Ərzaq bahalaşması nə vaxtadək davam edəcək - təhlil

Natiq Cəfərli: “Nə hikmətdirsə, qlobal bazarlarda ucuzlaşma gedir, amma bu, Azərbaycana idxal olunmur, artan qiymətlər olduğu kimi qalır”

Dünyada ərzaq böhranı haqda artıq danışılmır. Əksinə, postpandemiya dövründə ölkələrin işlərini daha ehtiyatlı tutması nəticəsində son ilyarımda qlobal bazarlarda müxtəlif ərzaq məhsullarının bolluğu və ucuzlaşması müşahidə olunur. Əksər ölkələrdə inflyasiyanın azalmasında aparıcı faktor kimi məhz ərzaq məhsulları çıxış edir. 

BMT Kənd Təsərrüfatı və Ərzaq Təşkilatının məlumatına əsasən, 2024-cü ilin fevral ayında qlobal ərzaq qiymətləri indeksi 117,3 bənd təşkil edib ki, bu da yanvar göstəricisindən 0,9 bənd (0,7 faiz) aşağıdır. Ay ərzində şəkər, ət və süd məhsullarının qiymət indekslərindəki artım taxıl və bitki yağlarının qiymətlərindəki azalma ilə kompensasiya edilib. Nəticədə indeksin dəyəri ötən ilin müvafiq göstəricisindən 13,8 bənd (10,5 faiz) aşağı olub.

Ən çox ucuzlaşma taxıl məhsullarında qeydə alınıb. Belə ki, FAO Taxıl Qiymətləri İndeksi fevral ayında orta hesabla 113,8 bənd təşkil edib ki, bu da yanvardan 6,1 bənd (5,0 faiz) və 2023-cü ilin fevralından tam 32,9 bənd (22,4 faiz) aşağıdır. Əvvəlki ayla müqayisədə bütün əsas taxıl bitkilərinin dünya qiymətlərində ucuzlaşma qeydə alınıb. Argentina və Braziliyada bol məhsul gözləntiləri, Qara dənizdə yükdaşımaları təmin edən Ukraynadan ixracın kəskin artımı qarğıdalının ən çox ucuzlaşmasına səbəb olub. Buğda qiymətləri isə Rusiyadan ixracın artması  fonunda Avropa İttifaqı ölkələrində ucuzlaşma ilə bağlı ucuzlaşıb.  Buğda və qarğıdalı qiymətləri kimi, arpa və sorqodun dünya qiymətləri də bir qədər ucuzlaşıb. Fevral ayında qlobal düyü qiymətləri 1,6 faiz azalıb. Bunun səbəbi bir sıra ölkələrdən yeni məhsulun bazara çıxması fonunda alıcı tələbinin artmamasıdır.

Ucuzlaşma səviyyəsinə görə ikinci yerdə bitki yağları gəlir. Ötən ay Bitki Yağı Qiymət İndeksinin orta dəyəri 120,9 bənd təşkil edib ki, bu da yanvar ayı ilə müqayisədə 1,6 bənd (1,3 faiz), ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 15,0 bənd (11,0 faiz) azdır.

Süd Məhsullarının Qiymətləri İndeksinin fevral ayında orta dəyəri 120,0 bənd təşkil edib ki, bu da yanvar ayı ilə müqayisədə 1,3 bənd (1,1 faiz) yüksək, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 18,6 bənd (13,4 faiz) azdır.

Fevralda bahalaşma cüzi şəkildə ət qiymətlərində də özünü göstərib. Yeddi aylıq davamlı enişdən sonra FAO-nun Ət Qiyməti İndeksi fevral ayında orta hesabla 112,4 bənd təşkil edib ki, bu da yanvar ayı ilə müqayisədə 2,0 bənd (1,8 faiz) artım, əvvəlki ilin müvafiq göstəricisindən 0,9 bənd (0,8 faiz) azalma deməkdir. 

