Estetik əməliyyat edənlər DİQQƏT: Şəxsiyyət vəsiqəsində problem ola bilər - AÇIQLAMA

Estetik əməliyyatlar insanların xarici görünüşünü dəyişdirmək məqsədilə edilən müdaxilələrdir və bu əməliyyatlar şəxsin xarici görünüşünü əhəmiyyətli dərəcədə dəyişə bilər. Üz cizgilərində və ya göz rəngində əməliyyat edən şəxslərin şəxsiyyət vəsiqəsində dəyişiklik hesab edilib-edilməməsi bir çoxunda sual doğurur. 

Bəs Estetik əməliyyatlar şəxsiyyət vəsiqəsində dəyişiklik hesab olunurmu?

Mövzu ilə bağlı Milli.Az-a hüquqşünas Ramil Süleymanov açıqlama vererək bildirib ki, şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikasının ərazisində vətəndaşın şəxsiyyətini təsdiq edən sənəddir. Bu vəsiqə dövlət qurumları tərəfindən vətəndaşa təqdim olunur və burada olan tənzimləmə Azərbaycan Respublikası Şəxsiyyət vəsiqəsi haqqında qanuna əsasən həyata keçirilir. Artıq son illərdə vətəndaşlara yeni nəsil şəxsiyyət vəsiqəsi təqdim olunur. 

"Qanunun 4-cü maddəsində qeyd olunur ki, şəxsiyyət vəsiqəsi verilərkən hansı zəruri məlumatlar götürülməlidir. Bununla yanaşı, şəxsiyyət vəsiqəsinin qanunun tətbiqi ilə bağlı sərəncam respublika ərazisində qüvvədədir. Həmin əsasnaməyə görə, əgər vətəndaş şəxsiyyət vəsiqəsində hər hansı dəyişikliklər etmək istəsə, Asan Xidmət mərkəzlərinə və ya ərazi üzrə pasport qeydiyyat şöbələrinə müraciət edə bilər".

O qeyd edib ki, eyni zamanda, vətəndaşın zahiri görünüşündə dəyişiklik edilərsə və ya xüsusi dəyişiklik hiss olunsa, bu zaman fotosunun yenidən çəkilməsi tələb oluna bilər. Dəyişikliklərlə bağlı müəyyən məbləğdə rüsum dövlət büdcəsinə vətəndaş tərəfindən ödənilir.

"Bununla bağlı elektron imza yoxlanılır. Burada əlavə olaraq vətəndaş haqqında müəyyən məlumatlar daxil edilir. Estetik əməliyyat etmək vətəndaşın hər hansı şəkildə eyniləşdirilməsi məlumatlarının itirilməsi mənasına gəlmir, çünki göz rəngi, barmaq izi və bunların olması vətəndaşın şəxsiyyətini təsdiq etməyə kifayət edir".

14.11.2024 14:46
420