“Qərb indiyədək kimi axıra qədər dəstəkləyib ki? Saakaşvilinin taleyi olduqca parlaq misaldır. Regionda Saakaşvili qədər Qərb, xüsusən ABŞ siyasətini yeridən, Qərbin istəklərini yerinə yetirən ikinci lider olmayıb. Sonu necə bitdi? Qərb Paşnyandan da istənilən vaxt imtina edilə bilər, əsas odur ki, hakimiyyəti ələ alacaq yeni lider onlara daha loyal olsun”.
Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru Sahib Məmmədov bu fikirləri Musavat.com-a açıqlaması zamanı söyləyib və Qəribin ənənəvi siyasətinə diqqət çəkib.
S.Məmmədov hesab edir ki, Qərbin Nikol Paşinyana münasibətdə fərqli siyasəti təəssüb doğurmamalıdır: “Paşınyan Ermənistanın əzəli və belə görünürdü ki, əbədi müttəfiqi Rusiyadan kəskin şəkildə üz çeviribsə, deməli, sabah Qərbə də eyni münasibəti göstərə bilər. Bu baxımdan Qərb onsuz da Paşinyan hökumətinə o qədər də etibar etmir. Həm də Paşınyan hakimiyyətinin qeyri-müəyyənliyi nə Qərbi, nə də Rusiyanı təmin etmir.
Bu baxımdan Paşınyanın durumu o qədər də yaxşı deyil, baxmayaraq ki, geniş əhali kütləsi onun tərəfindədir. Amma bu əsasən passiv elektoratdır. Yəni sabah onların kütləvi şəkildə meydanlara çıxıb Paşinyan hakimiyyətini dəstəkləyəcəyi o qədər də inandırcı deyil. Amma, protest hərəkatı o qədər güclü olmasa da və fəaliyyətlərində xaotiklik görünsə də hər halda stabil özəyə malikdir və xarici qüvvələr tərəfindən həm maliyyələşdirilir, həm də idarə olunur”.
Sahib Məmmədov
S.Məmmədov həmçinin qeyd etdi ki, kilsə ilə münasibətlərin pozulması da hazırda Paşinyanın xeyrinə deyil: “Azərbaycanla sülh proseslərinin müsbət dinamikası da xarici və daxili qüvvələrin bir hissəsini təmin etmir. Mari Dumulin “Paşinyanın daxili islahat gündəmini həyata keçirmək və Azərbaycanla sülh müqaviləsi üzrə danışıqları davam etdirmək imkanlarını sarsıdacaq” fikirləri məncə, xəbərdarlıqdan daha çox çəkindirici xarakter daşıyır. Yəni, sülh prosesinin dərinləşməsi Paşinyan hakimiyyətini daha da zəiflədə, daxildəki revanşıst qüvvələri gücləndirə bilər. Rusiya indiyədək ona qarşı kəskin dönüş etmiş qonşu və müttəfiq dövlətə qarşı bu qədər səbirli olmamışdı. Amma Ermənistana münasibətdə Rusiyanın bütün hərəkətləri bəyanatlar səviyyəsindən o tərəfə keçməyib. İqtisadi münasibətlər güclənməkdə davam edir, Rusiya hər cəhdlə Ermənistanla müttəfiklik münasibətlərini bərpa etməyə səy göstərir. Qərb də bunu görür, həm də qeyd etdiyim kişi Ermənistanın qeyri-müəyyən xarici siyasəti Qərb dairələrində şübhələri artırır”.
İcraçı direktorun sözlərinə görə, bu baxımdan Ermənistan qeyri-müəyyən xarici siyasətini davam etdirdikcə, Paşınyan hakimiyyətinə inam azalacaq: “Daxildəki revanşıstlər isə protest hərəkatını tədricən genişləndirmək niyyətindədir. Hərəkatın indiki etirazlarının gələcəkdə Paşinyanı zorakı yolla devirəcək qədər gücə malik olacağı istisna olunmur”.
E.Paşasoy,
Musavat.com