Ukraynaya qarşı işğalçı müharibə aparan Rusiya Qərbin ona satışını qadağan etdiyi məhsulları bir sıra ölkələrin köməyi ilə rahatlıqla əldə edə bilir. Ötən ilin payızından Qərb dairələrində ciddi narahatlığa səbəb olan bu prosesdə ən aktiv vasitəçi ölkələrdən biri Ermənistandır. Məhz Ermənistanın sayəsində Rusiya Ukraynaya atdığı öldürücü raketləri istehsal edə, minlərlə günahsız insanı qətlə yetirə bilir. İrəvanın Rusiyaya qarşı sanksiyalardan qazanmaq hərisliyi ABŞ və Avropanın Ukraynaya özünümüdafiə üçün verdiyi yüz milyardlarla dollarlıq texnikanın Rusiya tərəfindən məhv edilməsinə gətirib çıxarır...
Ermənistanın Rusiyaya Qərb sanksiyalarından yayınmaqda yaxından kömək etdiyini, bu ölkəyə öldürücü silahlar yaratmaq üçün zəruri komponentləri çatdırdığını isbat etmək elə də çətin deyil. Belə ki, Ermənistan Statsitika Komitəsinin məlumatına görə, ölkənin Avrasiya İqtisadi Əməkdaşlıq İttifaqı üzvləri ilə ticarətinin həcmi 2022-ci ildə 2021-ci illə müqayisədə 92,7 faiz artaraq 5 milyard 267 milyon dollara yüksəlib. Bu zaman ixrac 2,8 dəfə artmaqla 2,5 milyard dollar təşkil edib. Və bunun nə az, nə çoxu – 2 milyard 411 milyon dolları Rusiyaya reallaşdırılıb.
Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan etiraf edir ki, bu ixracın əhəmiyyətli hissəsi reeksportdur. Lakin nazir iddia edir ki, hökumət bu prosesə nəzarət edir ki, sanksiya siyahısında olan məhsullar Rusiyaya çatdırılmasın. Lakin faktlar göstərir ki, bu nəzarət sözdədir. Çünki əgər Rusiyaya Qərbin qadağan etdiyi məhsullar reeksport edilmirdisə, bu alver 2022-ci ilin əvvəlində də qeydə alınardı. Amma ötən ilin birinci yarısında Ermənistanın ümumi ixracı cəmi 546 milyon dollar təşkil edib. İkinci yarımildə bu göstərici 3 dəfə artaraq 1 milyard 860 milyon dollara çatıb.
Vaan Kerobyan
İxracın tərkibinə baxanda da Ermənistandan Rusiyaya məhz qadağan olunan malların reixracının baş verdiyi görmək mümkündür. Məsələn, ötən il heç bir yeni istehsal müəssisəsi işə salınmadan ermənilər xaricə - əsasən Rusiyaya 2021-ci ildəkindən 11 dəfə çox – 695 milyon dollarlıq mexaniki və elektron avadanlıq ixrac ediblər.
Ermənistan yalnız qadağan olunmuş Qərb mallarının Rusiyaya ixracından deyil, bir sıra Qərb ölkələrinin idxalını qadağan etdiyi Rusiya məhsullarının ixracından da qazanır. Məsələn, 2022-ci il ərzində Ermənistanın brilyant ixracı 4 dəfə artaraq 418 milyon dollara yüksəlib. Rusiyadan brilyantı alan ermənilər onu digər ölkələrə, xüsusilə də Birləşmiş Ərəb Əmirliklərinə satıblar.
Ötən il Ermənistanda hazır qida məhsullarının(təzə meyvə-tərəvəz nəzərə alınmadan) istehsalı cəmi 7 faiz, onların ixracı isə 70 faiz artaraq 130 milyon dollar təşkil edib. Bu ixracın 80 faizdən yuxarısı Rusiyaya reallaşıb.
