Ermənistan Hindistan raketlərinin alınması üçün Hindistana müraciət edib.
Musavat.com xəbər verir ki, bu barədə Hindistan mətbuatı məlumat yayıb.
Qeyd edilib ki, söhbət “Astra” orta mənzilli “hava-hava” raketlərinin alınmasından, Ermənistanın arsenalında mövcud olan Su-30-ların onlar üçün uyğunlaşdırılmasından gedir. Nəşrin Hindistan Müdafiə Nazirliyindəki mənbələri danışıqların davam etdiyini və hələ də ilkin mərhələdə olduğunu bildirib.
“Ermənistanın idarə etdiyi Su-30-lar bizim arsenalımızdakı təyyarələrdən əhəmiyyətli dərəcədə fərqlənir, buna görə də biz başa düşməliyik ki, ermənilər öz qırıcılarını uyğunlaşdırmaq və silahlarımızı birləşdirmək istəyirlər”, - deyə mənbə bildirib.
Qeyd olunur ki, Ermənistanın Hindistanın “BrahMos” raketlərinin alınması üçün müraciət edib-etməməsi hələlik məlum deyil.
Daha əvvəl Müdafiə Tədqiqatları və Təhlil İnstitutunun (Hindistan) baş direktoru Sujan Çinoy Sputnik Ermənistan-a bildirib ki, İrəvan Hindistandan əlavə sayda ATAGS 155 mm çaplı artilleriya qurğuları almaqda maraqlıdır.
KİV İrəvanın hələ 2022-ci ildə Dehlidən 155 milyon dollar dəyərində qabaqcıl yedəkli artilleriya sistemləri (ATAGS) sifariş etdiyini yazıb. 6 155 mm-lik yedəkli haubitsaların ilk partiyası 2023-cü ilin avqustunda çatdırılıb. Adı açıqlanmayan mənbə qeyd edib ki, 2024-cü ilə qədər Dehli təxminən 2,5 milyard dollar dəyərində müdafiə məhsulları ixrac edib, 2028-ci ilə qədər Hindistan bu rəqəmi 6,5 milyard dollara çatdırmağı planlaşdırır.
Xatırladaq ki, 2024-cü ildə Ermənistan və Hindistan Müdafiə nazirlikləri arasında 2024-2025-ci illər üçün əməkdaşlıq planı imzalayıb. Bu görüş iki ölkənin müdafiə nazirlikləri arasında “ilk rəsmi məsləhətləşmə görüşü” olub. Görüş zamanı Ermənistan və Hindistan arasında hərbi texnologiyalar və kadr hazırlığı sahəsində mövcud əməkdaşlıq və onun inkişaf perspektivləri müzakirə edilib. Birgə işçi qrupunun yaradılması da qərara alınıb.
Toğrul İSMAYIL,
Musavat.com