Ermənistanın Zəngəzur dəhlizində Rusiyaya “hücumu”

Rusiya Azərbaycanla Ermənistan arasında sülh danışıqlarında rol almağa hazır olduğunu yenə xatırladır, Vaşinqton və Brüssel isə ikitərəfli müzakirələr modelini dəstəkləyir - təhlil

Ermənistan Zəngəzurdan keçən kommunikasiyalara Rusiya FTX-nın nəzarətindən imtina edib. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. Onun sözlərinə görə, Ermənistan üçün əsas öz uğursuzluqlarına görə başqalarını günahkar çıxarmaqdır.

Rusiya XİN sözçüsü vurğulayıb ki, İrəvan Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidməti tərəfindən nəqliyyat axınına nəzarətdən imtina edib və faktiki olaraq işçi qrupda iştirakını dondurub. Heç şübhəsiz ki, Ermənistan bu addımı Qərbin təzyiqi ilə atıb. Eyni zamanda Zəngəzur dəhlizinə qarşı allergiyası olan cənub qonşumuzun da Ermənistana təsirini unutmaq olmaz. Amma faktiki olaraq Ermənistan ABŞ, Fransa və digər qərb ölkələrinin hərbi qüvvələri üçün plasdarma çevrilməklə İranın özünə belə təhlükə yaradır. Bu yaxınlarda Tehrandan İrəvana xəbərdarlıq məzmunlu açıqlamanın gəlməsi İranın Zəngəzur dəhlizi ilə bağlı korrektələrə səbəb ola bilər. Lakin hələlik İrəvan Zəngəzur dəhlizinə “yaşıl işıq” yandırmaq niyyətində deyil və dəhliz məsələsinin sülh sənədindən çıxarılması barədə açıqlama da məhz bunun göstəricisidir. Amma bu da var ki, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan bölgəsinin arasında quru əlaqənin təmin olunmaması halında sülhdən, əməkdaşlıqdan, kommunikasiyaların açılmasından söhbət gedə bilməz. Üstəlik, Zəngəzur dəhlizi qlobal əhəmiyyətli layihədir, həmçinin Rusiya üçün olduqca vacibdir. Deməli, Ermənistanın israrı nəticəsiz olacaq. Bəs, belə olan halda əgər Zəngəzur dəhlizi reallaşarsa, nəzarət məsələsi necə olacaq? Ermənistanın bu davranışının arxasında hansı planlar durur? Onlar kənar qüvvələrin - Aİ missiyasının və sair - bu dəhlizə nəzarəti şərtini qaldıra bilərmi? Belə olarsa nə baş verər?

Ölkənin adı dəyişəcək, bu vəzifələr ləğv ediləcək…

Qüdrət Həsənquliyev

Ədalət, Hüquq, Demokratiya Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Ermənistan 10 noyabr 2020-ci il atəşkəs haqqında üçtərəfli Birgə Bəyanatın şərtlərinə zidd olaraq Zəngəzur dəhlizinin açılmasından Qərbin və İranın təzyiqlərinə görə imtina edir: “Baxmayaraq ki, bu dəhliz Ermənistanın milli və dövlət maraqlarına tam cavab verir, onun iqtisadiyyatının inkişafına əhəmiyyətli töhfə verə bilər. Qərb Rusiyanı zəiflətmək və onu bölgədən çıxarmaq üçün Şimal-Cənub dəhlizinin açılmasında, xüsusilə yola Rusiyanın nəzarət etməsində maraqlı deyil. İranın fars-molla hakimiyyəti isə türkəfob olduğu üçün məsələyə belə yanaşır ki, ”mənə ziyanı olsa da, qoy Azərbaycan müsəlmanları da əziyyət çəksin". Qərbin ermənipərəst dairələri Ermənistanı inandırıblar ki, Rusiya Ukraynada məğlub olacaq və bu Rusiyada Qərbyönümlü hakimiyyətin formalaşmasına yol açacaq. Biz o zaman onlara deyəcəyik ki, birinci Qarabağ savaşında olduğu kimi sizə kömək etsinlər".

