Şişirdilmiş rəqəmlərin arxasındakı gerçək
Azərbaycanda və Gürcüstanda 2023-cü ildə adambaşına düşən ÜDM 6680 dollar olub. Ermənistanda bu, 7330 dollar, Rusiyada 14 250 dollar, Türkiyədə 11 650 dollar, İranda isə 4680 dollar təşkil edib. Bu barədə Dünya Bankının hesabatında bildirilir.
Beynəlxalq Valyuta Fondunda bildirirlər ki, Ermənistanın ümumi daxili məhsulu (ÜDM) beş il ərzində 10,5 milyard dollar artacaq. BVF mütəxəssislərinin hesablamalarına görə, 2024-cü ildə Ermənistanın ÜDM-i 10,4 trilyon dram (25,2 milyard dollar) təşkil edəcək. 2025-ci ildə bu göstəricinin 11,3 trilyon dram (26,9 milyard dollar), 2026-cı ildə 12,3 trilyon dram (28,9 milyard dollar), 2027-ci ildə 13,4 trilyon dram (31 milyard dollar), 2028-ci ildə 14,3 trilyon dram(33,3 milyard dollar), 2029-cu ildə isə 15,8 trilyon drama (35,8 milyard dollar) çatacaq.
2023-cü ilin sonunda Ermənistanın nominal ÜDM-i cari qiymətlərlə təxminən 9,5 trilyon dram və ya təxminən 23,5 milyard ABŞ dolları təşkil edib. Adambaşına düşən ÜDM bazar qiymətləri ilə təxminən 3,2 milyon dram və ya 8168 dollar olub.
BVF-nin proqnozlarına görə, Ermənistanın ÜDM-in artımı 2024-cü ildə istehlak və hökumətin kapital xərcləri hesabına səngiyəcək, lakin 6 faiz səviyyəsində sabitləşəcək. İlin ikinci yarısında inflyasiyanın daha da sürətlənəcəyi gözlənilir. Geosiyasi və regional gərginliklər, əsas ticarət tərəfdaşlarında potensial iqtisadi yavaşlamalar, aşağı ticarət həcmləri və kapital axını səbəbindən perspektiv risklər artır.
Dünya Bankının (DB) yenilənmiş Qlobal İqtisadi Perspektivlər hesabatına əsasən, 2024-cü il də Ermənistan 5,5 faizlik iqtisadi artıma nail olacaq. Bankın hesablamalarına görə, 2025-2026-cı illərdə Ermənistanın ÜDM artımı müvafiq olaraq 4,9 faiz və 4,5 faiz təşkil edəcək. Yanvar hesabatında Dünya Bankı Ermənistanın 2024-cü il üçün iqtisadi artımını 4,7 faiz, 2025-ci ildə isə 4,5 faiz proqnozlaşdırıb.
Yerli hökumət Ermənistanın 2024-cü il büdcəsində ÜDM-də 7 faiz artım proqnozlaşdırıb, ölkənin Mərkəzi Bankı isə iqtisadi artımın 5,3-6,4 faiz arasında olacağını gözləyir.
Bəs Dünya Bankının Ermənistanda ÜDM artımına dair proqnozunu yaxşılaşdırmasına hansı amillər təsir edib?
Bunu aydınlaşdırmaq üçün Ermənistanda ÜDM artımının hərəkətverici sahələrinə diqqət yetirmək kifayətdir.
Ümumiyyətlə, "Fitch Ratings"in ötənilki hesabatına görə, 2021-ci ildən bəri Ermənistandan Rusiyaya ixrac 300 faiz artıb. Ötən il tədarükün ümumi həcmində Ermənistanın təkrar ixracının payı 80,6 faiz artdığı halda, erməni istehsalçılarının öz məhsullarının ixracı cəmi 4,4 faiz artıb. Tamamilə aydındır ki, “daşlar ölkəsi”nin durğunluqda olan iqtisadiyyatının sənaye istehsalı təkbaşına bu qədər böyük həcmdə məhsul tədarükünü təmin edə bilmir. 2022-2023-cü illərdə Ermənistan banklarının və digər maliyyə institutlarının Rusiya şirkətlərinə və digər rezidentlərə vasitəçilik xidmətlərinin göstərilməsi, sanksiyalardan yayınaraq bank ödənişlərinin həyata keçirilməsində kütləvi iştirakı olub. Lakin Qərbin açıq təzyiqi nəticəsində 2023-cü ilin sonundan etibarən İrəvan sanksiyalardan yayınmaq üçün şübhəli maliyyə əməliyyatlarının intensivliyini müəyyən qədər məhdudlaşdırıb.
