Ermənistan Rusiyaya “qaz zərbəsi” vura bilər - İrəvan Bakıya yönəlir?

Erməni politoloq Benyamin Matevosyanın son açıqlamaları diqqət çəkib. O bildirib ki, Ermənistan hökuməti Azərbaycandan təbii qaz almağı planlaşdırır. Bu barədə Teleqraf məlumat yayıb.

Ekspertin fikrincə, bu, Ermənistanın Rusiya qazından imtinası fonunda baş verəcək:

““Avronest”in İrəvanda keçirilən son plenar iclasında Avropa Parlamentinin bir üzvü Ermənistanı Rusiya qazı və işığından imtina etməyə çağırmışdı”.

Matevosyan hesab edir ki, avropalı parlamentari əslində Ermənistanın hakim partiyası Mülki Müqavilənin mövqeyini ifadə edib.

Politoloq partiyanın deputatı Qaqik Melkonyandan sitat da gətirib:

“Azərbaycan qazı zəhərlidirmi ki, onu almayaq? Bir gün Rusiya qazından imtina etmək lazımdır ki, müstəqil yaşaya bilək”.

Ekspertlər hesab edirlər ki, Ermənistanın Rusiya qazından imtinası heç də mümkünsüz deyil. Xüsusilə, erməni baş nazir Nikol Paşinyanın hökumət başçısı olandan sonra yürütdüyü Qərbmeylli siyasətin əslində bunu diktə etdiyi vurğulanır. Burada isə, əsas diqqətlərin Azərbaycanın üzərində cəmlənməsi təsadüfi sayılmır. Xüsusən də, Azərbaycan-Ermənistan arasında sülh sazişinin imzalanmasının an məsələsi olduğu önə çəkilərək, həmçinin tezliklə Ermənistan konstitusiyasında Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarının çıxarılmasının gözlənildiyi vurğulanaraq, İrəvan üçün ən optimal variantın Bakı olduğu qeyd olunur.

İstənilən halda, səpilən düşmənçilik toxumları aradan qalxmadan bu mümkündürmü?

GGGGGGGGGG.jpg (52 KB)

İqtisadçı-ekspert Günay Hüseynova Matevosyanın açıqlamasını əsassız çıxış kimi qəbul edir. O, Musavat.com-a bunları deyib:

“İlk növbədə onu nəzərə almaq lazımdır ki, bu, sadəcə bir təklif və ya irəli sürülən bir fikirdir. Rəsmi əsası yoxdur. İqtisadi baxımdan onun fikirlərinə nəzər salsaq, bu mümkünsüz görünür. İlk növbədə, unutmayaq ki, Rusiya Ermənistanın ən böyük ticari tərəfdaşlarından biridir. Bunu da nəzərə almaq lazımdır ki, dövlət büdcəsinin əsaslı hissəsi vergi və ixrac hesabınadır. Belə bir mühitdə iqtisadi sanksiyanı nəzərə almamaq və Rusiya ilə iqtisadi əlaqələrdən geri çəkilib Azərbaycan bazarına yönəlmək tamamı ilə düşünülməmiş fikirdir. İqtisadi və siyasi əlaqələr tamamilə bir-biriylə əlaqədardır, müasir dövrümüzdə ölkələrin çöküşü və ya gücünün zəifləməsi iqtisadi səbəblərdən daha çox yaranır. Bəlkə də Azərbaycan ilə yaxınlaşma və ya Avropa ittifaqı və ABŞ-nin Rusiyaya sanksiyası bu açıqlamanı qeyri-ixtiyari verməyə sövq edib. Lakin iqtisadi aspektdən sadəcə səmərəsiz nəticə verə bilər”.

Cavanşir ABBASLI
Musavat.com

03.11.2025 18:01
516