Bu gün Ermənistan ərazisindəki Avropa İttifaqının “müşahidəçiləri” yenidən Azərbaycanla sərhəddə gəliblər.
Bununla bağlı Ordu.az-a yeni görüntülər daxil olub.
Məlum olub ki, səhər saatlarında Laçın rayonunun Fətəlipəyə kəndi ilə sərhədə, Gorus rayonu Kornidzor kəndi ərazisində yerləşən yolun üzərinə, Gorus rayonu Kornidzor kəndi istiqamətindən Aİ-yə məxsus 2 ədəd "Tayota" markalı minik avtomabili və Ermənistana məxsus 1 ədəd "Niva", 1 ədəd "Uaz Patriot" markalı minik avtomobilləri gəlib.
Avtomobillərdən 6 nəfər Aİ “müşahidəçisi” və bir nəfər erməni hərbi qulluqçu düşüb, Azərbaycanın ərazilərini müşahidə cihazı ilə 2 saata yaxın müşahidə ediblər. Sonra Kornidzor kəndi istiqamətinə qayıdıblar.
Saat 13 radələrində isə artıq Zəngilan rayonu ilə sərhəddə 2 ədəd Avropa İttifaqına məxsus "Toyota" markalı avtomobil və 1 ədəd "Uaz Hunter" markalı avtomobil peyda olub. Qeyd olunan avtomobillərdən ümumilikdə 5 nəfər Avropa İttifaqı “müşahidəçisi” və 1 nəfər erməni hərbi qulluqçu enib, gündüz görmə cihazı vasitəsilə bizim istiqamətləri müşahidə ediblər.
Qeyd edək ki, ötən gün mətbuatda Zəngilanla sərhəddə yerləşən Ermənistanın Nerkin Hand kəndi yaxınlığına üzərində Fransa bayrağı dalğalanan avtomobildə “müşahidəçilər”in gətirilməsinə dair video yayılmışdı. Həmin şəxslərin Fransanın kəşfiyyat orqanlarının əməkdaşları olduğu istisna edilmir. Görünür, Fransa artıq Aİ adı altında maskalanmadan kəşfiyyat orqanlarının əməkdaşlarını açıq şəkildə öz bayrağı altında Azərbaycanla sərhəddə yerləşdirməyə başlayıb. Bu, Ermənistanda revanşist qüvvələrə dəstək verən və yeni müharibəyə sövq edən Fransanın regionda sülh prosesinə zərbə vurmaq istiqamətində atdığı növbəti addımdır.