Qeyd edək ki, Ermənistanda bu ilin birinci rübündə 9,2 faizlik iqtisadi artım qeydə alınıb. Bu artımın çox mühüm hissəsinin Rusiyadan və Rusiyaya reixrac hesabına əldə edildiyini yerli ekspertlər, həmçinin beynəlxalq qurumlar, Ermənistan hökumətinin nümayəndələri də etiraf edirlər.
Analitik Ermənistan Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin (ACSES) direktoru, iqtisadçı ekspert Haykaz Fanyan “Sputnik Ermənistan”a müsahibəsində bildirib ki, birinci rübdə Rusiyadan reixraca əsaslanan zərgərlik sənayesi nəzərə alınmasa, ÜDM artımı 6 faizdən yuxarı olmayıb. Ermənistan rəsmi statistikasına əsasən ilk rübdə ən böyük artım - 31,1 faiz emal sənayesində qeydə alınıb. Fanyanın müşahidələrinə görə, bu sahədə belə artım əsasən zərgərlik məmulatlarının təkrar ixracı hesabına baş verir: “Bu sahədə istehsal göstəricilərinə malik olmaqla, əminliklə deyə bilərik ki, əsas hissə zərgərlik sektoru ilə bağlıdır, zərgərlik sektorunda isə bildiyimiz kimi, reeksport və ya xammal xarakterli əməliyyatlar da mövcuddur. Əgər zərgərlik sənayesinin təsirini istisna etsək, artım yəqin ki, 6 faiz civarında olacaq”.
Bununla yanaşı, iqtisadçı əmindir ki, bu əlavə 3 faizlik ÜDM artımı qeyri-dəqiq statistik hesablamalar nəticəsində əldə edilib: “Ümumi daxili məhsul "məhsul-aralıq istehlak" düsturu ilə hesablanır və istehlak göstəricilərini əldə etmək üçün məsələn, 2024-cü ilin birinci rübünün ÜDM-ni qiymətləndirmək üçün 2022-ci ilin nəticələrindən istifadə olunur. 2022-ci ildə reeksport komponenti yox idi, o zaman real istehsal və ixrac var idi və təbii ki, bu, fərqli mənzərə yaratdı".
Fanyan qeyd edib ki, Ermənistandan qızıl və almazın təkrar ixracı 2023-cü ildə başlayıb. Bu statistik hesablama nəticəsində iqtisadçının fikrincə, ümumi istehsal sənayesi görünməmiş artım nümayiş etdirib və bu da öz növbəsində ümumi ÜDM-in artım tempinin yüksək qiymətləndirilməsinə səbəb olub.
2023-cü ildə Ermənistandan 1,8 milyard dollar dəyərində qızıl və 589 milyon dollar dəyərində brilyant ixrac edilib.
Zərgərliyin daxil olduğu emal sənayesini kənara qoyduqda, Ermənistan sənayesində hansı proses gedib? Rəsmi statistikadan aydın olur ki, 2024-cü ilin birinci rübündə bir vaxtlar Ermənistan iqtisadiyyatının “lokomotivi” olan mədənçıxarma sənayesində beş faizlik azalma qeydə alınıb. Rabitə və informasiya sahəsində gəlirlər 3,2 faiz, “Dövlət idarəetməsi və müdafiə: icbari sosial sığorta” bölməsində isə 13,2 faiz azalıb.
Ticarətə gəlincə, 2024-cü ilin birinci rübündə Ermənistanın ixracı illik ifadədə 2,7 dəfə artıb ki, bu da əsasən qızılın Birləşmiş Ərəb Əmirliklərinə təkrar ixracı hesabına baş verib. Hesabat dövründə Ermənistan mənşəli malların ixracı illik müqayisədə 14,3 faiz azalıb.
