Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Zəfər parkının açılı zamanı Ermənistanla münasibətdə bir sıra vacib məqamlara toxunub. Dövlət başçısı bildirib ki, bu ölkənin Qərb havadarları Ermənistandan “sülh göyərçini” düzəltmək istəyirlər.
"Sanki bu 30 illik işğal olmayıb, dağıntılar olmayıb, vəhşilik olmayıb, Xocalı soyqırımı olmayıb. Məscidlərimizin, qəbirlərimizin dağıdılması, bütün Qarabağın, Şərqi Zəngəzurun viran edilməsi sanki olmayıb. Yəni, bunu unutdurmaq, dünya ictimaiyyətinə unutdurmaq istəyirlər. Amma biz heç vaxt bunu unutmayacağıq və Azərbaycan xalqı heç vaxt bunu unutmamalıdır, bizdən sonra gələn nəsillər bu tarixi bilməlidirlər və heç vaxt unutmamalıdırlar. Necə ki, biz Qarabağı 30 il ərzində unutmamışdıq, necə ki, 30 il ərzində xalqımız bir nöqtəyə vuraraq bu Qələbəni yaxınlaşdırırdı. Bundan sonra da bu tarixi yaddaş heç vaxt yadımızdan çıxmamalıdır".
Bəli, 30 ilə yaxın müddətdə Azərbaycan bu işğalla barışmadı.44 günlük müharibə və antiterror əməliyyatı ilə ərazi bütövlüyünü bərpa etdi. Ermənistanı kapitulyasiyaya məcbur etdi.
Bir gün ərzində 71 kəndin, bir qəsəbənin və 8 strateji yüksəkliyin azad edilməsindən sonra qarşı tərəf sülhə razılaşdı. Əslində, bu, düşməni sülhə məcbur etməkdən əlavə, biabırçı kapitulyasiya aktı idi. Ermənistanin baş naziri Nikol Paşinyan etiraf etdi ki, onlar Azərbaycanı sülhə məcbur edəcəklərini düşünüblər, lakin hadisələrin gedişi formatı dəyişdirib. Və müharibənin yarısında anlaşılıb ki, daha gecdir, geri çəkilmək mümkün deyil. Çünki Ermənistan ictimaiyyəti bunu Paşinyana bağışlamayacaqdı. Qarşı tərəf Azərbaycanın atəşkəs dövründə belə inkişaf edəcəyini, silahlı qüvvələrini modern şəkildə formalaşdıracağını gözləməyib.
Şuşanın azad edilməsi isə işğalçını istər mənəvi-psixoloji, istərsə də hərbi-starteji planda diz çökdürdü. Azərbaycan Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin bəyanatı bunun deyure və defakto təsdiqi idi.
Ermənistan baş nazirinin videokonfrasda iştirak etməsinə isə Azərbaycan Prezidenti israr etmədi. Alçalmış şəxsin bir daha alçalmasını istəməyib. Əsas fikir bundan ibarət idi ki, Ermənistan bu sənədi imzalayacaq. Həqiqətən də noyabrın 10-da Paşinyan sənədi imzaladığını açıqladı. Noyabrın 9-dan 10-a keçən gecə Prezident İlham Əliyev xalqa müraciətində bildirdi ki, bu şanlı qələbədir və bütün bu nailiyyətlər çox qısa bir müddətdə - 44 gün ərzində baş verdi. Bununla da azərbaycan regionda lider mövqeyini daha da möhkəmləndirdi.
Prezident İlham Əliyevin fəxrlə bəyannaməyə imza atması, Azərbaycan xalqının əhval-ruhiyyəsi, bayram sevinci kimin qalib, kimin isə məğlub olduğunu aydın şəkildə nümayiş etdirdi.
30 ildir danışıqlar prosesində Ermənistan nail olmaq istədiklərinin heç birini əldə edə bilmədi, Dağlıq Qarabağın statusunun müəyyən edilməsi məsələsi tarixin bir daha açılmayacaq arxivinə getdi. Qarabağda yeni erməni dövlətinin yaradılması planları altüst oldu. Sentyabrın 27-dən başlanan Vətən müharibəsi sonda Azərbaycanın tam qələbəsi ilə nəticələndi.
