Ermənistan konstitusiyası: Regionda sülhə, sabitliyə, təhlükəsizliyə başlıca maneə

Sanki Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasında problem yoxdur. Ancaq məsələ rəsmi İrəvanın və onların mövqeyini dəstəkləyənlərin düşündüyü kimi sadə deyil.

Erməni hakimiyyəti (bu ölkədə demək olar ki, başqa etnik qrup yaşamadığı üçün belə adlandırmaq olar) və havadarları bu məsələdə rəsmi Bakını tələsdirib, sazişi və ya ona oxşar bir sənədi əlüstü imzalatdırmaqla Azərbaycanı tələyə salmağa cəhd göstərirlər.

Ermənistanın və sponsorlarının rəsmi Bakıya qarşı sülh sazişinin tez-tələsik imzalatdırmaq səyləri təxminən 15 il öncə baş vermiş oxşar hadisəni və sonradan onun kağız parçası olaraq qalmasını xatırladır.

2009-cu il oktyabrın 10-da İsveçrənin Sürix şəhərində Türkiyə və Ermənistan tərəfindən münasibətlərin normallaşması prosesinin başlanmasını özündə ehtiva edən ikitərəfli protokol imzalanıb. Bu mərasimə o zaman ABŞ-nin dövlət katibi Hillari Klinton, Avropa İttifaqının ümumi xarici və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Xavyer Solana, Fransanın xarici işlər naziri Bernard Kuşner, Rusiyanın xarici işlər naziri Sergey Lavrov şahidlik edib. Başqa sözlə, bu protokol Azərbaycanın Qarabağ bölgəsi və ətraf rayonların işğaldan azad edilməsinə o vaxtlar uğursuz, fəaliyyətsizcəsinə vasitəçilik etmiş ATƏT-in keçmiş Minsk Qrupunun həmsədr ölkələrinin vasitəçiliyi ilə bağlanmışdı.

Həmin sənədi Türkiyənin ovaxtkı xarici işlər naziri Əhməd Davudoğlu və onun erməni həmkarı Edvard Nalbandyan imzalamışdı.

Qüvvəyə minməsi üçün bu protokol hər iki ölkənin parlamentləri tərəfindən ratifikasiya edilməli idi. Sənəddə məsələləri bir-birindən ayırmaq məqsədi ilə Ermənistan-Azərbaycan münaqişəsi qeyd olunmamışdı.

REFİON.jpg (25 KB)

Ermənistan Konstitusiya Məhkəməsi 2010-cu il yanvarın 12-də Ermənistan-Türkiyə protokollarının ölkə konstitusiyasına uyğun olub-olmamasını müzakirəyə çıxarıb. Bu, Türkiyə hökumətinin sənəddən imtina etməsi ilə nəticələnib.

Bundan başqa, Ermənistan Konstitusiya Məhkəməsinin protokollarla bağlı qərarından sonra Türkiyə tərəfi protokolları dəstəkləməyi dayandırıb. Ermənistan hakimiyyəti 2010-cu il yanvarın 12-də sənədlərin konstitusiyaya uyğunluğunu təsdiqləmək üçün Konstitusiya Məhkəməsinə göndərib. Konstitusiya Məhkəməsi üç əsas məsələyə toxunan protokolların preambulasına istinad edib. Birincisi, Ermənistan 1915-ci ildə “erməni soyqırımı”nın dünya miqyasında tanınmasına çalışmaqda davam edir; ikincisi, Türkiyə ilə yeni müqavilədə Ermənistan-Azərbaycan arasında istənilən münaqişəni rədd edir. Üçüncüsü və ən əsası, o bəyan edib ki, protokolların icrası Qars müqaviləsi ilə müəyyən edilmiş mövcud Türkiyə-Ermənistan sərhədinin Ermənistan tərəfindən rəsmən tanınması demək deyil.

Bununla da Konstitusiya Məhkəməsi protokolların əsas müddəalarından birini, yəni beynəlxalq hüququn müvafiq müqavilələri ilə müəyyən edilmiş iki ölkə arasında mövcud sərhədin qarşılıqlı tanınmasını rədd edib.

2015-ci ilin fevralında isə erməni tərəfi Türkiyənin “siyasi iradəsinin olmadığını” bəhanə göstərərək ratifikasiya üçün parlamentə təqdim olunan protokolları geri götürüb. Ermənistanın keçmiş prezidenti Serj Sarqsyan 2018-ci il martın 1-də sənədlərin denonsasiyası haqqında fərman imzalayıb.

Onda Əhməd Davudoğlu narazılığını bildirərək demişdi ki, Ermənistan Konstitusiya Məhkəməsi faktiki olaraq protokollara baxıb və yeni hüquqi vəziyyət yaradıb.

Bununla da Türkiyə erməni hiyləsi ilə qurulan tələdən qurtulub. Rəsmi Ankara onda əvvəlki mövqeyini bir daha açıqlayaraq bildirdi ki, Azərbaycan torpaqları Ermənistan işğalından azad edilməyənə, Türkiyəyə qarşı iddialardan əl çəkməyənədək normallaşma prosesi başlamayacaq.

