Prezident İlham Əliyevin Ermənistanı ATƏT-in Minsk Qrupunun ləğvi ilə bağlı rəsmi bəyanat vermək çağırışına İrəvandan ard-arda cavablar gəlir. Təklifə münasibət bildirənlər bir-birinə zidd düşərgələrə mənsub olsalar da, cavablar mahiyyət etibarilə eynidir.
Bu barədə ilk reaksiyanı Ermənistan parlamentinin spikeri Alen Simonyan verdi. Spiker təkliflə bağlı açıqlamasında deyib: “Sülh sazişi imzalanandan sonra Minsk Qrupunun mənası itəcək və bu məsələ də öz-özünə həll olunacaq”.
Maraqlıdır ki, özgə vaxt Paşinyan hakimiyyətinin qanına susayan erməni keşişi Baqrat Qalstanyan da bu dəfə Alen Simonyanla eyni mövqedən çıxış edib. “France-Presse” agentliyinin suallarını cavablandıran keşiş bildirib ki, sülh danışıqlarında ATƏT-in qarant kimi iştirakı son dərəcə vacibdir.
“Bizim əsas dəyişikliyimiz real danışıqların beynəlxalq standartlara uyğun və zaminlərin iştirakı ilə aparılmasını təmin etməkdir. ATƏT bu danışıqların mühüm təminatçısı ola biləcək çox mühüm platformadır”, - deyə o vurğulayıb.
Ermənistanın bir-birinə düşmən düşərgələri niyə artıq siyasi ölüyə çevrilmiş bu təşkilatın yaxasını buraxmaq istəmirlər? ATƏT-in Minsk Qrupu onlara nə verir?
Siyasi şərhçi Heydər Oğuz Musavat.com-a açıqlamasında ermənilərin hələ də Minsk qrupunun himayəsinə bel bağlamasını regionda maraqları olan imperialist qüvvələrə xidmət müqabilində imtiyaz əldə etmək cəhdi kimi qiymətləndirir və İrəvandakı müxtəlif düşərgələrin eyni mövqedən çıxış etməsini təsadüfi saymır:
“Bilirsiniz ki, bütün imperialist qüvvələr öz hegemoniyaları altına almaq istədikləri regionun azsaylı xalqları üzərində məzlum toplum obrazı yaradaraq, guya onun himayədarı kimi çıxış edir və bölgə dövlətlərinə təsir göstərməyə çalışırlar. Məsələn, Pakistanı təsir altında saxlamaq üçün bəluclardan, Türkiyəyə təzyiq üçün PKK-dan və ya yunanlardan, Çinə qarşı Tayvandan və s. təzyiq aləti kimi istifadə edirlər. Azərbaycana ən təsirli təzyiq vasitəsi isə ermənilərdir. Yüz il boyunca yalançı “soyqırım” iddiası ilə beyni zəhərlənmiş, xəyanətləri ucbatından türklərin arasında yaşamağa ekzistensial təhlükə kimi baxan bu xalqın xof və düşmənçilik duyğularından faydalanaraq istənilən an regionda gərginlik yaratmaq və proseslərə müdaxilə etmək mümkündür. Odur ki, Azərbaycanla Ermənistan arasındakı problemin həllini istəmir və konflikti diri tutmaq istəyirlər. Ermənilər də qlobal güc mərkəzlərinin bu istəklərindən maksimum faydalanmağa çalışırlar. Bu mənada ermənilərin hələ də ATƏT-n Minsk qrupunun istinad nöqtəsi kimi seçilməsi başadüşüləndir. İşin ironik tərəfi ondadır ki, Minsk qrupunda təmsil olunan dövlətlərin özlərinin vasitəçilərə ehtiyacları var; Fransa Rusiya arasında gərginlik az qala müharibə həddinə yaxınlaşır. Eynilə ABŞ-la Rusiya arasında da açıq müharibə gedir. Hətta ötən illər ərzində ABŞ-la Fransa arasında da AUKUS layihəsi ilə əlaqədar ciddi problemlər çıxmışdı; Paris ABŞ və İngiltərənin Avstraliya ilə bağladığı ittifaq müqaviləsini özünə qarşı müttəfiq xəyanəti kimi qiymətləndirmişdi. Özünə umac tapa bilməyən Minsk Qrupunun bizə necə əriştə kəsəcəyi sualı ortadadır və ermənilərin bu təşkilatın himayəsinə sığınması sülhə yanaşmaq istəməmələrinin ən bariz örnəyidir.