Lakin bu qələbə ilə Qərb dairələri, xüsusi ilə Fransa, Amerika kimi qüvvələr heç cürə barışa bilmirlər. Ermənistanın arxasında duran bir çox dövlətlər Azərbaycan xalqının bu işğalla barışması üçün müxtəlif üsullardan istifadə edirdilər. Ermənistan-Azərbaycan münaqişəsini guya həll etməyə çalışan vasitəçilər dəfələrlə bəyan edirdilər ki, bu münaqişənin hərbi həlli yoxdur.Havadarları 30 il ərzində silah, pul dəstəyi göstərirdi. Məqsəd isə Qarabağı əbədi işğalda saxlamaq idi. İndi də o havadarlar iş başındadırlar. Əks halda ABŞ Ermənistanda niyə təlim keçirir və niyə gizli şəkildə Ermənistanı silahlandırır.
Hələ bir müddət öncə Azərbaycan mətbuatı konkret foto və sənədlərlə ABŞ- nin Ermənistanı silahlandırması və revanşist qüvvələri yeni gərginliyə həvəsləndirməsi ilə bağlı açıq informasiyalar dərc etmişdi. Bu məlumatlarda deyilirdi ki, ABŞ Silahlı Qüvvələrinə məxsus "Boeing C-17" hərbi yük təyyarəsi ilə Ermənistan Silahlı Qüvvələri üçün yeni nəsil silahlar - snayper tüfəngləri, gecəgörmə cihazları, xüsusi rabitə vasitələri, zirehli texnika gətirilib. Qeyd olunur ki, ABŞ Ermənistanı silahlandırmaqla yanaşı, həm də onun ərazisindən istifadə etməklə İranda kəşfiyyat işləri aparır.
Göründüyü kimi ABŞ, Faransa, Avropa İttifaqının bəzi ölkələri və Hindistan Ermənistanı silahlandırmaqla bölgədə gərginliyi artırmağa çalışırlar.
Avropa Birliyinin birinci sammitində Makron çalışırdı ki, prezident İlhamə Əliyevə təzyiqlər göstərsin və Azərbaycanda qondarma müşahidəçilər yerləşdirsin. Dövlət başçısının isə buna yanaşması ondan ibarət oldu ki, onlara ehtiyacımız yoxdur, lüzum görmürük.
Qərb isə planlarının baş tutmadığını görüb, Ermənistanı silahlandırmağa başladı.Bu proseslərin arxasında Qərb qütbünün məkrli, dağıdıcı və təhrikçi siyasəti durur.
Bu barədə dövlət başçısı İlham Əliyev də Zəfər parkında çıxış edərkən bildirib:
"İkinci Qarabağ müharibəsinin, antiterror əməliyyatının nəticələri hesab edirəm ki, Ermənistanın bu günə qədər düzgün addımlar atması üçün kifayətdir. Ancaq bir məsələ var, onu da biz unutmamalıyıq ki, bu gün bu vəziyyətlə barışmaq istəməyən anti-Azərbaycan qüvvələr, bəzi Qərb paytaxtlarında oturan islamofoblar, azərbaycanofoblar Ermənistanı yeni müharibəyə təhrik edirlər. Bu, Ermənistan dövləti üçün tam faciə ola bilər və mən dəfələrlə həm rəsmi çıxışlarımda, həm təmaslar əsnasında Ermənistan tərəfinə izah etməyə çalışırdım ki, bundan uzaq dursunlar, o fitnəyə getməsinlər. Öz maraqlarını təmin etmək üçün, onların dostları sayılan bəzi Qərb dövlətləri onları qurban verməyə hazırdırlar ki, yenə də Cənubi Qafqazda ara qarışsın, yenə də qan tökülsün, yenə də onlar bulanıq suda balıq tuta bilsinlər. Hələ ki, gec deyil, ona görə Ermənistan bu silahlandırma siyasətindən əl çəkməlidir, buna son qoyulmalıdır, mən dəfələrlə bunu demişəm və onlar bilirlər ki, mənim sözümə diqqət yetirmək lazımdır. Hələ ki, gec deyil, bundan əl çəksinlər, onlar heç vaxt bizimlə rəqabət aparmaq gücündə olmayacaqlar".
Lakin görünür, Ermənistan, xüsusi ilə Paşinyan hökuməti dəmir yumruq üçün darıxıb. Əks halda sülh müqaviləsinə və Zəngəzur dəhlizinə maneə yaratmazdılar. Paşinyan bir yandan beynəlxalq arenada özünü sülh göyərçini kimi aparır, digər tərəfdən Zəngəzur dəhlizinin açılmasını ləngitmək üçün "Sülh qovşağı" adlı platformanın yaradılması üçün təşəbbüs göstərir.
