Ermənistanda etirazçılar saxlanır, müxalifət impiçment üçün lazım olan 1 səsi tapa bilmir

Ermənistanda baş nazir Nikol Paşinyanın istefasını tələb edən etirazlarla bağlı azı 171 nəfər saxlanıb.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, bunlar əsasən mitinqə başçılıq edən arxiyepiskop Baqrat Qalstanyanın çağırışı ilə paytaxt Yerevanda küçələri bağlayaraq şəhərdə hərəkəti iflic vəziyyətinə salmağa çalışanlardır.

Ermənistan Daxili İşlər Nazirliyinin məlumatına görə gönortadan sonra saxlananların 156 nəfəri sərbəst buraxılıb.

Qalstanyan bazar günü Yerevanda keçirilən mitinqdə mitinqdə paytaxtda və ölkənin başqa şəhərlərindndə nəqliyyatın hərəkətinə mane olmağa çağırmışdı.

Bu çağırışa qoşulan yüzlərlə etirazçı mayın 13-də hərəkətə keçmişdi. Yerevanın mərkəzidndə qısa müddətdə nəqliyyatın hərəkəti dayanmışdı.

İqtişaş polisi küçələri açmağa çalışır və buna mane olanları saxlayırdı. Müxalifət tərəfdarları və etirazçılar polisi aşırı güc işlətməkdə və hətta yolları bağlamayanları da saxlamaqda ittiham edirlər.

Yerevanın ətrafındakı qəsəbələrdə də yolların bağlanmasına cəhdlər edildiyi bildirlir.

Qalstanyan ziyalıların dəstəyinə nail olmaq istəyir

Bu arada keşiş Qalstanyan Yazıçılar və Rəssamlar ittifaqlarının üzvləri, habelə alim və ziyalılarla görüşərək baş nazir Nikol Paşinyanın istefası tələbinə daha çox dəstək toplamağa çalışır.

Xəbər verilir ki, arxiyepiskop bu görüşlərə bir neçə yüz tərəfdarının müşayiəti ilə piyada gedir.

Azatutyun yazır ki, eyni zamanda Ermənistan Milli Məclisinin deputatlarına təzyiqlər göstərilir. Qalstanyan parlamentdə Paşinyan barəsində etimad səsverməsinin keçirilməsini tələb edir.

Parlamentdəki iki əsas müxalifət fraksiyası – keçmiş prezidentlər Robert Koçaryanın və Serj Sarkisyanın “Hayastan” və “Şərəfim var” fraksiyaları belə bir səsvermə təşəbbüsü ilə çıxış etməyə hazırlaşdıqlarını bildiriblər.

Lakin hələlik baş nazirə etimad məsələsinin səs qoyulması üçün lazım olan 36-cı səs tapılmayıb. Müxalifətin Milli Məclisdə 35 deputatı var, lakin etimad səsverməsi üçün azı 36 səs tələb olunur.

Zakaryandan xəbər yoxdur

Müxalifət və Qalstanyan 2022-ci ildə “Şərəfim var” fraksiyasını tərk etmiş və nominal olaraq müstəqil sayılan deputat İşxan Zakaryandan dəstək almağa ümid edirlər.

Qalstanyan mayın 12-də iddia etmişdi ki, Zakaryan prosesə qoşulmaqdan “imtina etməyib”.

Azatutyun yazır ki, Milli Məclisin sessiyalarına nadir hallarda gələn Zakaryanla əlaqə yaratmaq mümkün olmayıb. Onu parlament binasında da görməyiblər.

Paşinyanın “Vətəndaş müqaviləsi” partiyasından olan deputatlar Zakaryanın müxalifətin təşəbbüsünə qoşulmayacağına əminlik ifadə edirlər.

Azatutyunun yazdığına görə Zakaryan hətta müxalifətin təşəbbüsünə qoşulsa belə, bilavasitə impiçmentə nail olunması üçün hakim partiyanın 71 deputatından 18-ni öz tərəfinə çəkə bilməyəcək.

Zakaryanın özü hələlik bu xəbərlərlə bağlı heç bir şərh verməyib. Ayın 13-də arxiyepiskop Baqrat Qalstanyan da Zakaryanın prosesə qoşulub-qoşulmayacağını bilmədiyini deyib.

İqtidar partiyası Erməni Kilsəsini ittiham edir

Paşinyan və müttəfiqləri Qalstanyanı, bütövlükdə Erməni Kilsəsini və onun başçısı katolikos II Qaregini ölkədə vəziyyəti qarışdırmaqda və xarici qüvvələrə xidmət etməkdə ittiham edirlər.

Paşinyan iddia edib ki, Ermənistanda "ruhani hakimiyyətini itirmiş Kilsə siyasi hakimiyyət oyunlarına başlayıb".

Baş nazir bunu da deyib ki, Erməni Kilsəsinin patriarxı – katolikos II Qareginin rəhbərliyi altında keçirilən etirazların əsas mənfəətdarı keçmiş prezident, əsas müxalifət alyansı olan Hayastan fraksiyasının başçısı Robert Koçaryandır.

Hakim partiyadan millət vəkili Arsen Torosyan “Erməni Kilsəsinin 1700 illik taixini” mif adlandırıb və deyib ki, bu mifin məhv edilməsinə ehtiyac var:

"Xalqımızın qismətinə çox ağır tale düşüb. O bu təlatümlü dənizdə üzmək üçün nəinki yüzillik mifləri və stereotiplləri dağıtmalı, hətta faktiki olaraq 1700 illik mifi məhv etməlidir. Hərçənd o öz dövlətçiliyini qurarkən bunu qismən edə bilib”.

Bundan əvvəl

Ötən həftə Yerevanda keçirilən izdihamlı mitinqdə Erməni Kilsəsinin Tavuş rayonu dyakonluğunun arxiyepiskopu Baqrat Qalstanyan Azərbaycanla sərhəd razılaşması əldə etdiyinə görə baş nazir Nikol Paşinyanı və onun hökumətini istefa verməyə çağırıb.

Bakı və Yerevan arasında aprel ayında əldə olunmuş razılaşmaya əsasən tərəflər sərhədin demarkasiyasına başlayıblar.

Bu prosesin gedişində rəsmən Azərbaycana aid dörd kəndin Bakının nəzarətinə verilməsi gerçəkləşdirilməlidir. Bu kəndlər 1990-cı illərdə Ermənistan tərəfindən işğal olunub.

Tavuş rayonunda qaytarılacaq kəndlərin qonşuluğundakı yaşayış məntəqələrinin bəzi sakinləri demarkasiyaya etiraz edirlər.

Sərhəd razılaşması habelə ABŞ və Avropa İttifaqı tərəfindən alqışlanıb.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub.

Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib.

2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Regiona Rusiya sülhməramlı kontingenti yerləşdirilib.

Bakı bu il sentyabrın 19-20-də Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

13.05.2024 20:44
976