Üstəlik, Minsk Qrupunda təmsil olunan bu 3 dövlətin üçünün də maraqlarının toqquşduğu geosiyasi məkanlardan biri də Cənubi Qafqazdır. Təbii ki, maraqlar fərqli olduğundan onların himayəsi altında hər hansı sülh danışıqlarına bel bağlamaq mümkün deyil. Görünür, ermənilər də məhz bu toqquşan maraqları manipulyasiya edərək problemin çözülməməsini və əsrlər boyu davam etməsini arzulayırlar. İki dövlət arasında həqiqi sülhün bərqərar olmasını istəyən Azərbaycan isə ermənilərin bu məkrli siyasətinə qarşı çıxır və bu məsələdə kifayət qədər haqlıdır.
Onu da unutmayaq ki, Minsk Qrupunun hər 3 üzvü ermənipərəst mövqeyi və xristian təəssübkeşliyi ilə seçilir. Halbuki, vasitəçilik missiyasına iddia edənlərin tərəfsizliyi vacibdir və bu mənada Azərbaycan haqlı olaraq Minsk qrupunun yenidən fəaliyyətinə razılıq verməz və verməməlidir.
Ən əsası isə, Qarabağdan bütün ermənilər çıxıb getdikdən sonra ATƏT-in Minsk Qrupunun təyinatı üzrə əhəmiyyəti də qalmayıb. Çünki Minsk Qrupu Qarabağ probleminin həlli üçün qurulmuşdu və artıq bu problem öz həllini tapıb. Məntiqlə, Minsk Qrupu da artıq öz mənasını itirib. Ermənilərin bu qrupu bəhanə gətirib sülh danışıqlarını dalana sürükləməsinin heç bir məntiqi əsası yoxdur”.
Heydər Oğuzun fikrincə, erməni tərəfinin Minsk Qrupunu diri tutmağa çalışmasının əsl səbəbini anlamaq üçün bu məsələni sülh danışıqlarına mane olan digər xüsuslardan təcrid edilmiş şəkildə ələ almaq həm özünü, həm də dünya ictimaiyyətini aldatmaq deməkdir: “Bilirsiniz ki, Azərbaycan Prezidenti bu təklifi Ermənistanla bizim aramızda yaşanan məsələlərdən biri kimi dilə gətirmişdi. İlham Əliyevin iddialarına görə, ermənilərlə bizim aramızda həllini tapmamış bir neçə problem var. Onlardan yalnız biri ATƏT-in Minsk Qrupunun mövcudluğu ilə bağlıdır. Bundan əlavə, ermənilər qarşısında Konstitusiyalarında bəzi dəyişikliklər etmək və düşmənçilik mövqeyindən tamamilə geri çəkilmək kimi öhdəliklər də var. Ermənilər bu öhdəlikləri yerinə yetirmədikcə onlarla hər hansı sülh sazişi bağlamaq mümkün deyil. Zənnimcə, bu şərt həqiqətən də olduqca önəmlidir. Çünki ortada “Sürix protokollarının taleyi” kimi mühüm təcrübə var və rəsmi Bakı bu təcrübəni yaddan çıxararaq sülh danışıqları masasına otura bilməz”.
“Sürix təcrübəsi”nin nə olduğuna aydınlıq gətirən Heydər Oğuz hesab edir ki, ermənilər yenidən bu köhnə metodlarından faydalanaraq, Azərbaycanın və Türkiyənin ərazilərinə iddialarını sürdürmək, fürsət tapınca yenidən öz məkrli siyasətlərinə geri qayıtmaq niyyətindədirlər: “Bilirsiniz ki, 2009-cu ilin 10 oktyabrında İsveçrənin Sürix şəhərində Türkiyə və Ermənistan Xarici İşlər nazirləri iki dövlət arasında qalıcı sülh təşəbbüsü ilə bir sıra sənədlər imzalamışdı. “Sürix protokolları” adlanan bu sənədlərin imzalanmasına ATƏT-in Minsk Qrupunun həmsədrləri də şahidlik etmişdi. O zaman həmin protokollarda yer alan prinsiplərdən biri də Ermənistan Konstitusiyasının dəyişdirilməsi idi. Məlumdur ki, Ermənistan Konstitusiyasında Türkiyənin və Azərbaycanın ərazilərinə açıq iddialar var və bu iddialar ortadan qaldırılmadıqca tərəflər arasında hər hansı müqavilə bağlamaq mümkün deyil. Əks halda istər-istəməz Ermənistanın Konstitusiya ilə irəli sürdüyü həmin iddiaları da dolayısıyla tanımış olursan”.