Ermənistan qondarma layihələrlə çalışır ki, özünü inteqrasiya proseslərinə calaq etsin. Əslində isə buna heç bir hazırlıqları yoxdur. Paşinyan hökuməti hətta üçtərəfli 10 noyabr bəyannaməsinin müddəalarını layiqincə yerinə yetirə bilmədo. Xüsusi ilə kommunikasiyalara aid öhdəliklərin qarşısında aciz qaldı. Bu, onu göstərir ki, Ermənistanın siyasi rəhbərliyi özünü yetkin göstərməyə çalışsa da, amma real fəaliyyətə gəldikdə bacarmır. Hətta Vaşinqtondan, Brusseldən, Parisdən təlimat gözləyirlər.
Fransa Ermənistanı yazıq dövlət kimi göstərir və ermənidən çox erməniçilik edir.
Ümumiyyətlə, Ermənilərlə fransızları birəşdirən oxşar cəhətlərin olmasını tarixi faktlar da təsdiqləyir. Vaxtilə müstəmləkəsi olan Afrikanın yerli əhalisinə divan tutan, təbii sərvətlərini istismar edən, günahsız insanları qətlə yetirən fransızlar kimi, ermənilər də qonşularının ərazilərini mənimsəməkdə fransızlardan geridə qalmırlar. Fransızların Afrikada qaradərililərə, II Dünya müharibəsi dövründə nasist Almaniyası ilə əməkdaşlıq edən kollaboraniostlərin yəhudilərə qarşı törətdikləri cinayətləri tarixi faktlar da təsdiqləyir. XVI əsrdən bəri Afrikada öz ərazilərindən 20 dəfə böyük bir coğrafiyada talançılıq və qətillər törədən Fransa ilə tarixən azərbaycanlılara, türklərə nifrət bəsləyən Ermənistanı birləşdirən amillər eynidir. Yerli əhalinin etirazlarından sonra müstəqillik qazanan ölkələrdə guya yaranan münaqişələri aradan qaldırmaq üçün «sülhməramlı missiya” adı ilə» qoşun saxlayan Fransa Cibutidə, Sahil regionunun Çad, Mali, Qabondan tutmuş Seneqala qədər uzanan ərazidə hərbi bazalarını yerləşdirdi. Azadlıq uğrunda gedən müharibələrdə 2 milyondan çox afrikalı qətlə yetirildi. Fransızların Əlcəzairdə, Ruandada törətdikləri hərbi cinayətlər dəhşətləri ilə insanın qanını dondurır.
Eyni dəst-xətti təkrar edən Ermənistan qəddarlığına görə Fransadan heç də geridə qalmır.
Bu ilin aprelin 5-də ABŞ-Ermənistan-Avropa İttifaqı arasında Brüsseldə keçirilən üçtərəfli görüşdə İrəvana geniş hərbi dəstəyin göstərilməsinə dair sənədin üzə çıxması ildırım sürəti ilə siyasi gündəmə oturdu. Qərbin Ermənistan üzərindən Cənubi Qafqaza yerləşmək, ayırıcı xətlər yaratmaq planlarını faktlarla üzə çıxaran bu sənədin Vaşinqton tərəfindən dərhal "dezinformasiya" adlandırılması isə hadisələri başqa bir müstəviyə daşıdı və ABŞ-nin riyakarlıq etməkdə, həqiqətləri danmaqda, yalan danışmaqda israrlı olduğunu ortaya qoydu.
Halbuki hələ bu sənədin aşkara çıxmasından və üçtərəfli görüşdən xeyli əvvəl sözügedən toplantının hərbi komponentlər ehtiva edəcəyi hər kəs tərəfindən bilinən gerçəklik idi. Çünki Ermənistan nümayəndə heyəti ABŞ-də səfərdə olanda da, digər görüşlərdə də 5 aprel görüşünün gizlin saxlanan hərbi detalları müzakirə obyekti olmuşdu.
