Ermənistan Daxili İşlər Nazirliyi Ermənistan sərhədçiləri tərəfindən “öldürüldüyü” deyilən azərbaycanlı sürücü, İran vətəndaşı Amid Quluzadə haqda açıqlama yayıb.
Musavat.com xəbər verir ki, açıqlamada deyilir:
“İyulun 12-də Ermənistan Respublikası Daxili İşlər Nazirliyinin Meqri Departamentinə əcnəbi vətəndaş məlumat verib ki, iyulun 11-də saat 22:15 radələrində Meqri sərhəd-keçid məntəqəsinin yaxınlığındakı avtomobil dayanacağında onunla xətt üstündə münaqişə yaranıb. Sözügedən dayanacaq işçisi onun üzünə iki yumruq zərbəsi endirib”.
Məlumata görə, Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarkisyan “Armenpress”in sorğusuna cavab olaraq bildirib ki, DİN-in Meqri polis idarəsi əməkdaşlarının tədbirləri nəticəsində xəsarət alan şəxsin kimliyi müəyyən edilib. Hüquq-mühafizə orqanlarının əməkdaşlarının apardıqları izahat işi sayəsində 25 yaşlı Ağarək sakini polisə gələrək törətdiyi cinayəti etiraf edib. O və iş üzrə sənədlər İstintaq Komitəsinin Sünik rayonu üzrə şöbəsinə göndərilib.
Məlumata əsasən, İranın Sünikdəki baş konsulu Morteza Abedin Varamin hadisə yerində olub. O, xəsarət alan sürücünün vəziyyətinin yaxşı olduğunu və artıq xəstəxanadan evə buraxıldığını qeyd edib. Baş konsul həmçinin polis nümayəndələri ilə görüşdüyünü və insidentin günahkarının dindirildiyini bildirib.
Musavat.com