Sabah Rusiya sülhməramlılarının axırıncı qrupu ölkədən çıxacaq. Dünən isə (29 may) Birləşmiş Millətlər Təşkilatının sülhməramlıları üçün əlamətdar gün idi.
“Sülhməramlı” termini II dünya müharibəsindən sonra, BMT-nin yaranmasından ardından dövriyyəyə girib.
Bu uzun illər ərzində dünyada sülh yaratmaq istəyən qüvvələrin özləri savaş qurbanları olublar. Onlardan 4300-dən çoxu dünyanın müxtəlif regionlarında sülhməramlı missiyaları yerinə yetirərkən həlak olub. Onlarla ölkədə bu əsgərlər muzdlular və yaraqlılarla döyüşlərdə canlarını veriblər.
Tarixdə ölən ilk BMT sülhməramlısı Norveç əsgəri Ole Helge Bakke olub. O, 1948-ci ilin iyulunda, BMT-nin Fələstində ilk missiyası olan UNTSO işə başlayandan az sonra güllələnib. O vaxt sülhməramlılara silah verilmirmiş və onların həyatı qarşı-qarşıya döyüşən tərəflərin insaf və mərhəmətinə qalıbmış.
Bakkenin mindiyi cipdəki güllə dəliklərinin yoxlanılması atəşin sol cəbhədən, yəni ərəb mövqelərindən açıldığını təsdiqləyib.
Ümumilikdə UNTSO illərində Fələstində 52 sülhməramlı həlak olub. 2006-cı ildə İsrailin hava hücumu nəticəsində Çin, Avstriya, Finlandiya və Kanadadan olan dörd silahsız sülhməramlı da həyatını itirib. Bu gün UNTSO Livanda, Qolan təpələrində və Sinay yarımadasında öz missiyasını yerinə yetirir.
BMT-nin səylərinə baxmayaraq, sülhməramlılar ərəb-İsrail münaqişəsini dayandıra bilməyiblər.
Yalnız 1956-cı ildə, Süveyş böhranı zamanı BMT əsgərlərinə silah verilib.
İndiyədək BMT 72 sülhməramlı missiya yerləşdirib. Bu gün dünyada BMT-nin 11 missiyası fəaliyyət göstərir. Onlarda 125 ölkədən 87 mindən çox insan xidmət edir. 2024-cü ildə BMT Mali və Cənubi Sudanda qanlı missiyalarına son qoyub.
Sülhməramlılar arasında itkilərin sayına görə ikinci yerdə BMT-nin Malidəki MINUSMA missiyası dayanır. 10 il ərzində Malidə 309 sülhməramlı həlak olub. Missiyada BMT-nin 15 minə yaxın əməkdaşı iştirak edib. Bu kontingentin əsasını Çad, Banqladeş və Seneqaldan olan əsgərlər təşkil edib.
Daha 267 sülhməramlı Konqo Demokratik Respublikasındakı missiyalar zamanı, 249-u isə qonşu Konqoda öldürülüb.
1960-cı illərdə Belçika öz qoşunlarını müstəmləkəsi olan Konqodan çıxaranda BMT qüvvələri faktiki olaraq separatçılara qarşı döyüşməli olub. 1961-ci ildə BMT-nin baş katibi Dag Hammarşeld Konqoda sülhü təmin etmək üçün bu ölkəyə gələndə təyyarə qəzasında həlak olub.
Hammarşeldin ölümü ərəfəsində Konqoda Jadovil döyüşü baş verib. Mühasirəyə düşən İrlandiya sülhməramlıları bir həftə ərzində Katanqa separatçılarının tərəfində vuruşan avropalı muzdluların hücumlarını dəf ediblər. İrlandların əliində yalnız yüngül silahlar olub və döyüş sursatları qurtarandan sonra təslim oldular. Uzun illər onları öz vətənlərində “Jadovil qorxaqları” adlandırıblar. Bu üzdən 6 döyüşçü intihar edib.
Sülhməramlıların əsas uğursuzluğu hutuların təxminən 800 mindən çox tutsini öldürdüyü Ruanda soyqırımı zamanı olub. 1994-cü ildə UNAMIR missiyası qırğını dayandırmaq üçün az şey edib. BMT-nin baş katibi Kofi Annanın əmri ilə “mavi dəbilqəlilər”ə silahdan istifadə qadağan edilib və onlar yalnız baş verənləri müşahidə ediblər.