Heydər Oğuz xatırlatdı ki, Sürix protokollarını imzalamasına baxmayaraq, Ermənistan uzun müddət onu ratifikasiya etmədi: “Ölkə parlamenti ilk əvvəl protokolların qanunvericiliyə uyğun olub-olmadığını yoxlamaq üçün onları Konstitusiya Məhkəməsinə göndərdi. Ermənistan Konstitusiya Məhkəməsi isə Türkiyənin irəli sürdüyü şərtlərin Konstitusiyaya uyğun olmadığını bildirdi. 2018-ci ilə qədər davam edən müzakirələr, nəhayət, Serj Sarkisyan Milli Təhlükəsizlik Şurasının iclasında verdiyi bəyanatla sonlandırıldı”.
İrəvanın Sürix protokollarından imtina etməsini mövcud Konstitusiyası ilə əsaslandırdığını vurğulayan həmsöhbətimiz həmin hüquqi sənəd dəyişdirilmədən ermənilərlə sülh masasına oturmağın mənasız olduğunu düşünür: “Bilirsiniz ki, istənilən dövlətin Konstitusiyası bütün beynəlxalq müqavilələrdən üstün hesab olunur. Hökumətlər öz Konstitusiyalarındakı prinsiplər çərçivəsində başqa tərəflərlə hansısa müqavilələr bağlayırlar. Daha sonra sözügedən müqavilələr parlamentdə səs qoyulur və bundan əvvəl Konstitusiya Məhkəmələrinin imzalanan sənəd barədə rəyi soruşulur. Konstitusiya Məhkəmələri mənfi rəy verərsə, sənədin müzakirəsi və ratifikasiyası dayandırılır. 2009-2018-ci illər arasında yaşanan “Sürix protokolları” təcrübəsində də məhz bu yaşandı. Bu təcrübə sübut edir ki, ermənilər yenə eyni metoda əl ata bilərlər. Onların Konstitusiya dəyişikliyinə qəti qarşı çıxması isə göstərir ki, həqiqətən də o cür niyyətləri var. İrəvanın hətta ATƏT-in Minsk Qrupunun buraxılması kimi onsuz da siyasi meyitə çevrilmiş bir qurumu saxlamaq cəhdləri də Qarabağ iddialarından vaz keçmədiklərini göstərir. Bütün bunlar onu deməyə əsas verir ki, indiki şəraitdə ermənilərlə hər hansı müqavilə bağlamaq ləpədöyənin qumu üzərində mükəmməl rəsm əsəri cızmağa bənzəyir. Hansı ki, ömrü dənizdən gələcək ilk ləpəyə qədər sürə bilər”.
Heydər Oğuzun qənaətincə, 44 günlük müharibədə və 24 saatlıq antiterror əməliyyatında ağır məğlubiyyətlərinə baxmayaraq, ermənilər 15 il əvvəl imzaladıqları Sürix protokollarındakı mövqelərindən bir addım da geri çəkilməyiblər: “Təsəvvür edin, 15 il əvvəl də ermənilərlə Türkiyə arasında anlaşmazlıqların qaynağı bugünkü tələbləri ilə eyni idi. Həmin dövrdə Türkiyə Ermənistan qarşısında 4 mühüm şərt qoymuşdu:
- İrəvan 1915-ci il hadisələrini beynəlxalq aləmdə “soyqırım” kimi tanıtma siyasətindən əl çəkməli, o hadisələrə qiymət verməyi tarixçilərin öhdəsinə buraxmalıdır;
- Türkiyəyə qarşı ərazi iddiaları irəli sürməməli və Ağrı dağının təsvirini bayrağından çıxarmalıdır;
- Qarabağ münaqişəsində Azərbaycanın irəli sürdüyü həll variantını qəbul etməlidir;
- Naxçıvan-Azərbaycan yolunu açmalıdır.
Yenə də eyni şərtlər irəli sürülür və ermənilər bu şərtləri qəbul etmək istəmirlər. O gündən-bu günə dəyişilən yeganə hadisə Qarabağın erməni işğalından tamamilə azad olunmasıdır. İrəvan ATƏT-in Minsk Qrupunun ləğvi məsələsində ayağını yerlə süründürməsi onu göstərir ki, bu reallığı belə həzm edə bilməyiblər və hər an yenidən gündəmə gətirmək istəyirlər. Bu vəziyyətdə onlarla hər hansı müqavilə bağlamaq da imkansızdır. Ermənistan Konstitusiyası qaldığı müddətcə xüsusilə hər şeyin üstündən xətt çəkəcək”.
E.Məmmədəliyev,
Musavat.com