“Ermənistanda 0 inflyasiya, 8,3 faizlik iqtisadi artım” iddiası - gerçəklik, yoxsa...

Yerli və xarici ekspertlər bunu dayanıqlı olmayan tendensiya kimi qiymətləndirirlər

“Ötən ildən başlayaraq Ermənistanda sürətlənən iqtisadi artım dinamikası bu il də davam edir” kimi bir iddia var. Ermənistan Mərkəzi Bankı bu il ölkə üzrə iqtisadi artım proqnozunu 8,3 faizə qədər yaxşılaşdırıb. Qurumun sədri Martin Qalstyan bu barədə məlumatı iki gün əvvəl keçirdiyi mətbuat konfransında açıqlayıb. Bildirib ki, Mərkəzi Bank həmçinin ölkənin 2024-cü il üçün iqtisadi artım proqnozunu 5,6 faizdən 6,1 faizə qədər yaxşılaşdırıb.

 

Oktyabrın sonunda Mərkəzi Bank 2023-cü ildə Ermənistan iqtisadiyyatının 7,2 faiz artacağını proqnozlaşdırmışdı. Ermənistanın 2023 və 2024-cü illər üçün büdcəsində isə ÜDM-in 7 faiz artımı nəzərdə tutulur. Beynəlxalq Valyuta Fondu 2023-cü ildə Ermənistanda iqtisadi artımı 7 faiz, 2024-cü ildə 5 faiz, Dünya Bankı müvafiq olaraq 6,6 faiz və 4,1 faiz proqnozlaşdırır.

Martin Qalstyan onu da bildirib ki, Ermənistanda iqtisadi artım sırf Rusiya ilə bağlıdır. Artıq ikinci ildir ki, Rusiyadan vətəndaşların və biznesin Ermənistana davamlı axını qeydə alınır. Ölkənin iqtisadiyyat naziri Vahan Kerobyanın sözlərinə görə, təkcə 2022-ci ildə Ermənistan təxminən 110 min rus qəbul edib. Onların çoxu İT və xidmət sektorunda çalışan fiziki şəxslərdir.

Ermənistan Mərkəzi Bankının məlumatları İctimai və Mülki Təşəbbüslərə Dəstək Mərkəzinin (CPOGI) analitik hesabatının nəticələrini təsdiqləyir. Hesabatda bildirilir ki, Ermənistandakı rus köçkünləri çılğınlıqla mal və xidmətləri istehlak edirlər. Bu, Ermənistan iqtisadiyyatının iki əsas sektoruna - xidmət sektoruna və pərakəndə satışa irihəcmli gəlir gətirir.

Lakin son aylarda Rusiya ilə Ermənistan arasında münasibətlərin soyuqlaşması fonunda bir sıra göstəricilərdə azalma qeydə alınmaqdadır. Belə ki, oktyabrda Rusiyadan Ermənistana pul köçürmələrində ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 40 faiz azalma müşahidə olunub. Martin Qalstyanın dediyinə görə, ölkədən köçənlərin axını və ya axınının dinamikası necədir, bunu dolayı əlamətlə - pul köçürmələrinin axını ilə qiymətləndirmək olar. Ümumilikdə, yanvar-oktyabr aylarında Ermənistana pul köçürmələri 2020-22-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə təxminən 20 faiz artıb: “Amma oktyabrı ayrıca götürsək və 2022-ci ilin oktyabrı ilə müqayisə etsək, görərik ki, ruslardan (Ermənistan Respublikasının qeyri-rezidentləri) Ermənistana pul köçürmələri baxımından təxminən 40 faiz azalma var”.

Qeyd edək ki, oxşar mənzərə turizmdə də müşahidə olunur: yanvar-noyabr aylarında (2022-ci ilin eyni dövrü ilə müqayisədə) turist axınında 40 faizdən çox artım müşahidə olunsa da, təkcə noyabrda (2022-ci ilin noyabr ayı ilə müqayisədə) artım yalnız 4 faizdir. Bu isə o deməkdir ki, turist axınının artımı xeyli səngiyib.

