Asbest xərçəng xəstəliyinə səbəb olduğuna görə 69 ölkədə qadağan edilən təhlükəli tikinti materialıdır. Buna baxmayaraq, Ermənistanda asbestdən aktiv şəkildə istifadə olunmağa davam edir.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Ermənistanın Ararat şəhərində asbest dam örtükləri istehsal edən “Kavaşen” MMC adlı şirkət Paşinyana yaxın şəxslərlə əlaqəlidir. Bu şirkətin səhmlərinin 23%-i Respublika Partiyasının lideri və keçmiş baş nazir Aram Sarkisyana məxsusdur.
Sarkisyanın Avropa İttifaqına üzvlüyü dəstəklədiyini və Avropa standartlarını təbliğ etdiyini vurğulayan yerli media, Respublika liderinin Avropa Birliyində asbestin qadağan olunmasını “unutduğunu” qeyd edir.
Məlumata görə, Nikol Paşinyan hökuməti dövründə “Kavaşen” MMC dövlət satınalmalarında iştirak edərək müxtəlif dövlət qurumlarına asbest dam örtükləri tədarük edib. 2018-2021-ci illərdə Müdafiə Nazirliyi ilə üç müqavilə bağlayaraq ümumilikdə 4000 vərəq asbest şiferi və digər dam örtükləri təchiz edən şirkət, eyni zamanda Ermənistan Milli Təhlükəsizlik Xidmətinə və Televiziya və Radio Yayımları Şəbəkəsinə də məhsul satıb. Bu müqavilələrin ümumi dəyəri təxminən 105,000 ABŞ dolları təşkil edir.
Bu faktlar Ermənistan hökumətinin təhlükəli materialların istifadəsini məhdudlaşdırmaqda səmimi olmadığını göstərərək cəmiyyətdə narahatlıq yaradıb.