Q.Həsənquliyev əmindir ki, Ermənistan vaxt udmaq və yeni müharibəyə hazır olmadığı üçün onu önləmək məqsədilə özünü sülhpərvər göstərməyə çalışır: “Düşünürlər ki, Qərbin Türkiyəyə təzyiqi nəticəsində Azərbaycanla anlaşmadan Türkiyə ilə kommunikasiya xətlərinin açılmasına nail olacaqlar. Onlar səmimi olaraq sülh istəsəydilər, çoxdan konstitusiyalarını dəyişib, Azərbaycana ərazi iddialarından imtina edərdilər. Ermənistan onun işğalçılıq siyasətini sona qədər dəstəkləmədiyi üçün Rusiyadan narazı qalıb və hazırda reallıq hissini itirərək Qərbin Rusiyanı regiondan sıxışdırmaq siyasətinin iştirakçısına çevrilib. Bu, onların öz işidir, amma anlamırlar ki, biz Naxçıvana maneəsiz gedib-gələ bilməyəcəyiksə, Ermənistanla kommunikasiya xətləri heç vaxt açılmayacaq!” ƏHD partiyasının sədrinin fikrincə, Ermənistanın Qərbə güvənərək öz öhədəliklərini yerinə yetirməməsi, regionda destruktiv fəaliyyəti, İranın əlaltısına çevrilməsi ona yaxşı heç nə vəd etmir.

Sahib Məmmədov: "Azərbaycan polisi əsl fədakarlıq göstərdi"

Sahib Məmmədov

Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru Sahib Məmmədov da xatırlatdı ki, 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın 9-cu bəndinə əsasən, Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir: “Həmin bəndə görə, ”Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir". Bu bənd üzrə Ermənistanın öhdəliklərindən biri də bölgədəki “bütün iqtisadi və nəqliyyat əlaqələri”ni bərpa etməkdir. Beləliklə, yalnız 9-cu bənddə Ermənistanın 3 öhdəliyi var. Kommunikasiyanı bərpa etmək, təhlükəsizliyi təmin etmək və Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin nəzarətini təmin etmək".

S.Məmmədov qeyd etdi ki, Ermənistan bu bənd üzrə heç bir öhdəliyini yerinə yetirməyib: “Hazırda isə hətta digər iki bəndi yerinə yetirəcəyi təqdirdə, nəzarətin Rusiya Federasiyası Təhlükəsizlik Xidmətinin Sərhəd Xidməti tərəfindən həyata keçirilməsinə dair öhdəliyindən də imtina edir. Əslində Azərbaycan üçün vacib olanlar kommunikasiyanın bərpası, həmin nəqliyyat dəhlizindən vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz - gömrük və sərhəd yoxlaması olmadan anlamını verir - hərəkətinin təşkili olunması və təhlükəsizlik məsələsidir. Əgər Ermənistan dəhlizi bərpa edib, vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz  - gömrük və sərhəd yoxlaması olmadan anlamını verir - hərəkətinin təşkili edəcəksə və təhlükəsizliyə təminat verəcəksə, bu halda 9-cu bəndin 3-cü hissəsindən imtina artıq Ermənistan-Rusiya məsələsidir. Amma Ermənistan bunu edəcəkmi? Dəhliz üzrə kommunikasiyanı bərpa edəcəkmi? Etsə belə, təhlükəsizliyə tam təminat verəcəkmi? Axı biz xatırlayırıq, hətta sovet vaxtı, əmin-amanlıq dövründə belə, həmin ərazidən keçən sərnişin qatarlarına hücumlar olurdu, süşələr sındırılırdı, yollarda olan işıqforlar sıradan çıxarılırdı, yük qatarlarından mallar qarət olunurdu və sair. Bizim üçün problem budur. Əgər kommunikasiya bərpa olunacaqsa və vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili təmin olunacaqsa, bu zaman Ermənistan təhlükəsizliklə bağlı əlavə öhdəlik götürməli, təhlükəsizliyin pozulması ilə bağlı mümkün zərərin ödənilməsinə zəmanət verməlidir”.

O ki qaldı Ermənistanın əvvəldən başlanmış anti-Rusiya demarşlarına, S.Məmmədova görə, sadəcə Ukrayna ordusunun Rusiyanın bir neçə vilayətində uğurlu sayılan əməliyyatı Ermənistanı daha da həvəsləndirib və xəyanət prosesini daha da intensivləşdiriblər: “Rusiya isə sadəcə nəticə çıxarmalıdır. Ermənistanla strateji müttəfiqlik nə dərəcədə nəticəvi idi. Milyardlarla dəyəri olan silahların Ermənistana təmənnasız verilməsi, Ermənistanın iqtisadiyyatını ayaq üstə saxalaması hansı qazancı verdi Rusiyaya? Ermənistan Qərb dövlətlərinə də xəyanət edəcək. Sadəcə qlobal geostrateji vəziyyətin dəyişməsini gözləmək lazım gələcək”.