Beləliklə, həmin protokolun imzalanmamasına başlıca maneə Ermənistan konstitusiyasıdır. Çünki bu ölkənin “Müstəqillik haqqında konstitusiya aktı”nda Konstitusiya Məhkəməsinin irəli sürdüyü üç iddianın ikisi (qondarma “soyqırımı” və Qars müqaviləsi ilə bağlı uydurma fikirlər) öz əksini tapıb.

EKSİNİ.jpg (117 KB)

Ermənistanın Konstitusiyası 1995-ci il iyulun 5-də ümummilli erməni referendumu nəticəsində qəbul edilib. 2005-ci il noyabrın 27-də isə bu əsas qanunla bağlı referendum keçirilərək düzəlişlər olunub, yeni bir konstitusiya qəbul edilib. 2015-ci il dekabrın 5-də keçirilmiş növbəti ümumxalq səsverməsindən sonra yenidən konstitusiyada dəyişikliklər olunub. Bununla da dövlətin siyasi quruluşu yarı prezident respublikası sistemindən parlamentli respublikaya dəyişdirilib.

Ancaq bu dəyişiklik və düzəlişlərin heç birində konstitusiya preambulasına (ön söz) diqqət edilməyib. Preambula konstitusiyanın ümumi prinsiplərini və məqsədlərini bildirir. Ön sözdə isə yuxarıda qeyd etdiyimiz məsələ təsbit edilib.

5 il əvvəl, hələ Azərbaycan torpaqları işğal altında olanda Nikol Paşinyan hökuməti konstitusiya islahatı aparacağını bəyan etmişdi. Ovaxtkı ədliyyə naziri Rüstəm Badalyan bu siyasi kampaniyanı 2020-ci ildə aparacaqlarına dair açıqlama vermişdi. Ancaq həmin müddətdən 5 il keçməsinə baxmayaraq, rəsmi İrəvan bu istiqamətdə addım atmayıb. Ötən ay ölkənin ədliyyə naziri Qriqor Minasyan 2025-ci ildə yeni əsas qanun qəbul edəcəklərini bildirib.

EDECEK.jpg (37 KB)

2020-ci ildən 2025-ci ilədək konstitusiya islahatı aparılmasının gecikdirilməsini Paşinyan hökumətinin vaxt udmaq, yaxud əlverişli şərait qazanmaq cəhdi kimi də dəyərləndirmək olar. O, Azərbaycanla 16 bəndlik sülh sazişi layihəsinin 13 maddəsinin razılaşdırıldığını iddia edir. Bildirir ki, razılaşdırılmış maddələr üzrə saziş imzalamaq olar. Bunu da erməni və havadarlarının hiyləsi saymaq olar. 15 il öncə Türkiyə ilə normallaşma prosesinə başlanılmasına mane olan əsas qanun yenə həmin rolda çıxış edə bilər. Çünki konstitusiya məsələsində Ermənistan artıq bir dəfə sınaqdan çıxmayıb.

Digər tərəfdən isə üç dəfə keçirilən konstitusiya islahatında təcavüzkarlığı özündə ehtiva edən ön sözün bir cümləsi belə dəyişdirilməyib. Daha doğrusu, o, toxunulmaz, müqəddəs bir tabu sayılır. Deməli, Azərbaycanla bağlanması vacib sayılan saziş, yaxud razılaşdırıldığı iddia olunan 13 maddə ilə bağlı sənəd imzalandıqdan sonra İrəvanın və havadarlarının mənafeyinə uyğun olmayan məqamda ənənəvi “konstitusiyaya uyğun deyil” əsası işə düşə bilər.

DUSE.jpg (74 KB)

Odur ki, münasibətlərin normallaşması və etimad mühitinin yaranması üçün vacib məsələ kimi bunları saymaq olar:

- kommunikasiya marşrutlarının bərpası;

- Zəngəzur yolunun açılması;

- təcavüzkarlığı, işğalçılığı, saxtakarlığı özündə ehtiva, millətlərarası düşmənliyi təbliğ edən preambulanın Ermənistan konstitusiyasında qalmasının mümkünsüzlüyü;

- 300 min Qərbi azərbaycanlının vətəndaşlıq və mülkiyyət hüququnun bərpası və s.

Əks halda alayarımçıq sənəd əsasında imzalanan sülh dayanıqlılığı da şübhəli olar. Normallaşma məsələsi ilə bağlı sənəd imzalamada İrəvan artıq bir dəfə özünü ifşa edib. Yəni ovcu açılıb. Bu açıq ovucla Paşinyan və havadarları tələ qurmaq istəyir. Ona görə də sazişin imzalanması İrəvanın və onu dəstəkləyənlərin iddia etdiyi kimi sadə, əksinə olanların düşündüyü kimi çətin deyil. Burada erməni hakimiyyətinin iradəsi vacibdir. Rəsmi İrəvan isə iradə nümayiş etdirməkdənsə, ənənəvi hiyləgərliyə əl atır...

Sədrəddin İsmayılov

18.09.2024 16:07
315