Ermənistan Milli Assambleyasının aprelin 30-da keçirilən iclasında deputatlar Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında sərhədin delimitasiyası və demarkasiyasına dair bəyanat layihəsinin parlament iclasının gündəliyinə daxil edilməsinin əleyhinə səs veriblər.
Musavat.com xəbər verir ki, layihəni “Ermənistan” fraksiyası hazırlayıb.
Onu müxalif “Ermənistan” blokundan olan deputat Artur Xaçatryan təqdim edib. Müxalifətin fikrincə, demarkasiya üçün əsas 1993-cü ilin faktiki mövcud sərhədləri olmalıdır. Deputat aprelin 19-da Ermənistan və Azərbaycan sərhədlərinin demarkasiyası ilə bağlı komissiyaların əldə etdiyi razılaşmaya da toxunub.
“Sərhədin delimitasiyası beynəlxalq sənədlər əsasında aparılmalıdır: BMT Nizamnaməsi, Vyana Konvensiyası, Helsinki Yekun Aktı və delimitasiya və demarkasiyaya dair sənədlər ATƏT Katibliyi tərəfindən rəhbər prinsip kimi işlənib. Delimitasiya üçün əsas 24 sentyabr 1993-cü il tarixinə olan sərhəd olmalıdır. Yəni Azərbaycanın MDB-yə daxil olduğu dövrdə”, - deyə bəyanatda qeyd olunur.
Məlumata görə, hakim partiya buna səbəb kimi “Ermənistanın 1 millimetr ərazisinin heç kimə verilməməsi” faktını müzakirə etməyəcəyini göstərib:
“İndiki proses Ermənistan və Azərbaycan sərhədinin bərpası prosesidir, orada sərhəd dirəkləri quraşdırıla bilər. Müxalifətin 1993-cü ilin sentyabrında MDB-yə üzv olduğu dövrdə Azərbaycan sərhədini əsas götürmək təklifi Ermənistanın dövlət sərhədindən imtina edilməsinə və hərbi əməliyyatların məntiqinə qayıtmağa çağırışdır”.
Nigar Həsənli,
Musavat.com