Arzu Nağıyev: “Oradakı revanşist qüvvələr sülh sazişinin bağlanmasına qarşıdır”
Ermənistanın İstintaq Komitəsi Ermənistan SQ-nin müqavilə əsasında xidmətdə olan 43 yaşlı çavuşunu Azərbaycanın xeyrinə casusluqda şübhəli bilərək saxlayıb. Ermənistanın Milli Təhlükəsizlik Xidməti adı açıqlanmayan kiçik çavuşun 2023-cü ilin yanvarında Azərbaycan kəşfiyyatı tərəfindən “Odnoklassniki” sosial şəbəkəsi vasitəsilə casusluğa cəlb olunduğunu bildirib.
“Azərbaycan xüsusi xidmətinin nümayəndəsi ilə uzunmüddətli sevgi-məhəbbət söhbətlərindən sonra erməni hərbiçi ilə yaxın münasibətlər qurulub və o, əməkdaşlığa cəlb olunub. Bundan sonra 43 yaşlı hərbiçi cinsi marağı ilə əlaqədar və ünsiyyəti davam etdirmək üçün 2023-cü ilin yanvar ayından 2024-cü ilin fevral ayına qədər öz bölməsinin silahlarının sayı və növü, döyüş mövqelərinin yeri haqqında məlumatları, komanda heyətinin şəxsi məlumatlarını və s. yığıb və qarşı tərəfə ötürüb”, - məlumatda bildirilir.
Ermənistanın Milli Təhlükəsizlik Xidməti İstintaq Komitəsinə cinayət işi başlanması üçün vəsatət təqdim edib. “İyulun 2-də 43 yaşlı çavuş məhkəmə tərəfindən həbs olunub və etirafedici ifadə verib” - məlumatda bildirilir.
Qeyd edək ki, İkinci Qarabağ müharibəsi dövründə və müharibə başa çatdıqdan sonra 50-dən çox erməni hərbiçi, o cümlədən Müdafiə Nazirliyinin baş zabitləri və hərbi birləşmələrin komandirləri Azərbaycan kəşfiyyatı üçün casusluğa görə həbs olunub.
Ermənistanda “casus” ovu nə qədər sürəcək? Azərbaycanla sülh istəyən ölkədə həbslər nəyə hesablanıb?
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü Arzu Nağıyev “Yeni Müsavat”a deyib ki, Ermənistanda casus isterikası başa düşüləndir: “Oradakı revanşist qüvvələr sülh sazişinin bağlanmasına qarşıdır. Bu şəkildə Azərbaycana qarşı təbliğat aparmaqla sülh sazişinin bağlanmasına əngəllər törətməyə çalışırlar. Möhtərəm cənab Prezident İlham Əliyev hələ 2021-ci ilin 27 sentyabrında demişdi ki, Ermənistan öz konstitusiyasını dəyişməlidir. Prezident bu fikri o kontekstdə və o hökmlə demişdi ki, Ermənistanın konstitusiyası sülhsevər dövlət konstitusiyası deyil, çünki orada qonşulara qarşı ərazi iddiaları var.
Ötən il yanvarın 19-da Nikol Paşinyan bəyan etdi ki, Ermənistanın geosiyasi rəqabət gücünü artırmaq üçün konstitusiyanı tam dəyişməlidirlər. Fikir verin, erməni baş nazir dəyişiklik etmək yox, məhz tam dəyişmək məsələsini gündəmə gətirdi. Bu, bir daha göstərdi ki, Ermənistan dövlətinin dinc inkişaf perspektivlərini İlham Əliyev qonşularımızın özündən yaxşı görür. Srağagün İlham Əliyev Kanadanın yeni səfirinin etimadnaməsini qəbul edərkən bir daha bu fikri təkrar etdi. Prezident Bakı ilə İrəvan arasında sülh sazişinin yekunlaşdırılmasının mümkünlüyünə işarə edərək, onun imzalanmasını Ermənistan konstitusiyasının dəyişdirilməsi ilə şərtləndirdi. İlham Əliyev xüsusi olaraq vurğuladı ki, sülh sazişi yalnız Ermənistan konstitusiyasına dəyişiklik ediləcəyi təqdirdə imzalana bilər: “Bilirik ki, Azərbaycanla Ermənistan arasında substantiv danışıqlara demək olar ki, dekabr ayında başlanılıb. Çünki ondan əvvəl Ermənistan sülh müqaviləsinə dırnaqarası "Dağlıq Qarabağ" məsələsini salmaq istəyirdi və bu, qəbuledilməz idi. Bu, Azərbaycanın daxili məsələsidir. Erməni tərəfi də bunu yaxşı bilir və artıq qəbul edirlər".
Lakin qeyd etdiyimiz kimi, revanşist qüvvələr sülh sazişini əngəlləmək üçün başlayırlar casus axtarmağa. Sülhün bərqərar olmasına, sülh sazişinə ziyan gətirən məsələlərə xüsusi diqqət göstərilir və bunu o şəkildə qabardırlar ki, sülh sazişi baş tutmasın. Belə məlumatlarla daxili auditoriyanı azdırmağa, sülhün mümkünsüzlüyü fikrini təlqin etməyə uğursuz cəhdlər göstərirlər. Ermənistan dövlətinin dinc inkişaf perspektivləri konstitusiyalarını dəyişib Azərbaycanla sülh sazişi bağlamaqdan keçir".
E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”