üzvləri bunu istəyirmi?

 

AMİP-in qurucu lideri Etibar Məmmədovun köməkçisi Əli Orucov “Yeni Müsavat”a bildirdi ki, İsa Qəmbər əslində Müsavat başqanlığından getməmişdi, heç başqanlıq kabinetini də tərk etməmişdi: "Rəsmi olaraq başqan Arif Hacılı olsa da, faktiki olaraq son 10 ildə də partiyaya rəhbərliyi İsa Qəmbərin özü həyata keçirdi. Partiyanın siyasi kursu da, qərarların   qəbulu da onun iradəsindən bilavasitə asılı idi. Müsavatdakı başqanlıq yerdəyişməsi Vladimir Putinlə Dmitri Medvedyevin baş nazir və prezident yerdəyişməsinə bənzədi. Hər bir siyasətçinin idmançı kimi formada olduğu, özünün nüfuzunun kulminasiya nöqtəsinə çatdığı dövr olur. O dövrdən sonra yenidən öz nüfuzunu və gücünü qaytarmaq hər siyasətçiyə nəsib olmur. Məncə, İsa Qəmbər gənc siyasətçilərə meydan versəydi, bəlkə də Müsavat Partiyasının fəaliyyətində ciddi dəyişikliklər baş verə bilərdi. Lakin onun başqanlığa yenidən qayıtmasının yeni dönəm üçün faydalı olacağını düşünmürəm. Azərbaycanda zatən gənc siyasi liderlərin yetişməsində və perspektivli fəaliyyət göstərməsində nə mexanizm mövcuddur, nə münbit şərait var. Ölkədəki partiyalar xarizmatik liderin ətrafında formalaşdığından, həmin lider funksional idarəçilikdən çəkilən kimi partiyalarda gərginliklər və ciddi təlatümlər baş verir. Etiraf edirəm ki, Etibar Məmmədovun sədrlikdən getməsi AMİP-də itkisiz ötüşmədi. Etibar bəyin gedişindən sonra müəyyən problemlər yaşandı. Hazırda da aradan 20 il vaxt ötməsinə baxmayaraq Etibar Məmmədovun yeri və önəmi həmişə çox ciddi şəkildə görünməkdədir”. 

Əli Orucov vurğuladı ki, bu baxımdan təkcə AMİP-də yox, ümumilikdə cəmiyyətdə Etibar Məmmədovun yenidən aktiv siyasətə qayıtmasını istəyənlər kifayət qədərdir. Hətta bu istək tələb şəklində zamanında ortaya qoyulub: “Etibar Məmmədovun fəal siyasətə qayıtması təbii ki, öz iradəsinə və şəxsi qərarına bağlıdır. Lakin hesab edirəm ki, xalq indiki həssas və tarixi dönəmdə Etibar bəyin zəngin təcrübəsindən və istedadından bəhrənilməsi üçün onun aktiv siyasətdə olmasını tələb etməlidir. İnanıram ki, belə bir tələb olacaq. Bu zaman Etibar Məmmədov aktiv siyasətə qayıdarsa, AMİP sədri kimi qayıdıb-qayıtmayacağı onun öz istəyinə bağlı olacaq. AMİP üzvləri onun qayıdışını hər zaman istəyirlər”. 

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

01.05.2024 11:06
2538