Bütün bunları Prezident İlham Əliyev aprelin 3-də dövlətimizin başçısına zəng vuran ABŞ Dövlət katibi Entoni Blinkenin özünə də demiş, onda olan məlumata görə, üçtərəfli görüşə hazırlıq prosesində Ermənistana hərbi dəstək və birgə hərbi təlimlərin keçirilməsi, Azərbaycan ilə sərhədyanı ərazilərdə hərbi infrastrukturun yaradılması, Avropa İttifaqının Avropa sülh mexanizmi xətti ilə və ABŞ büdcəsi hesabına Ermənistanın silahlandırılması kimi məsələlərin də müzakirə olunduğunu söyləmişdi.
ABŞ Dövlət katibi isə sözügedən toplantının əsas mahiyyətini Ermənistanın iqtisadi inkişafı məsələlərinin təşkil edəcəyini vurğulamışdı.
Ancaq Blinkenin bu sözlərinin həqiqəti əks etdirmədiyi həmin andan bəlli idi və son günlər görüşlə bağlı yayılan sənəd də təkzibolunmaz şəkildə ortaya qoydu ki, Ağ Ev ağ yalan danışır. Əslində, Azərbaycanın müdaxiləsindən sonra 5 aprel görüşündə bu gizlədilsə də, ortada real gizli hərbi pakt var. Ermənistana hərbi dəstəyin göstərilməsi üçün kollektiv Qərb tərəfindən real müzakirələr aparılıb və addımlar atılıb.
Xatırladaq ki, Brüsseldə keçirilən üçtərəfli görüşlə bağlı dərhal Türkiyə və Rusiyadan yüksək səviyyədə reaksiya gəldi, bu görüşün heç də göstərildiyi kimi Ermənistana iqtisadi dəstək məqsədi güdmədiyi, əslində, Cənubi Qafqazda gərginlik yaradılmasına hesablandığı vurğulandı. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü Mariya Zaxarova öz teleqram kanalında yazdı ki, bu görüşlər Azərbaycanla Ermənistan arasında sülhə nail olunmasına deyil, Cənubi Qafqazda yeni bölücü xətlərin yaradılmasına, region ölkələrinin anti-Rusiya gündəliyinə riayət edilməsinə məcbur etməyə, onların Moskva ilə olan çoxəsrlik əlaqələrinin məhv edilməsinə, mövcud regional təhlükəsizlik və iqtisadi əməkdaşlıq mexanizmlərinin sarsıdılmasına yönəlib.
Brüssel görüşü ilə bağlı yayılan sənəd də təsdiqlədi ki, toplantının pərdə arxasında tərəflər arasında hərbi pakt bağlanıb. Bu əməkdaşlığa əsasən, ABŞ İrəvana Strateji Müdafiə İcmalının aparılması və Ermənistan üçün yeni hərbi doktrina hazırlanması üçün ekspert dəstəyi verəcək.
Brüsseldə razılaşdırılan daha bir mühüm məqam isə Aİ və ABŞ-nin Ermənistana öldürücü silahların verilməsinə dair razılığa gəlinməsi idi.
Sülh prosesinə zərbə vurmaq, regionu savaş meydanına çevirmək üçün ABŞ və Fransa başda olmaqla Qərbin siyasi iradəsi olmayan Ermənistan vasitəsilə bölgəyə yerləşmək kimi məkrli cəhdlərini Azərbaycan hər zaman ifşa edib.
Elə 5 aprel görüşünün vaxtından əvvəl Bakı tərəfindən deşifrə edilməsi və ona qarşı ciddi narahatlığın ifadə olunması səbəbindən Qərb Brüssel görüşündə nəzərdə tutulan hərbi komponenti ört-basdır etməyə çalışdı.
Brüsseldə ABŞ-Aİ-Ermənistan üçtərəfli görüşünün keçirildiyi gün Prezident İlham Əliyev Bakıda Türkiyə Böyük Millət Məclisinin deputatı və NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu ilə görüşü zamanı həmin görüşdə cızılan hərbi konturları dəqiqliklə ifadə edərək, bununla Cənubi Qafqaz üçün növbəti təhlükə mənbəyi yaradılır söyləmişdi:
"Lakin biz bunun Azərbaycanın və Cənubi Qafqazda işbirliyinin əleyhinə olduğunu bilirik. Bu, ayırıcı xətlərin yaradılması və ölkəmizi təcrid etmək məqsədi güdür".
Göründüyü kimi, Ermənistan hakimiyyəti sözdə özünü sülh göyərçini kimi göstərir, əməldə isə bütün qapıları döyüb silah alır.