Ermənistanda qeydə alınan iqtisadi artımda Rusiyanın payının nə qədər olduğunu kiçik bir araşdırma ilə sübut etmək mümkündür. Belə ki, 2022-ci ildə Ermənistanın ÜDM-i əhəmiyyətli dərəcədə artaraq 19,50 milyard dollar təşkil edib. Bu isə 12,9 faizlik artım deməkdir. Rusiyanın Ukraynaya təcavüzü başlayandan sonra Ermənistan Mərkəzi Bankı ÜDM-in artımının 5 faiz olacağını gözləyirdi, hətta sonra “Rusiya iqtisadiyyatı ilə əlaqələr” səbəbiylə proqnozunu 1,6 faizə endirmişdi.

Ermənistanın 2022-ci il büdcəsində artım 7 faiz, inflyasiya 4 faiz səviyyəsində proqnozlaşdırılmışdı. 

Ermənistan ÜDM-in strukturuna nəzər saldıqda, görünür ki, 2022-ci ildə əlavə dəyərin artımını demək olar ki, bütünlüklə 6 sahə - maliyyə, ticarət, rabitə və texnologiya, istehsal, nəqliyyat və tikinti təmin edib Eyni zamanda bu sektorlar da bir-biri ilə bağlıdır. Məsələn, ticarətin ümumi həcmi 17 faiz, o cümlədən pərakəndə ticarət 2,6 faiz, topdansatış ticarət (turizm, nəqliyyat və xarici ticarətlə bağlı) 26,6 faiz, avtomobil ticarəti isə 1,5 dəfə artıb. Daşınmaz əmlak əməliyyatları tikintini müəyyən bir geriləmə ilə izləyir, lakin eyni tendensiyanı əks etdirir. İT sektoru, eləcə də bank sektoru xarici bazara əsaslanan artımın böyük hissəsini yaradıb.

İki həssas sektorda - səhiyyə/sosial təminat və kənd təsərrüfatında isə azalma müşahidə edilib ki, bu da ÜDM artımının mütləq həyat səviyyəsinin yüksəlməsinə çevrilmədiyini göstərir. Buna onu da əlavə edə bilərik ki, inflyasiya 8,6 faiz olduğu halda dollarda qiymətlər 25,5 faiz, avroda isə 40,5 faiz artıb ki, bu da xarici valyutada gəlir əldə edənlərin yaşayış dəyərinin kəskin yüksəlməsi deməkdir. Bu təbəqəyə ilk növbədə İT sektoru təmsilçiləri, xaricdəki qohumlardan transfert alanlar, eləcə də immiqrantlar və turistlər daxildir ki, bu da ümumilikdə Ermənistan əhalisinin təxminən 15 faizini təşkil edir.

2022-ci ildə Ermənistanda maliyyə və sığorta fəaliyyəti sahəsində əlavə dəyər 47 faiz artıb. Bu sahədə xidmətlərin dəyəri 49 faiz artaraq 776,5 milyard dram və ya 1 milyard 775 milyon dollara çatıb. Bu məbləğin 80 faizi bankların payına düşüb və nəzərə alsaq ki, sektorun dövriyyəsindəki artım dram artımı ilə üst-üstə düşüb, o zaman sektorun aylıq hesablanan real dövriyyəsi 2 milyard dollara yaxınlaşacaq. Bir il ərzində bank sektorunun dövriyyəsi 67,7 faiz, xalis nominal mənfəəti 3 dəfə artıb. Bu artım da bilavasitə Ermənistana Rusiyadan axın, pulköçürmələrinin artması, nəhayət, əsasında Rusiyaya reixrac dayanan ticarətin kəskin artımı ilə bağlıdır.

Ermənistanın xarici ticarətindəki dəyişiklikdən çox yazılıb. 2022-ci ildə nominal ifadədə malların ixracı 78 faiz artaraq 5,36 milyard dollara, malların idxalı isə 63,5 faiz artaraq 8,77 milyard dollara çatıb. Xarici ticarət saldosu mənfi qalıb və 2,35 milyard dollardan 3,4 milyard dollara yüksəlib. Mənfi saldonu Rusiyadan pulköçürmələri xeyli dərəcədə kompensasiya edib. Nəzərə alsaq ki, 2022-ci ildə Ermənistan sənayesi cəmi 7,3 faiz artıb, kənd təsərrüfatı isə 0,7 faiz azalıb, daxili resurslar hesabına ixracın belə əhəmiyyətli artımının mümkün olmadığını rahatlıqla demək olar.  Bu şəraitdə hətta valyuta məzənnəsinin dəyişməsi və inflyasiya belə ixracın fiziki ifadədə 56 faiz, idxalın isə 33 faiz artımını təmin edə bilməz.

