Ermənistan Şimal-Cənub layihəsi üçün Avropa İnvestisiya Bankından 236 milyon avro alır

Avropa İnvestisiya Bankının (EIB Global) bölməsi Ermənistanla 300 milyon avrodan çox kredit müqaviləsi imzalayıb.

Musavat.com xəbər verir ki, bu barədə Ermənistanın İqtisadiyyat Nazirliyi bankın press-relizinə istinadən məlumat yayıb.

Məlumatda qeyd edilir ki, EIB Global Şimal-Cənub nəqliyyat dəhlizinin “kritik” seqmenti olan Sisian-Kacaran yolunun tikintisini birgə maliyyələşdirmək üçün Ermənistanla 236 milyon avroluq kredit sazişi imzalayıb: “Bu layihə Ermənistan və Cənubi Qafqaz regionu üçün dönüş nöqtəsi olmaq və Avropa İttifaqı, Yaxın Şərq və Asiya arasında nəqliyyat əlaqələrini əhəmiyyətli dərəcədə yaxşılaşdırmaq potensialındadır”.
Avropa İttifaqı həmçinin Ermənistana 10 milyon avroluq qrant verəcək və bu, enerji səmərəliliyinin artırılmasına və Yerevanda altı klinikanın və 32 uşaq bağçasının təmirinə yönəlmiş 25 milyon avroluq EIB Global kreditini tamamlayacaq.

Bundan əlavə, EIB Global ölkədə mikro, kiçik və orta sahibkarlıq (MSME) üçün kreditləşməni genişləndirmək üçün üç Ermənistan bankına 58,5 milyon avro məbləğində kredit verəcək. Agentlik qeyd edib ki, Avropa Komissiyası Ermənistanın kiçik və orta sahibkarlıq subyektləri üçün uzunmüddətli yerli valyutada maliyyələşməyə artan tələbatı ödəmək üçün banklara 11 milyon avro məbləğində qrant əlavə edir.

Musavat.com

17.11.2024 21:45
559