Estoniyanın Ədliyyə və Rəqəmsal Texnologiyalar Nazirliyi pula qənaət etmək üçün qanunların rus dilinə tərcüməsini dayandıracaq.
Musavat.com xəbər verir ki, bu barədə ERR milli dövlət televiziya və radio portalı məlumat yayıb.
"Yalnız Riigi Teatajada eston dilində dərc edilmiş aktlar hüquqi qüvvəyə malik olacaq“, - portal respublikanın ədliyyə və rəqəmsal texnologiyalar naziri Liisa-Li Pakostanın sözlərindən sitat gətirir.
Onun sözlərinə görə, bu addım Estoniyanın qanuni nizamının aydınlığına təsir etmədən pula qənaət edəcək.
ERR-in məlumatına görə, nazirlik 200-ə yaxın Estoniya qanunlarının təxminən yarısının tərcüməsini həyata keçirib və daim yeniləyir.
Ölkə hökuməti buna hər il 12,9 min avro xərcləyib.
Qeyd olunur ki, artıq tərcümə edilmiş qanunlar rəsmi portallarda qalacaq. Eyni zamanda, tərəfdaşlar və xarici investorlarla beynəlxalq ünsiyyəti dəstəkləmək məqsədilə qanunvericilik aktlarının Estoniyadan kənarda yayılması üçün ingilis dilinə tərcüməsi davam etdiriləcək.
Portal xatırladır ki, Estoniya hökuməti o vaxtkı ədliyyə naziri Andres Anveltin təşəbbüsü ilə 2014-cü ildə bəzi qanunları rus dilinə tərcümə etməyə başlayıb.
Musavat.com