İxracın artımının yarısı Rusiyanın payına düşüb və üçüncü ölkələrdə istehsal olunan malların təkrar ixracını təmsil edir. Bu artımın Ermənistan daxilində hasilatla demək olar ki, heç bir əlaqəsi yoxdur. 

Bu ilin ötən dövründə də Ermənistanda iqtisadi artım sürəti kifayət qədər yüksəkdir. Belə ki, 2023-cü ilin ilk üç rübündə ölkə ÜDM-i 6 trilyon 506 milyard dram (indiki məzənnə ilə 16 milyard 185 milyon dollar) təşkil edib. Bu isə 2022-ci ilin ilk üç rübü ilə müqayisədə 9,8% faiz (inflyasiya nəzərə alınmadan nominal ifadədə - 12,9 faiz) artım deməkdir. 

Müqayisə üçün qeyd edək ki, eyni dövrdə (2023-cü ilin yanvar-sentyabr ayları) iqtisadi aktivlik göstəricisi 9,7 faiz artıb. Bu göstərici ÜDM-ə yaxındır və yalnız dolayı vergiləri (ƏDV və aksiz vergisi), həmçinin bank və digər maliyyə xidmətlərini nəzərə almır.

İlk 3 rübdə ən çox artım otellər və restoranlar, həmçinin istirahət və əyləncə sahələrindədir. Onlardan birincisinin dövriyyəsi (vergilər istisna olmaqla) təqribən 160 milyard dram, ikincinin dövriyyəsi 200 milyarddan bir qədər çox olub. Bu isə o deməkdir ki, xidmət sektorunun dövriyyəsi  illik ifadədə 13,4 faiz artıb. Belə artımda adları çəkilən sahələrdəki yüksək inflyasiya da mühüm rol oynayır. 

Doqquz ayda Ermənistanın kənd təsərrüfatı məhsulu istehsalında azalma qeydə alınıb - təxminən 10 faiz. 

Mədənçıxarma sənayesində istehsal 256 milyard dramdan 214 milyard drama (təxminən 530 milyon dollar) qədər azalıb. Əsas səbəb dünyada misin qiymətinin aşağı düşməsindən sonra mədənlərdə mis filizi hasilatının azalmasıdır (13 faizdən bir qədər çox). 2022-ci ilin ilk aylarında onlar bir ton üçün 9,5 min dollar və yuxarı təşkil etdiyi halda, son bir neçə ayda təxminən 8 - 8,5 min dollara qədər ucuzlaşıb. Tikintidə fəallığın artmasına baxmayaraq, ilin əvvəlindən tikinti materiallarının istehsalı da azalıb.

Rüblük dinamikada keçən ilin sonunda sənaye məhsulunun həcmi sürətlənsə də, 2023-cü ilin əvvəlindən aşağı düşüb və hətta 2023-cü ilin üçüncü rübündə hələ 2022-ci ilin eyni dövrü üçün səviyyələrə çatmayıb.

Beləliklə, Ermənistanda qeydə alınan iqtisadi artım iqtisadiyyatın mühüm sahələrindəki istehsalın artımından deyil, daha çox xarici faktorlara bağlı sahələrdən qaynaqlanır. Buna görə də yerli və xarici ekspertlər onu dayanıqlı olmayan tendensiya kimi qiymətləndirirlər. 

Onu da qeyd edək ki, Qərb Rusiyaya reixracın qarşısını almaq üçün tədbirləri kəskinləşdirir. Eyni zamanda G7 və Avropa İttifaqı tərəfindən yanvarın 1-dən etibarən Rusiyadan almaz idxalına qadağa qoyulur. Bu isə Ermənistanın idxal-ixrac, həmçinin emal sektorundza böyük payı olan almaz biznesinin ciddi şəkildə məhdudlaşmasına gətirib çıxaracaq faktordur. Nəhayət, Rusiya ilə yollarını ayırmaq niyyətində olan Ermənistanın bu ölkə ilə qarşılıqlı ticarətinin həcmində son aylarda müşahidə olunan azalmanın növbəti dövrdə daha da sürətlənməsi gözlənilir. Bu da ölkənin iqtisadi göstəricilərində ötən ildən qeydə alınan yaxşılaşmanın əks proseslə əvəz olunmasına gətirib çıxaracaq.

Dünya SAKİT,
“Yeni Müsavat” 



16.12.2023 08:00
1195