"Ermənistan 2018-ci ildən bəri xarici təhlükəsizlik arxitekturasında ciddi dağılma yaşayır və bu, həm regionda, həm də beynəlxalq səviyyədə mövqelərinin zəifləməsinə səbəb olub".
Musavat.com xəbər verir ki, bu barədə Ermənistanın siyasi şərhçisi, revanşist mövqeyi ilə tanınan Tiqran Dumikyan yazıb.
Dumikyanın sözlərinə görə, Ermənistan müstəqillik qazandıqdan sonra təhlükəsizlik siyasəti əsasən iki sütun üzərində qurulmuşdu:
"Hərbi və diplomatik komponentlər. Bu sistemin mərkəzində Rusiya ilə strateji tərəfdaşlıq dayanırdı – Ermənistan KTMT-yə üzv idi və ərazisində rus hərbi kontingenti yerləşirdi. Eyni zamanda, diplomatik sahədə səylər ATƏT-in Minsk qrupu formatında Qarabağ münaqişəsinin həlli istiqamətində yönəlmişdi".
Lakin müəllifin qənaətincə, 2018-ci ildə hakimiyyət dəyişikliyindən sonra bu model ciddi şəkildə sarsılıb. Yeni hökumət, xüsusilə baş nazir Nikol Paşinyan orduda struktur problemləri aradan qaldırmaq əvəzinə tanınmış hərbçilərə qarşı siyasi təqiblər apararaq sistemi daha da zəiflətdi. Hərbi islahatlar isə daha çox imitasiyaya çevrilib və real döyüş qabiliyyətini artırmaq əvəzinə ictimaiyyət qarşısında görüntü yaratmağa xidmət edib.
Məqalədə vurğulanır ki, Ermənistanın xarici siyasətdə "yeni nöqtədən başlamaq" xətti Minsk qrupunda illərlə formalaşmış diplomatik kapitalı faktiki olaraq sıfırlayıb. ABŞ, Fransa və Rusiya kimi həmsədr ölkələr bu mövqedən narahatlıq keçirərək Ermənistanla məsafə saxlayıblar.
Dumikyanın fikrincə, KTMT-nin baş katibi Yuri Xaçaturova qarşı Ermənistanın başladığı cinayət işi də beynəlxalq aləmdə siyasi təzyiq kimi qəbul edilib və nəticədə İrəvan yalnız bu qurumda deyil, ümumilikdə regional təhlükəsizlik formatlarında da etibarını itirib.
O qeyd edir ki, Qərblə son illərdə qurulan yaxınlaşma daha çox siyasi və iqtisadi xarakter daşıyır və Ermənistan üçün konkret təhlükəsizlik təminatları təqdim etmir. Avropa İttifaqının müşahidə missiyası və yüksək səviyyəli görüşlər praktiki hərbi nəticə vermir.
Tiqran Dumikyan Ermənistan daxilində də təhlükəsizlik sahəsində qeyri-peşəkar təyinatların və idarəetmədə xaotik yanaşmanın hökm sürdüyünü yazıb.
Dumikyan sonda Ermənistan hakimiyyətinə sual yönəldib: "Bu gün Ermənistanda xarici təhlükəsizliyin təmin olunması faktiki olaraq kimə həvalə edilib?"
Onun qənaətincə, diplomatiya nə qədər vacib olsa da, onun təsirli olması üçün ölkənin güclü və hazırlıqlı müdafiə sistemi olmalıdır.
Musavat.com