Ermənistan XİN-in Azərbaycanın COP29-dan guya Ermənistana hücuma hazırlıq məqsədilə “tüstü pərdəsi” kimi istifadə etdiyini iddia edərək, Azərbaycana COP29-la bağlı səfər etməkdən çəkinməyə çağıran yalan dolu təbliğatı təəssüf doğurur.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibinin Ermənistanın hərbiləşdirilməsinə bəraət qazandırması və Azərbaycandan iddia olunan təhdidlər barədə söylədiyi fikirlərə dair şərhində bildirilib.
Qeyd olunub ki, erməni tərəfinin bu problemlərə məhəl qoymamaq məntiqi onu göstərir ki, bu ölkə davamlı sülhdə maraqlı deyil və gələcəkdə Azərbaycana qarşı növbəti dəfə təcavüzə başlamaq üçün bu vəziyyəti ehtiyat variant kimi saxlamağa çalışır: “Ermənistan ziddiyyətli bəyanatlardan, təxribat xarakterli addımlardan çəkinməli, beynəlxalq hüququn norma və prinsiplərinə hörmət etdiyini öz fəaliyyəti və real addımları ilə nümayiş etdirməlidir”.
Siyasi şərhçi Heydər Oğuz "Yeni Müsavat"a deyib ki, Ermənistan XİN-in Azərbaycanın COP29-dan guya Ermənistana hücuma hazırlıq məqsədilə “tüstü pərdəsi” kimi istidafə etməsi barədə iddiasını “çətin reallıq qarşısında çabalamaq” kimi qiymətləndirib.
Heydər Oğuz
Onun fikrincə, COP29-a hazırlıq və tədbirin beynəlxalq əhəmiyyəti Azərbaycan hakimiyyətini daha da sülhsevər edib: “Bəzi hallarda ermənilərin təxribatlarına həssas yanaşan rəsmi Bakı son zamanlar daha təmkinli davranır. Ermənilərin Naxçıvana tez-tez təkrarlanan uğursuz hücumları, rəsmi İrəvanın ərazi bütövlüyümüzü şübhə altına alan cəfəng iddiaları adətən kiçik iradlarımızla ötüşdürülür. Halbuki, onların hər biri rəsmi Bakını ciddi cavab verməsi üçün əsas yaradırdı”.
Heydər Oğuz vurğulayıb ki, Paşinyan hakimiyyəti öz ölkəsinin hərbi qurumlarına faktiki rəhbərlik edə bilmir: “Ya da özü onların təxribatlarına münbit şərait yaradaraq Azərbaycanın sərt tədbirlər görməyə təşviq etmək istəyir. Bununla da özünü “fağır” göstərib guya Qərbin daha çox dəstəyini qazanmağa çalışır. Ya da Ermənistandakı Rusiyaya bağlı "5-ci kolon"unun generalları Azərbaycanın “Zəngəzuru işğaldan azad etməyə hazırlaşdığını” uyduraraq ictimaiyyəti qıcıqlandırmaqla, Paşinyanı devirməyi planlaşdırırlar. Səbəb nə olursa olsun, rəsmi Bakı öz təmkinini qoruyur, son zamanlar onsuz da regionumuzda gərginləşən geosiyasi ortamda əlavə problem yaratmaq istəmir.
Həmsöhbətimizin fikrincə, hər təmkinin də bir sərhədi var: “Yaranmış situasiya Azərbaycanı erməni təxribatçılarına qarşı sərt tədbirlər görməyə vadar edə bilər. Bunu dövlətimizin təhlükəsizlik maraqları tələb edir. Xüsusilə Zəngəzur dəhlizinin müxtəlif bəhanələrlə indiyədək açılmaması və bu prosesin qəsdən uzadılması vəziyyəti daha da mürəkkəbləşdirir. İran-İsrail arasında son zamanlar münasibətlərin gərginləşməsi və şimal qonşumuz kimi, cənub qonşumuzun da aranı qarışdırmaq üçün Zəngəzur dəhlizində təxribatlar törətmək ehtimalları təkcə Azərbaycanı deyil, həm də Ermənistanı və Cənubi Qafqazda marağı olan digər qüvvələri də ciddi şəkildə düşündürməlidir. İrəvan ya öz ərazisindəki xarici qoşunları çıxarıb sərhədlərinin qorunmasının məsuliyyətini üzərinə götürməli, ya da Azərbaycanın və Türkiyənin proseslərə müdaxiləsi ilə razılaşmalıdır. Çünki bu məsələ onların suverenliyini və ərazi bütövlüyünü təhlükə altında qoya bilər”.
Heydər Oğuz bildirib ki, İsrail yetkililəri açıq şəkildə İrana hücum edəcəklərini deyirlər: “İran da öz növbəsində bu hücum reallaşacağı təqdirdə ABŞ-ın regiondakı müttəfiqlərini, o cümlədən Azərbaycanı hədəfə alacağını gizlətmir. Azərbaycanın isə İran qarşısında iki zəif tərəfi var: biri Xəzərdəki qaz və neft yataqları, digəri isə Zəngəzur keçidinin qərb və şərq hissələrində yerləşən tarixi Azərbaycan torpaqları. Bu ərazi üzərindən Naxçıvana və digər qərb rayonlarımıza təxribatçı müdaxilə istər-istəməz Azərbaycanla Ermənistan arasında ciddi toqquşmalara gətirib çıxara bilər. Nəzərə alsaq ki, Rusiya üçün də bu təxribat Qərbin diqqətini Ukraynadan yayındırmaq baxımından çətin ələ düşən fürsətdir, o zaman regionun təhlükəsizliyi bizim də prioritetlərimizdən birinə çevrilir”.
Heydər Oğuzun fikrincə, Ermənistanın son zamanlar təxribatçı bəyanatlar verməsi məkrli planın tərkib hissəsi kimi görünür: “Belə anlaşılır ki, İrəvan ya qarşı-qarşıya qaldığımız həssas vəziyyəti düzgün qiymətləndirə bilmir, ya da “bulanıq suda balıq tutmaq” eşqindədir. Rəsmi Bakı vəziyyətin mürəkkəbliyini nəzərə almalı və İrəvanın Qərb havadarlarını durumla bağlı xəbərdar etməlidir. Başa salmalıdır ki, sizin nəyin bahasına olursa olsun himayə etməyə çalışdığınız Ermənistan hansısa region qüvvələrin vəziyyəti tündələşdirmək üçün faylandığı alətə çevrilib. Ya ona sahib çıxıb yerində oturdun, ya da arzulamadığımız bu ağır vəzifəni özümüz yerinə yetirə bilərik”.
Elşən MƏMMƏDƏLIYEV,
"Yeni Müsavat"