Bakı Ağır Cinayətlər Məhkəməsində küçədə keçmiş həyat yoldaşını küçədə qətlə yetirməkdə təqsirləndirilən İlqar Qəribovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə ifadə verən zərərçəkmişin bacısı Gülnar Məmmədova bildirib ki, təqsirləndirilən şəxs onun bacısına hər zaman şiddət göstərib:
"İlqar hər zaman bacımı döyüb söyürdü. Bir dəfə aralarında dava oldu, bacım bizə gəldi. Mən dəfələrlə İlqara bacımla mehriban davranmağını xahiş edirdim. İlqar bacımı ölümlə təhdid edirdi. Onların nişanlı vaxtından aralarında konflikt olub, sadəcə bacım övladına görə hər şeyə dözüb".
Daha sonra mərhumun oğlu Uğur Qəribov dindirilib. Onun sözlərinə görə, valideynləri heç vaxt bir-biriləri ilə yaxşı yola getməyiblər:
"Hər dəfə atam evimizə narazılıq salaraq anama zülm edib. Hadisə olan vaxt artıq anamla atam boşanmışdılar. Anamı atamdan qorumaq üçün hərbi xidmətə getmək istəmirdim. Amma məcburiyyət qarşısında getdim. Hərbi xidmətdə olanda eşidirdim ki, atam dəfələrlə anamı təhdid edir. Anam mənimlə telefonla danışarkən qətlə yetirildi. Həmin vaxt atam onu bıçaqla vurdu".
Məhkəmənin növbəti iclası sentyabrın 4-nə təyin edilib.
Qeyd edək ki, hadisə ötən ilin dekabrında paytaxtın Xətai rayonunu ərazisində qeydə alınıb .
1976-cı il təvəllüdlü İlqar Qəribovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı keçmiş arvadı 1983-cü il təvəllüdlü Raminə Qəribovaya bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib./News24.az