Fevralda ən çox bahalaşma şəkər qiymətlərində qeydə alınıb. FAO-nun orta şəkər qiymət indeksi 140,8 bənd təşkil edib ki, bu da yanvar ayı ilə müqayisədə 4,4 bənd (3,2 faiz) çoxdur. Onun dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,6 bənd (12,5 faiz) yüksək olub. 

Beləliklə, ən çox istehlak olunan ərzaq məhsullarının ortalama qiyməti fevral ayında illik ifadədə 10,5 faiz azalıb. Azərbaycanda isə cəmi 0,3 faiz azalma müşahidə olunub. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, ötən ay istehlak qiymətləri indeksi 2023-cü ilin fevral ayına nisbətən 0,8 faiz artıb. Bu zaman qida məhsulları, içkilər və tütün məmulatları üzrə qiymətlər 0,3 faiz azalıb, qeyri-qida məhsullarında 1,4 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlərdə isə 2,3 faiz artıb. Fevral ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,6 faiz, yanvar-fevral aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,3 faiz yüksəlib. Bu zaman qida məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,7 faiz, yanvar-fevral aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,2 faiz artıb. Göründüyü kimi, yanvar-fevralda ərzaq məhsullarının qiymətində azalma deyil, artım olub.

2024-cü ilin fevral ayında qeyri-qida malları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,1 faiz, yanvar-fevral aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,6 faiz artıb. Ötən ay əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 1,0 faiz, yanvar-fevral aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,7 faiz yüksək olub.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, iki ayda ölkədə istehsal olunan kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 954,7 milyon manat təşkil edib. Bunun 908,2 milyon manatı heyvandarlıq, 46,5 milyon manatı bitkiçilik məhsullarının payına düşür. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 0,1 faiz, o cümlədən heyvandarlıq məhsulları istehsalı 0,3 faiz azalıb, bitkiçilik məhsulları istehsalı isə 3,8 faiz artıb.

Təsərrüfatlarda yanvar-fevral aylarında 41,0 min ton və yaxud keçən ilin müvafiq dövrünə nisbətən 3,7 faiz çox tərəvəz məhsulları istehsal edilib.

2024-cü ilin yanvar-fevral aylarında quş əti də daxil olmaqla, diri çəkidə 89,1 min ton ət, 324,5 min ton süd, 367,8 milyon ədəd yumurta istehsal olunub. Nəticədə 2023-cü ilin müvafiq dövrünə nisbətən süd istehsalı 0,7 faiz, yumurta istehsalı 3,4 faiz artıb, ət istehsalı isə 1,5 faiz azalıb.

İki ayda kərə yağı istehsalı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,5 faiz azalaraq 4225,0 ton, duru bitki yağları istehsalı 34,6 faiz artaraq 6949,8 ton, şəkər, qənd istehsalı 23,2 faiz azalaraq 28,1 min ton, makaron məmulatları istehsalı 17,4 faiz artaraq 1222,5 ton, kolbasa məmulatları istehsalı 11,5 faiz artaraq 4934,2 ton təşkil edib. 

Rəsmi statistikadan aydın olur ki, ölkədə qoyun-keçilərin sayı 2020-ci ildəki 8,2 milyon başdan 2024-cü il yanvarın 1-nə 7,1 milyon başa düşüb. İnək-camışların sayı isə bu müddətdə 1,3 milyon başdan 1,2 milyon başa qədər azalıb. 