Maraqlıdır ki, ABŞ başda olmaqla, Qərb Rusiyaya satışı qadağan olunan malların dünyadakı hərəkətini izləmək üçün nəzarət mexanizmlərini daha da sərtləşdirir. Aprel ayı ərzində ABŞ Maliyyə Nazirliyinin yüksək vəzifəli şəxsləri Avstriya, Almaniya, İtaliya, Qazaxıstan, Qırğızıstan və İsveçrəyə gedərək Rusiyanın sanksiyalardan yayınmasına qarşı mübarizə tədbirlərini müzakirə ediblər. Avstriya, Almaniya, İtaliya və İsveçrədə əsas diqqət aldıqlarını Rusiyaya reeksport edə biləcək üçüncü ölkələrlə ticarətə nəzarətin artırılması, Qazaxıstan və Qırğızıstanla isə qadağan olunan malların Rusiyaya çatdırılması imkanlarının qarşısının alınması müzakirə olunub. Bundan əvvəl fevral ayında ABŞ Maliyyə Nazirliyinin nümayəndələri Türkiyədə olaraq, eyni məsələni müzakirə ediblər. Nəticədə Türkiyə gömrük orqanları Rusiyaya tranzit olaraq keçirilən yüklərə, yerli şirkətlərin bu ölkəyə satışlarına nəzarəti sərtləşdirib.
ABŞ-ın Almaniyada ticarət nəzarətinin gücləndirilməsi ilə bağlı müzakirə başlatması təsadüf sayılmır. Çünki ötən ilin ikinci yarısından etibarən bir sıra ölkələrin, o cümlədən Ermənistanın Almaniyadan müxtəlif ağır texnika, elektronika məhsulları idxalında kəskin artım qeydə alınıb. Ermənistana münasibətdə bu artım 5-6 dəfədən çoxdur. Məhz ötən ilin ikinci yarısında Avropa İttifaqı öz ərazisindən Ermənistan vasitəsilə Rusiyaya qadağan olunan malların çatdırılması ehtimalından narahatlığını ifadə etməyə başlayıb. Daha sonra isə ABŞ Maliyyə Nazirliyi Ermənistana məxsus “Milandr” şirkətini Rusiyaya gizli yolla mikroçip tədarük etdiyinə görə qara siyahıya salıb. Bu ilin aprelində ABŞ Maliyyə Nazirliyi Ermənistan tərəfinə Rusiyaya qarşı tətbiq olunan sanksiyaların mümkün pozulması ilə bağlı xəbərdarlıq edib. Bu barədə ABŞ maliyyə nazirinin birinci müavini Adevale Adeyemo ilə Ermənistanın baş nazir müavini Mger Qriqoryanın aprelin 12-də baş tutan görüşündə müzakirə aparılıb. Nazirliyin rəsmi açıqlamasına görə, görüşdə ABŞ-ın Rusiyanın sanksiyalardan yayınma imkanlarının qarşısının alınması üçün göstərdiyi səylər Ermənistan rəsmisinin diqqətinə çatdırılıb.
Görüş baş tutan gün ABŞ Maliyyə Nazirliyi Rusiyaya sanksiya siyahısında olan malları dolayı yolla çatdırmaq ittihamı ilə 27 şirkəti qara siyahıya saldığını açıqlayıb. Onların arasında Ermənistanın 1 şirkəti də var. Bu, Tako LLC adlı şirkət İrəvanda qeydiyyatdan keçib. Şirkət Rusiyanın sanksiya altında olan “Radioavtomatika” ASC şirkətinə qadağan olunmuş elektron komponentləri tədarük etdiyinə görə qara siyahıya salınıb.
Xatırladaq ki, Rusiyaya sanksiyalardan yayınmaqda kömək etdiyinə görə Ermənistana daha bir xəbərdarlıq Almaniyada edilib. Baş nazir Nikol Paşinyanın bu ölkəyə rəsmi səfəri zamanı Almaniya kansleri Olaf Şols İrəvanı Rusiyaya yardımdan çəkinməyə dəvət edib. Erməni mənbələri Paşinyan Almaniyadan gələndən sonra Rusiyaya ixracın ciddi nəzarətə alındığına dair məlumat yaysalar da, bir ay sonra ABŞ-dan daha sərt xəbərdarlığın səslənməsi “nəzarət”in heç də yetərli səviyyədə olmadığından xəbər verir.