Təkrar ixrac nəzərə alınmadan birinci rübdə idxal həcmlərində 9,2 faiz azalma müşahidə olunub. Amma bunu nəzərə alsaq, idxal tədarüklərində 75,8 faiz artım qeydə alınıb. Həcmlərin azalması, əsasən Rusiyadan avtomobillərin idxalının azalması (4 dəfə), habelə tütün məmulatlarının tədarükünün azalması ilə əlaqədardır. Birinci Rusiyada avtomobillərə təkrar emal vergisinin tətbiqi, ikinci isə aksiz vergisinin artırılması ilə bağlıdır.
Rusiyadan qızıl və almaz reixracının Ermənistan iqtisadiyyatındakı mühüm rolunu Dünya Bankı da qeyd edir. Bankın iyun ayı hesabatında qeyd edilir ki, Ermənistan ixracının artmasına qızıl və zərgərlik məmulatlarının ixracı və təkrar ixracı dəstək verir. Bildirilir ki, bu ilin may ayında aprel ayı ilə müqayisədə malların ixracı 2,9 dəfə (illik) artıb - qiymətli və yarımqiymətli daşların ixracının 10 dəfə artması hesabına.
Digər tərəfdən, qiymətli və yarımqiymətli məmulatların və daşların idxalı 20 dəfədən çox artıb, nəticədə bu qrup mallar üzrə xalis idxal balansı 1 milyard ABŞ dolları təşkil edib.
Kənd təsərrüfatı, kağız məmulatları və faydalı qazıntılar ixracı istisna olmaqla, ixrac edilən digər məhsul qruplarında xeyli azalma qeydə alınıb. Söhbət xüsusilə avtomobillərin və nəqliyyat vasitələrinin təkrar ixracından gedir. Dünya Bankı xatırladır ki, əsas ixrac istiqamətləri avtomobil və zərgərlik məmulatlarının ixracı olub. Bunları nəzərə almasaq, ümumi ixrac artımı 3,6 faiz təşkil edib.
Yeri gəlmişkən, artıq Ermənistan Rusiya qızılının əsas ixrac kanalı rolunu itirib. Bunu Ermənistanın maliyyə naziri Vahe Hovhannisyan açıqlayıb. Onun sözlərinə görə, Rusiyadan gələn qızıl axını artıq Ermənistandan keçmir: “Səbəb inzibati xarakter daşıyır və Ermənistan-Rusiya münasibətləri ilə bağlı deyil. Rusiyada ixrac rüsumu var idi ki, bu da Ermənistan üzərindən qızılın daşınmasına səbəb olub, Rusiya bu ixrac rüsumunu götürüb və indi bu axın birbaşa gedir”, - nazir “Civilnet”ə müsahibəsində qeyd edib.
Beləliklə, nazirin etiraf etdiyi kimi, Ermənistan vasitəsilə əvvəllər mövcud olan qızılın təkrar ixracı dayandırılıb.
Rusiyanın Avrasiya İqtisadi İttifaqından kənara qızıl ixracına tətbiq etdiyi əlavə rüsumları ləğv etməsinin əsas səbəbi ABŞ-ın sanksiyalarıdır. Rusiyanın əsas qızıl ixracatçıları sanksiya siyahısına salındığına görə ixrac imkanları ciddi şəkildə məhdudlaşıb. Buna görə də Rusiya qızılın Aİİ-dən kənara ixracına tətbiq olunan rüsumları götürüb.
Rusiya brilyantlarının Ermənistan üzərindən reeksportunun da sentyabrdan etibarən minimuma düşəcəyi gözlənilir. Belə ki, G7 və Avropa İttifaqı sentyabrın 1-dən etibarən Rusiya almazlarının üçüncü ölkələr vasitəsilə, qismən emal olunmuş formada idxalını da dayandıracaqlar. Bu isə Rusiyadan işlənməmiş almazları alıb qısa emaldan sonra BƏƏ, HonqKonq və digər ölkələrdəki alıcılara satan Ermənistan zərgərləri üçün daha bir əsas qazanc yerinin bağlanması demək olacaq...
Qızıl və almazların reixracının dayanması bu ilin ikinci yarısında Ermənistanda ÜDM-in artım tempinin kəskin düşməsini şərtləndirəcək. Bu isə ilin yekununda proqnozlaşdırılan 6-7 faizlik artıma nail olunmasını çətinləşdirəcək.
Dünya SAKİT,
“Yeni Müsavat”