“Əsas məsələlərdən biri dini dəyərlərin gənclərə düzgün təbliğ olunmasıdır”

Ceyhun Məmmədov: “Bununla bağlı bütün məsuliyyəti dövlətin üzərinə qoymaq da düzgün deyil”

Bir neçə gün öncə sosial şəbəkələrdə Naxçıvan MR Babək rayonu Nehrəm kəndində azyaşlıların dini mərasimdə iştirakını əks etdirən görüntülər yayıldı. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirildi ki, həmin mərasimdə iştirak edən azyaşlıların valideynləri polis əməkdaşları tərəfindən müəyyən olunaraq barələrində məsuliyyət tədbirləri görülüb. “İnsanların dini etiqad azadlığına dərin hörmətimizi ifadə edərək vətəndaşlarımızdan tədbirləri anlayışla qarşılamağa çağırır və qabaqcadan təşəkkürlərimizi çatdırırıq”, deyə DİN-in açıqlamasında qeyd olundu.

Bu hadisə növbəti dəfə gənclər, özəlliklə yeniyetmələr arasında dinin doğru təbliğ olunmadığını, dini ayinlərin icrası zamanı İslamın qanunlarına tam riayət edilmədiyini sübut etdi. Odur ki, dini təhlükəsizliklə bağlı məsələləri daim diqqətdə saxlamaq lazımdır.

Millət vəkili Ceyhun Məmmədov “Yeni Müsavat”a bildirdi ki, bu gün əsas məsələlərdən biri dini dəyərlərin gənclərə düzgün təbliğ olunmasıdır. O hesab edir ki, bu istiqamətdə kifayət qədər iş görülmür: “Nəticədə bir sıra dini ayinin İslamın qaydalarına zidd şəkildə icra olunduğunun şahidi oluruq. Əksər hallarda gənclər ittiham olunur, lakin fikrimcə, bu məsələdə aidiyyəti qurumlar məsuliyyət daşıyırlar. Məhərrəmliyi insanların həyatından çıxara bilməyəcəyik.  Buna görə də Məhərrəmliyin İslamın dəyərlərinə uyğun qeyd olunması üçün düzgün təbliğat və maarifləndirmə işi qura bilərik.  Bu iş yüksək səviyyədə qurulmadığına görə gənclər bir sıra xarici dövlətdən yanlış ənənələri götürür və təbliğ edirlər. Eyni zamanda bununla bağlı bütün məsuliyyəti dövlətin üzərinə qoymaq da düzgün deyil.  Sosial şəbəkələrdə davamlı təbliğat aparılır. Bunun qarşısını almaq üçün gənclər arasında həm də milli dəyərlərimizi doğru təbliğ etməliyik”.

C.Məmmədov həmçinin, Aşuranın Azərbaycan tarixindəki yerinə diqqət çəkdi: “Aşura - dünya tarixində ən böyük faciələrdən biri olmaqla yanaşı, İslam tarixində dönüm nöqtəsi və bir qəhrəmanlıq salnaməsidir. İnsanların ali dəyərlər uğrunda özünü qurban verməsinin ən bariz nümunələrindən biridir. İslam Peyğəmbəri Həzrət Məhəmmədin (s.ə.s.) nəvəsi Həzrət Hüseynin (ə) övladları və yaxınları ilə birlikdə şəhid olması İslam tarixində dərin iz buraxıb. Aşura sıradan bir dini-tarixi hadisə deyil, müsəlman dünyasında, xüsusən də Azərbaycan tarixində müstəsna yeri olan fenomendir. Azərbaycan tarixində Məhərrəmlik ayının və Aşuranın xüsusi yeri olub. Azərbaycan xalqı hər il bu hadisələrin ildönümünü yüksək səviyyədə keçirir. Bu ənənələr Azərbaycanda xalqımız tərəfindən yaşadılıb. Anım mərasimləri və əzadarlıqla yanaşı, qanvermə aksiyaları da keçirilir. Bu gün ayrı-ayrı ölkələrdə Aşura mərasimi baş yarmaq və qan çıxarmaqla qeyd edilir, lakin Azərbaycan bununla bağlı nümunəvi modelini ortaya qoyub. Yəni insanlar qan çıxarmaq əvəzinə, qan verməklə bu aksiyalarda iştirak edirlər. İmam Hüseynin (ə) mübarizəsi ədalətin bərpası üçün idi. İslam hökmlərində bu ayda savaşmaq, qan tökmək qadağan (haram) edilib. Burada bizim alacağımız bir çox dərslər var. Bu, Vətən, haqq, ədalət uğrunda canından belə keçməyə hazır olmaq mesajıdır. Kərbəla hadisələri tarix boyu baş vermiş çox sayda qanlı qırğın və ya müharibələrdən biri deyil, bütövlükdə bir müqavimət prosesi olub, İslam dininin mahiyyətinin qorunması, dinin hakimiyyətlər tərəfindən sui-istifadəsinə qarşı sivil etiraz idi.  Biz o dövrdə baş verən hadisələrdən nəticə çıxararaq, Vətənimizin, torpaqlarımızın bütövlüyü və müstəqilliyi uğrunda hər an canımızdan keçməyə hazır olmalıyıq. Aşuranın Azərbaycan ədəbiyyatında, poeziyasında və mədəniyyətində də xüsusi yeri var. Azərbaycanda bu ənənələr yaşayacaq və gələcək nəsillərə də ötürüləcək”.

HAZIRLADI: Afaq MİRAYİQ

 

03.08.2023 14:12
1086