Ermənistanı sərhəddə Qərb qızışdırır? - reaksiya

Deputat: “Şübhə yoxdur ki, belə aktiv dəstək sayəsində İrəvan regionda yeni eskalasiya planlarını həyata keçirəcək”

Son günlərdə Ermənistan tərəfin Azərbaycanla sərhəddə törətdiyi təxribatların sayı getdikcə artmaqdadır. Xüsusilə aprelin 5-də Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyan, ABŞ dövlət katibi Entoni Blinken, Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen, Avropa İttifaqının xarici məsələlər üzrə ali komissarı Jozep Borrel arasında keçirilən görüşdən sonra təcavüzkar ölkə sanki nəyəsə ümidlənib. 

Deputat Kamran Bayramov “Yeni Müsavat”a ermənilərin fəallaşmasını bu cür izah etdi: “Aprelin 5-də baş tutmuş Brüssel görüşündən sonra Ermənistan ordusunun Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini müntəzəm olaraq atəşə tutması yalnız bir qənaətə işarə edir - rəsmi İrəvan Avropa İttifaqının və ABŞ-ın göstərdiyi diqqətdən və dəstəkdən o qədər ruhlanıb ki, öz cəzasızlığına inanıb. Əslində Ermənistan hakimiyyəti reallıqla əlaqəni itirib və hesab edir ki, Qərbin dəstəyi sayəsində Azərbaycanı təxribata çəkmək üçün kifayət qədər resurslara və imkanlara malikdir. Görünən odur ki, Ermənistanın Vaşinqton və Brüssel cütlüyünün çətiri altına keçməsi, Qərbin Cənubi Qafqazdakı hərbi platsdarmına çevrilməsi şərti sərhəddə erməni silahlı təxribatlarının güclənməsi ilə müşayiət olunacaq”.

Kamran Bayramov : İqtisadi rayonların yeni bölgüsü Qarabağ bölgəsinin  inkişafı üçün geniş imkanlar yaradacaq - AZƏRTAC

Kamran Bayramov

Deputat bir sıra sualların yarandığını dedi: “Sual olunur, otuz ilə yaxın müddət ərzində işğalçılıq siyasətini həyata keçirən, beynəlxalq hüquqa və elementar humanitar hüquq qaydalarına məhəl qoymayan, Cənubi Qafqazda sabitliyi pozan Ermənistanı Qərb niyə müdafiə edir? Hazırda isə Azərbaycanın Ermənistana sülh təklif etdiyi və regionda sülhü bərpa etməyə çalışdığı bir şəraitdə Avropa İttifaqı və ABŞ tam əksinə hərəkət edir, Ermənistana açıq dəstək ifadə edir, onun iqtisadi artımını bərpa etmək, "təhlükəsizliyini" və hərbi potensialını gücləndirmək niyyətində olduğunu bildirir. Heç bir şübhə yoxdur ki, belə aktiv dəstək sayəsində İrəvan regionda yeni eskalasiya planlarını həyata keçirəcək. Yəni bu oyunda kollektiv Qərb öz maraqlarını açıq şəkildə ortaya qoyub və ölkələrin müstəqilliyinin, suverenliyinin, beynəlxalq hüquq prinsiplərinin qorunub saxlanmasında qətiyyən maraqlı deyil. Burada digər bir sual da yaranır ki, bəs bu cür vəziyyət Ermənistana nə verəcək? Ermənistanın istər Vətən müharibəsi, istərsə də antiterror tədbirləri zamanı Rusiyadan istədiyi miqyasda və formada hərbi-siyasi dəstək ala bilmədiyi üçün Qərbə üz tutması anlaşılandır.

Amma Azərbaycanı narahat edən məqam Qərbin rəsmi Bakıya qarşı qərəzli və qeyri-obyektiv davranmasıdır. Avropa Şurası Parlament Assambleyasının ölkəmizin nümayəndə heyəti ilə bağlı açıq-aşkar qərəzli və qurulma qərarı, Avropa Parlamentinin qəbul etmiş olduğu mənasız və sıfır dəyərə malik qətnamələri, domino effekti ilə bəzi Avropa dövlətlərinin parlamentlərinin qəbul etdiyi bəyanatlar hələ də yaddaşımızdadır. Amma bu riyakar və qərəzli münasibətə, İrəvandan gələn ritorikalara, şərti sərhəddə baş verən təxribatlara baxmayaraq, Azərbaycan regionda davamlı sülhün bərqərar olunmasında, sülh müqaviləsinin tezliklə razılaşdırılması və bağlanmasında maraqlıdır, israrlıdır və bunun üçün sülh gündəliyini bundan sonra da təşviq və təbliğ edəcək. Bu mənada Azərbaycan düz yoldadır - öz praqmatizmini və təmkinini qoruyub saxlayır, bütün mövcud ziddiyyətlərə baxmayaraq, Avropa İttifaqı və ABŞ ilə münasibətləri davam etdirir, özünün çoxvektorlu siyasətinə uyğun olaraq siyasi və diplomatik səylərini, müdafiə potensialını və iqtisadi artımını gücləndirir, dünyada öz mövqelərini möhkəmləndirir. Bu məqamda isə Ermənistanın ayılmaq və reallığı qəbul etmək vaxtıdır, çünki sülh onun üçün yeganə qurtuluş düsturudur. Təəssüf ki, öz müstəqilliyini və suverenliyini kollektiv Qərbə satmış İrəvan Azərbaycanı məğlub edə biləcək möcüzə silahı əldə edəcəyinə hələ də əmindir. Burada Ermənistana bir məsləhət vermək də yerinə düşər - çəhrayı eynəkləri erməni burnunuzdan çıxarın, boş ambisiyalarınızı cilovlayın, teatr artistliyi olmadan Azərbaycanla vasitəçisiz danışıqları davam etdirin".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

 

16.04.2024 08:38
709