2023-cü ilin 4 ayı üzrə Ermənistanın xarici ticarət statistikasına nəzər yetirsək, Rusiyaya qadağan olunan malların reeksportunun tam sürəti ilə davam etdiyini görərik. Dörd ayda ermənilərin xarici ticarəti 2022-ci ilin eyni dövrü ilə müqayisədə 99,4 faiz artmaqla 5 milyard 804 milyon dollara çatıb. Bu ticarətin az qala yarısı Rusiya ilə həyata keçirilib – 2 milyard 33 milyon dollar.a Bu zaman ötən ilin eyni dövrünə nəzərən alverin həcmində 2,3 dəfə artım var. Sanksiya altında olan Belarusla ticarət də eyni artımla 65 milyon 567 min dollara yüksəlib.
Dörd ayda Ermənistanın Avropa İttifaqı ilə ticarəti ötən illə müqayisədə 57,1 faiz artmaqla 918 milyon 508 min dollara çatıb. Bunun 230 milyon 447 min dolları Almaniya(artım 92,5 faiz),138 milyon 235 min dolları Niderland(artım 54, 2 faiz), 123 milyon 274 min dolları İtaliya(artım 40,3 faiz), 93 milyon 974 min dolları Polşa(artım 4,4 dəfə) və digərləri ilə reallaşıb.
Ermənilər bu ilin dörd ayında ABŞ-la ticarəti 2,6 dəfə artırmaqla 235 milyon 974 min dollara, Yaponiya ilə 6,1 dəfə artırmaqla 144 milyon 705 min dollara, Birləşmiş Ərəb Əmirlikləri ilə 7,1 dəfə artırmaqla 388 milyon 840 min dollara çatdırıblar.
Yanvar-apreldə Ermənistanın ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 dəfə artaraq 2 milyard 158 milyon dollar təşkil edib. Bunun 1 milyard 64 milyon dolları Rusiyaya(artım 3,8 dəfə), 27 milyon 457 min dolları Belarusa(artım 4,1 dəfə) reallaşıb.
İxracın 508 milyon 61 min dollarını(3,9 dəfə artım) “qiymətli və yarımqiymətli daşlar,qiymətli metallar və onlardan hazırlanan məmulatlar”, 368 milyon 439 min dollarını(15 dəfə artım) “maşın və mexanizmlər, avadanlıqlar”, 225 milyon 292 min dollarını(18,2 dəfə artım)“yerüstü, hava və su nəqliyyatı vasitələri” təşkil edib.
Ermənilərin dörd ayda illik ifadədə 93,9 faiz artıb 3 milyard 645 milyon dollar təşkil edən idxalında Avropa İttifaqının payı 2,1 dəfə artaraq 728 milyon 37 min dollar olub. Bu zaman Almaniyadan idxal 2,4 dəfə artmaqla 203 milon 904 min dollara, İtaliyadan idxal 67,3 faiz artmaqla 97 milyon 974 min dollara, Niderlanddan idxal 95,8 faiz artmaqla 59 milyon 78 min dollara çatıb.
Yanvar-apreldə ermənilər ABŞ-dan idxalı 3,9 dəfə artırıb 284 milyon 199 min dollara çatdırıblar.
Rəsmi statistikadan o da aydın olur ki, Ermənistanın dörd aylıq idxalında elə ixracda üstünlük təşkil edən mal qrupları yüksək paya malik olub: “maşın və mexanizmlər, avadanlıqlar” 2,8 dəfə artmaqla 793 milyon 362 min dollar, )“yerüstü, hava və su nəqliyyatı vasitələri” 5,4 dəfə artmaqla 693 milyon 417 min dollara, “qiymətli və yarımqiymətli daşlar,qiymətli metallar və onlardan hazırlanan məmulatlar” 4,9 dəfə artmaqla 444 milyon 664 min dollara çatıb.