Bu ilin sentyabrın 6- da Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Seula səhər etmişdi.
Seulda danışıqlar aparılıb, daha sonra Cənubi Koreya silahlarının Ermənistana tədarükü ilə bağlı razılıq əldə olunmuşdu.
Xüsusilə, tankların alınması imkanları nəzərdən keçirilmişdi. Söhbət K1 və K2 Qara Pantera tankından, digər silah növlərindən gedir. Qeyd edək ki, K2 "Qara Pantera" Cənubi Koreya ordusunun Müdafiə İnkişafı Agentliyi və "Hyundai Rotem" ("Hyundai Motors"un bölməsi) tərəfindən hazırlanmış əsas döyüş tankıdır.
Amma məsələ təkcə Cənubi Koreya ilə məhdudlaşmamışdı. Ermənistanın silah almaq istədiyi ölkələr sırasına Yaponiya da əlavə oluna bilər. Silahların alınması ilə bağlı danışıqlar aparmaq niyyətində olan Ermənistan nümayəndə heyəti bu ölkəyə də getmişdi.
Ermənistan həmçimin Hindistandan ən çox silah alan ölkələrdən biridir. Məlumata görə, 2024-2025-ci illərdə Ermənistanın Hindistandan alacağı silahların ümumi dəyəri 600 milyon dollar təşkil edəcək.
2021-ci ildən Ermənistan Hindistandan raketlər, artilleriya sistemləri, hava hücumundan müdafiə sistemləri və digər növ silahlar alır. Halbuki Hindistan BMT Təhlükəsizlik Şurasının üzvü olmaq istəyir. Militarizasiya siyasəti həyata keçirən, aqressiv addımlar atan, yeni münaqişə ocaqları alovlandıran daha bir ölkə bu cür mühüm bir qurumda təmsil olunmamalıdır.
Ermənistanın havadarları olan bu ölkələrin Azərbaycana qarşı aqressiv münasibətində artıq tarixdə qalan, qondarma erməni soyqırımını tanıyan, ədalətsiz 907-ci düzəlişi bərpa edən Bayden administrasiyasını da unutmaq olmaz. Bayden idarəçiliyi ABŞ- nin antiazərbaycan siyasətini ən pik həddə çatdırmışdı.
Ermənistanı, Fransanı, hətta Hindistanı belə Azərbaycana qarşı yönəldən məhz Bayden administrasiyası olub.
Bayden administrasiyası yalnız Azərbaycan üçün deyil, dünya üçün də böyük təhlükələr yaradıb. Onun rəhbərliyi altında ABŞ-nin xarici siyasəti yeni münaqişə ocaqlarını alovlandırmaq, dünyanı qan içində boğmaq kimi məqsədlərlə müşayiət olundu. Əfqanıstandan geri çəkilmə fiaskosu, Ukraynada vəziyyətin dərinləşməsi və Yaxın Şərqdəki gərginliklər məhz Bayden administrasiyasının səriştəsiz xarici siyasət kursunun nəticəsidir.
Lakin Bayden, Makron və digər qüvvələr unutmamalıdır ki, Azərbaycan heç bir təzyiq qarşısında geri çəkilməyəcək.
Bayden administrasiyası ölkə daxilində də yarıtmaz siyasəti ilə yadda qaldı. Nə əhalinin sosial durumu yaxşılaşdı, nə iqtisadiyyat irəlilədi, üstəlik, Amerikanın dövlət borcu astronomik həddə yüksəldi. Məhz Bayden administrasiyası Amerikanın ictimai-siyasi həyatının bütün eybəcərliklərini açıb dünyaya nümayiş etdirdi. Onlar Trampa qarşı inzibati resurslardan istifadə etməkdən tutmuş siyasi və fiziki terrora qədər istifadə etdilər, amma öz məqsədlərinə nail ola bilmədilər.
Bayden administrasiyası Amerika tarixinə ən riyakar, nankor və səbatsız bir administtasiya kimi düşdü.
Ancaq baydenlər, makronlar və onların təhriki ilə Azərbaycanı hədəfə götürənlər bilməlidir ki, Azərbaycanı təzyiq yolu ilə heç nəyə məcbur edə bilməyəcəklər. Lazım gələndə Azərbaycan yenə də Ermənistana layiqli cavab verməyə və bütün oyunları pozmağa hazırdır.
Şahanə Rəhimli,
Musavat.com