Dünən İrəvanda Tavuşun Kirants kəndinin sakinləri ilə erməni baş nazir Nikol Paşinyan və hökumət üzvləri arasında qapalı görüş keçirilib.
Musavat.com Publika.az-a istinadən xəbər verir ki, Ermənistan mediası görüşün kənd sakinləri üçün yaxşı nəticələnmədiyini yazır.
“Azadlıq radiosu”nun erməni xidməti yazır ki, on nəfərə yaxın Kirants sakini görüşdə iştirak edib, lakin onlar hökumət binasını həyəcanla tərk ediblər. Jurnalistlərlə demək olar ki, ünsiyyət qurmayıblar, sadəcə iki söz deyiblər: hər şey olduğu kimi qalır, yeni heç nə yoxdur.
Hökumət binasını tərk edən sakinlərlə əlaqə saxlayan “Ermənistan” fraksiyasının Kirantsda doğulmuş deputatı Qeqam Nəzəryan bəzi təfərrüatı açıqlayıb.
“Yeni heç nə deməyib, yenə “belə ola bilər, elə ola bilər” sözlərini təkrarlayıb. Vəziyyət heç də yaxşı deyil. Sakinlər yenidən qeyri-müəyyənliyə düçar olublar. Paşinyan bildirib ki, sərhəd Kirants kəndinin ortasından keçə bilər. Bu o deməkdir ki, kənd sakinləri qapını açanda Azərbaycan əsgərini görəcəklər. Sakinlər bilmir nə etsinlər, biri deyir evimi yandıracam, digəri deyir, barrikada quracam”, - erməni deputat bildirib.
Tavuşda jurnalistlərə danışan “Ermənistan” fraksiyasının digər deputatı Qarnik Danielyan da bildirib ki, Kirants kəndi iki hissəyə bölünəcək.
“Biz Paşinyanla görüşənlərlə əlaqə saxladıq, çox narahatdırlar. Bütün qorxularımız təsdiqləndi. Yəni kənd iki yerə bölünür, körpünün və evlərin bir hissəsi Azərbaycanın nəzarətinə keçir”, - o deyib.
Ermənistan hakimiyyətinə yaxın media isə görüşün sakinlərin problemlərinin həll edilməsi məqsədi daşıdığını yazır. Məlumata görə, 2 saat davam edən görüşdə Paşinyan hökumətin problemlərlə tanış olduğunu və bunların yerində aradan qaldırılacağını deyib.