Göründüyü kimi, ermənilər ABŞ və Avropanın gözü qarşısında Rusiyanın hərb sənayesini zəruri məhsullarla təmin edirlər. Onlar Rusiyaya qadağan olunan malların çatdırılması prosesini nəzarətdən yayındırmaq üçün yollar tapmağa çalışırlar. Artıq bu istiqamətdə ciddi addımlar da atıblar. Belə ki, Ermənistanla Rusiya qarşılıqlı ticarətdə dollar və avrodan imtina ediblər. Bu barədə Ermənistanın iqtisadiyyat naziri Vahan Kerobyan martda “Vedomosti” nəşrinə müsahibəsində məlumat verib. Nazir bildirib ki, tərəflər qarşılıqlı hesablaşmalarda dollar və avrodan istifadəni tam dayandırıblar. Bu isə o deməkdir ki, Ermənistan şirkətlərinin xaricdən aldıqları qadağan olunmuş malların Rusiyaya hərəkəti izlənə bilməyəcək – hesablaşmalar SWIFT sistemindən kənarda və açıqlanan məlumatlara görə, daha çox yuanla həyata keçirildiyinə görə ABŞ və Avtopa İttifaqı ticarətin hansı şirkətlər arasında reallaşdığını izləyə bilməyəcəklər.
Çox maraqlı bir fakt budur ki, Ermənistanın xarici ticarətinin həcmi aprel ayında martla müqayisədə 13 faizdən çox azalma nümayiş etdirsə də, mayda yenidən martdakı həcmdən də yüksəyə çatıb. Bu isə o deməkdir ki, onlar sanksiyalı məhsulları Rusiyaya çatdırmağın daha etibarlı yollarını təmin edə biliblər.
Qeyd edək ki, Avropa Komissiyası 2022-ci ilin dekabrında sanksiyalardan yayınan fiziki şəxslərin(Avropa İttifaqı ölkələrinin vətəndaşları –red.) 5 il azadlıq məhrum edilməsi, şirkətlərin isə ümumi dövriyyələrinin 5 faizi həcmində cərimələnməsinə dair qərar qəbul edib. Eyni zamanda Avropa İttifaqı daxilində Rusiyanın hərb sənayesində istifadə edə biləcəyi məhsulların bu ölkəyə dolayı yollarla çatdırılmasının qarşısını almaq üçün daha sərt addımların atılması ilə bağlı müzakirələr aparılır. Bu addımlar Avropa Komissiyasının Rusiyaya qarşı hazırlamaqda olduğu 11-ci sanksiya paketində əksini tapmalıdır.
Bloomberg Agentliyinin yazdığına görə, sanksiya paketində əsas diqqət Ermənistan, Birləşmiş Ərəb Əmirlikləri və Mərkəzi Asiya ölkələrinə Rusiyaya satışı qadağan olunan məhsulların satışının qarşısının alınmasına yönəldilib. Lakin neçə aylardır müzakirə olunmasına baxmayaraq, Avropa ölkələri bu məsələdə razılığa gələ bilmirlər.
ABŞ isə Avropadakı müttəfiqlərini prosesi tezləşdirməyə təşviq edir. Lakin ermənilərin bu ölkənin özündən mikroçipləri alaraq Rusiyaya ötürməsinə lazımi qədər sərt reaksiya görünmür. 2022-ci ildə Ermənistan ABŞ-dan mikroçip idxalını 6 dəfəyə yaxın artırıb. Bunun qarşılığında ABŞ Ermənistanın iki şirkətini qara siyahıya salmaqla kifayətlənib...
Bu gün bütün dünyanın qəbul etdiyi bir reallıq var: Rusiyanın Ukraynada qalib gəlməsi yalnız Ukrayna xalqının deyil, ABŞ və bütövlükdə Qərb dünyasının məğlubiyyəti olacaq. Rusiyanın qalibiyyəti üçün canfəşanlıq edən Ermənistanın bu prosesdəki rolunun xüsusilə ABŞ tərəfindən doğru qiymətləndirilməklə, gərəkən addımların, özü də vaxtında atılıb-atılmayacağını tezliklə görəcəyik. Hazırda Vaşinqton bir növ seçim qarşısındadır: dövlət maraqları, yoxsa ermənilər? Ümid edirik ki, seçim dövlət maraqları olacaq...
Musavat.com