Tural İsmayılov: “Baş verənlər Ermənistanın layiqli cavab almağını zəruri  edən bir hadisəyə çevrilir” | 1news.az | Xəbərlər

Tural İsmayılov 

Politoloq Tural İsmayılov isə hesab edir ki, Zəngəzur dəhlizi ilə bağlı maddənin sülh sazişi layihəsindən çıxarılması bölgədə yeni proseslərə yol açsa da, Ermənistanla Azərbaycan arasında danışıqlar prosesinə mənfi təsir göstərən amillərdən biri deyil: “Nəzərə almaq lazımdır ki, bu günə qədər iki ölkə arasında sülh danışıqlarına ən böyük əngəli Ermənistan tərəfi törədib”. Politoloqun sözlərinə görə, İrəvan etdiyi müxtəlif provokasiyalarla danışıqların ölü nöqtədən tərpənməyinə heç bir təkan verməyib, əksinə, prosesləri ləngitməklə məşğul olub: “Həm Ermənistanın müxtəlif təxribatları, həm də onun havadarlarının bölgə ilə bağlı yanlış siyasətləri nəticəsində nəinki Azərbaycanla Ermənistan arasında yekun sülh sazişi bağlı ciddi irəliləyişlər var, əksinə Ermənistanın hər gün daha da silahlandırıldığını və bölgədə sülh əleyhinə sabotajçı qüvvə kimi ondan istifadə edildiyini görürük. Digər bir tərəfdən nəzərə almalıyıq ki, Zəngəzur dəhlizi Ermənistanın bir dövlət olaraq 10 noyabr bəyanatında üzərinə götürdüyü öhdəlikdir. Bu gün nə qədər ki, Ermənistan hakimiyyəti, ictimai-siyasi camiyəsi bu prosesdən boyun qaçırtmağa və ya müxtəlif kontektslərdə manipulyasiya etməyə çalışsa da, reallıq dediklərimizdən ibarətdir. Bu baxımdan Zəngəzur dəhlizi ilə bağlı məsələ əvvəl-axır Azərbaycanın tələblərinə uyğun yerinə yetirilməlidir”.

T.İsmayılov əlavə etdi ki, sadəcə olaraq rəsmi Bakı növbəti dəfə böyüklük göstərib, dövlət etikası nümayiş etdirərək danışıqlar prosesinin dalana dirənməməsi üçün  belə bir addım atıb: “Ancaq bu, o demək deyil ki, Zəngəzur məsələsi arxa plana keçib. Bununla Azərbaycan növbəti dəfə nümayiş etdirmiş olur ki, bütün kompromislərə və səmimi niyyətlərinə rəğmən, onun qarşısında sülhlə bağlı mesajlar verib, praktikada sülh prosesini sabotaj edən bir dövlət dayanıb”.

Yazı çapa hazırlanarkən məlum oldu ki, Rusiya prezidenti Vladimir Putin Bakıda anons etdiyi kimi, Ermənistanın baş naziri Nikol Paşinyanla danışıb. Erməni mediası bildirir ki, Paşinyanla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Respublika hökumətinin mətbuat xidmətindən verilən məlumata görə, Putin Paşinyana ötən həftə Azərbaycana səfərinin təəssüratları barədə məlumat verib və buna görə Ermənistanın baş naziri Rusiya Federasiyası prezidentinə təşəkkür edib. Həmsöhbətlər Ermənistan-Rusiya ikitərəfli gündəliyinə dair məsələləri müzakirə etmək üçün imkan daxilində görüşmək barədə razılığa gəliblər.

İstisna deyil ki, Azərbaycan Prezidentinin Ermənistanla perspektiv münasibətlər, sülh mövzusu, Zəngəzur dəhlizi və sair məsələlərlə bağlı mövqeyi də Paşinyana bir daha xatırladılıb. Həm də Zəngəzur dəhlizi bu gün Rusiya üçün çox vacib layihədir, o mənada kənarda qalması mümkünsüzdür. Paşinyan üçün “qum saatı”nın işə salındığını söyləmək olar, indi görək onu hind, ya fransız silahları xilas edəcəkmi?.. 

E.Paşasoy,
“Yeni Müsavat”

24.08.2024 08:20
9841