Kiqaldakı Don Bosco kollecində Belçikadan olan 90 sülhməramlı bir müddət təxminən 2 min tutsini (o cümlədən 400-ə yaxın uşaq) qoruyub. Onlar dinc əhalinin salamatlığı üçün Ruanda ordusu ilə danışıqlar aparmağa çalışsalar da, uğursuzluğa düçar olublar. Komandanlıq sülhməramlıları hava limanı vasitəsilə təxliyə etmək qərarına gəlib və onlar 2 min məsum insanı vəhşiləşmiş hutuların qarşısında qoyaraq ərazidən çıxıblar. Tutsilər sülhməramlılara qalmaları üçün yalvarıblar, lakin onlar baş nazir Aqata Uvilinqiymananı qoruyan 10 belçikalının kədərli taleyindən xəbərdar olduqları üçün hutulara əsir düşmək istəməyiblər. Hutular həmin 10 əsgəri axtalayaraq öldürübmüşlər.
Geri çəkilən belçikalılar tutsiləri dağıtmaq üçün havaya atəş açıblar, onlar isə heç olmasa onları güllələməyi xahiş ediblər, çünki hutuların onları işgəncə ilə öldürəcəklərini bilirmişlər. Sülhməramlılar getdikdən sonra kollec binasında olanların hamısı uşaqlı-böyüklü öldürülüb.
Ümumilikdə həmin sülhməramlı missiya uğursuz olub, 800 minə yaxın insan soyqırımın qurbanına çevrilib, yarım milyona qədər tutsi qadın zorlanıb.
BMT rəhbərliyinin savaşa müdaxilə etməmək əmrinə baxmayaraq, missiya komandiri kanadalı general Romeo Daller 32 min insanın həyatını xilas edib. Bir də Seneqal ordusunun kapitanı Mbaye Dayaqne yüzlərlə insanı xilas edib, ancaq başının arxasından güllə ilə vurulub.
1992-1995-ci illərdə UNPROFOR missiyası zamanı keçmiş Yuqoslaviyada 213 sülhməramlı həlak olub. Hollandiya sülhməramlıları irəliləyən serb qoşunları qarşısında Bosniyanın Srebrenitsa anklavını tərk ediblər və bir neçə gün ərzində 8 minə qədər müsəlman qətlə yetirilib.
2011-ci ildə Hollandiya məhkəməsi sülhməramlı batalyonu təqsirli bilib. Polkovnik Tomas Karremant məhkəmədə yalan danışaraq, müdafiə axtaran insanlar üçün heç bir təhlükə görmədiyini bəyan edib. Şahidlər hərbçilərin təhlükədən xəbərdar olduqlarını, lakin dinc sakinləri xilas etmək üçün heç nə etmədiklərini təsdiqləyiblər.
Bir sözlə, BMT sülhməramlıları olduqları qaynar nöqtələrə heç də həmişə sülh gətirə, qətliamların qarşısını ala bilməyiblər, üstəlik, özləri də həlak olublar. Müxtəlif ölkələrin sülhməramlıları haqqında biabırçı ittihamlar da yer alıb. Məsələn, Cənubi Sudan və Mərkəzi Afrika Respublikasında bəzi “mavi dəbilqəlilər” azyaşlılarla cinsi əlaqə üçün pul və yemək veriblər.
Bir neçə il öncə Qarabağın dağlıq hissəsində yaşayan ermənilər gecə-gündüz təbliğat kampaniyası apararaq bölgədəki rusiyalı sülhməramlıların beynəlxalq sülhməramlılarla dəyişdirilməsini tələb edirdilər. Təcrübə göstərdi ki, heç bir sülhməramlıya ehtiyac yoxmuş. Çünki ötən ilin sentyabr ayının axırlarında mülki ermənilərin qaynar bölgəni tərk etməsi zamanı Azərbaycan ordusu beynəlxaıq qayda-qanunlara əməl edərək, humanizm prinsiplərini rəhbər tutaraq bir mülki şəxsə belə zərər yetirmədilər. əksinə, köməklik göstərdilər, yemək, su payladılar, onları heç bir təhlükə gözləmədiyinə əmin etməyə çalışdılar. Eyni vəziyyətdə erməni ordusu hutulardan daha betər davranardı.
Ona görə də hərdən Avropanın üstqurum təşkilatlarında Azərbaycana qarşı çığırışma başlayanda onlara hutuların, serblərin, ermənilərin özlərinin etdiklərini də xatırlatmaq lazımdır, bir də yuxarıdakı şəklli, eyni kontentli videoları göstərmək lazımdır.
Araz Altaylı, Musavat.com