Mal-qara sayının azalması mal əti idxalının artımı ilə müşayiət olunur. Belə ki, gömrük statistikasına əsasən, 2023-cü ildə Azərbaycana 8168,58 ton iribuynuzlu heyvan əti idxal edilib. Halbuki 2022-ci ildə bu rəqəm cəmi 4708,52 ton olmuşdu. Ölkənin əsas qida məhsulları idxalına baxsaq, idxal qiymətlərinin xeyli azaldığını görürük. Bu ilin iki ayında 37 milyon 722.87 min dollarlıq 32 903.15 ton bitki və heyvan mənşəli piylər və yağlar(2023-cü ilin eyni dövründə 23 095.82 min dollarlıq 15 710.21 ton; 1 tonun qiyməti 1470,1 dollardan 1146,5 dollara düşüb), 15 303.21 min dollarlıq 14 421.88 ton düyü(13 957.74 min dollarlıq 16 048.40 ton; 1 ton 869,7 dollardan 1061,1 dollara qədər artıb), 30 888.66 min dollarlıq 134 870.03 ton buğda(81 987.79 min dollarlıq 268 114.16 ton; 305,8 dollardan 229 dollara düşüb), 15 556.90 min dollarlıq 2 968.12 ton kərə yağı və süddən hazırlanmış digər yağlar (10 398.11 min dollarlıq 1 762.31 ton 5900,3 dollardan 5241,3 dollara düşüb), 3 151.21 min dollarlıq 1 993.39 ton süd və qaymaq(4 256.63 min dollarlıq 1 890.19 ton, 2252 dollardan 1580,8 dollara düşüb) idxal edilib. 

Statistika göstərir ki, ilin ilk iki ayında buğda idxalında 2 dəfə azalma var. Dünya bazarında, xüsusilə də əsas idxal bazarımız olan Rusiyada buğda qiymətlərinin ucuzlaşdığı bir dövrdə idxalın belə azalması diqqəti xüsusilə cəlb edir. Belə ki, ötən il ölkədə yerli buğda istehsalında cüzi artıma rəğmən, bu əsas məhsulun idxalı da azalıb: 1 milyon 175,341 min ton buğda idxal edilib ki, bu da 2022-ci ilin göstəricisindən 9,1 faiz azdır. Bu halda sual yaranır ki, ötən il ərzində də azalan idxal fonunda qalıq məhsulun çox olmadığı bir şəraitdə buğda idxalında belə azalmaya səbəb nədir? Məntiqlə, Azərbaycanda buğda və unun qiyməti azalmadığı halda əlverişli xarici bazar qiymət şərtləri idxalın artmasına gətirib çıxarmalıydı...

Maraqlıdır ki, iki ayda yazlıq buğda əkinləri ötən ilə nisbətən 84,5 faiz azalmaqla cəmi 163,6 hektar, kartof əkinləri 19,8 faiz azalmaqla 11 772,1 hektar təşkil edib.

Natiq Cəfərli: "Cəmil Həsənlinin bu qədər səviyyəsiz vəziyyətə düşəcəyini  gözləmirdim" » Reyting.az

 Natiq Cəfərliy

İqtisadçı-ekspert Natiq Cəfərliyə görə, dünya bazarındakı ucuzlaşmanın Azərbaycan bazarından yan keçməsi ilk hal deyil: “Bu, ilk belə tendensiya deyil. 2022-2023-cü ildə dünyada inflyasiya səviyyəsində kəskin azalma müşahidə olundu. Azərbaycanda isə 2022-ci ildə və 2023-cü ilin mühüm hissəsində inflyasiya ikirəqəmli həddə oldu. Rəsmilər qiymət bahalaşmasında bir qayda olaraq xarici amilləri önə çəkirlər. Deyirlər ki, bu, bizdən asılı deyil, dünya bazarında qiymətlər bahalaşır və bu da Azərbaycana idxal olunur. Nə hikmətdirsə, biz qiymət ucuzlaşmasının belə təsirini görmürük: qlobal bazarlarda ucuzlaşma gedir, amma bu, Azərbaycana idxal olunmur, artan qiymətlər olduğu kimi qalır”.

Ekspert bildirir ki, xüsusilə ərzaq bazarında qiymətlərin artmasının bir səbəbi yerli istehsalın aşağı olmasıdırsa, daha mühüm səbəbi idxaldakı inhisarçılıqdır: “Məhz idxal inhisarlaşdığına görə topdansatış qiymətləri razılaşdırılmış olur, nəticədə pərakəndə bazarda qiymətlər sağlam rəqabət əsasında müəyyənləşmir”.

Dünya SAKİT,
“Yeni Müsavat”

 

28.03.2024 08:01
1049