Fikrət Yusifov: “Onların iqtisadiyyatı birbaşa və dolayı yolla 80%-ə qədər Rusiyanın nəzarətindədir”
“Son üç ildə İqtisadiyyat Nazirliyi göstərdi ki, biz ayrılan büdcəni həmişə yerinə yetiririk. Əminəm ki, iqtisadiyyata qoyduğumuz investisiyalar gördüyünüz nəticələri verir. 2022-2023-cü illərdə ölkə iqtisadiyyatı dünyanın ən sürətlə inkişaf edən 10 iqtisadiyyatından biridir. Düşünürəm ki, bu il ilk beşliyə düşəcək. Bu onu göstərir ki, Ermənistanın iqtisadi siyasətini uğurlu hesab etmək olar”.
“Yeni Müsavat”ın məlumatına görə, bu sözləri “Ermənistan xəbərləri” - NEWS.am-ın müxbiri ilə söhbətində ölkənin iqtisadiyyat naziri Vaan Kerobyan deyib.
Erməni nazirin bu sözlərindən bir məsələ ortaya çıxıb. On illərdir yarım-blokada şəraitində olan bir ölkənin iqtisadi inkişaf tempinə görə dünya onluğunda olması və ya beşliyə iddia etməsi nə dərəcədə realdır? Növbəti erməni saxtakarlığı, yoxsa...
Fikrət Yusifov
Sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov konkret faktlarla erməni naziri darmadağın etdi: “Ermənistan hökumətinin car ilin may ayında birinci rübdə iqtisadiyyatın 12,2% artmasına dair tirajladığı yalanlara əslində sağlam düşünməyi bacaran heç kim inanmadı. Çünki 44 günlük müharibədə ağır məğlubiyyətə düçar olmuş və bu məğlubiyyətlə ciddi milli stress yaşanan bir ölkənin iqtisadiyyatında belə bir yüksəlişin əldə olunması mümkün deyildi. Çox təəssüf ki, sapı özümüzdən olan və hökumətin fəaliyyətində yalnız qara axtaran bir qrup ”siyasətçi" də həmin bəyanatdan sonra Ermənistan iqtisadiyyatında “baş verən bu sıçrayışı” bayraq edib, Azərbaycan hökumətinin üzərinə gəldilər. Onların əsas çağrışları isə belə idi: - görün müharibədə ağır məğlubiyyətə məruz qalmış bir ölkədə islahatçı baş nazir Nikol Paşinyan necə bir inqilab edə bilib deyə haray salırdılar. Paşinyanın bu bəyanatından sonra bir çox iqtisadçı ekspertlər bu “sıçrayışlı” inkişafın əsil səbəblərini araşdırmağa qalxdılar. Ermənistan iqtisadiyyatında nə baş verirdi? Bu “sürətli inkişaf” nədən və haradan qaynaqlanırdı? Biz də bu məsələni araşdırmaq üçün Ermənistan Dövlət Statistika Komitəsinin rəsmi saytına daxil olub, məsələnin köklərini araşdırdıq. Aparılan araşdırmalar konkret faktlarla sübut etdi ki, Ermənistan iqtisadiyyatında heç bir artım yoxdur və bütün bunlar növbəti erməni yalanından başqa heç nə deyil. İlin birinci rübü üçün elan edilən bu sıçrayışlı inkişafın ağ yalan olduğunu bir qədər anladıqdan sonra, ermənilər bu olmayan sürəti növbəti rüblərdə “yavaşıtmaq” qərarı verdilər. Baxın, cari ilin birinci rübündə iqtisadiyyatın 12,2% artdığını rəsmi bəyan edən Ermənistan rəhbərliyi və onun Dövlət Statistika Komitəsi ikinci rübdə bu artımın “sürətinin” 9,1%-ə, üçüncü rübün yekunlarına görə isə 7,4%-ə düşdüyünü bəyan etdilər. Bu hesabla cari ilin yekunları üzrə Ermənistan iqtisadiyyatındakı “artımın” gözlənilən səviyyəsi 2,0%-dən çox olmayacaqdır. Sual olunur. Bir ölkənin iqtisadiyyatında birinci rübdə 12,2% artım qeydə alınırsa, ortada ciddi siyasi və iqtisadi katoklizmalar olmadığı halda bu artım ilin yekununda necə 2% səviyyəsinə düşə bilər? Porodoksdur deyilmi? Gəlin indi bu “artımın” necə baş verdiyini konkret faktlarla aydınlaşdıraq. Ermənistan iqtisadiyyatında öncə bəyan olunmuş “bumun” ilin sonlarına doğru “əriməsi” Ermənistan dövlətinin bu artımlarla bağlı ağ yalanlarını üzə çıxartdı. İlin birinci rübü ilə müqayisədə ilin gözlənilən yekununda iqtisadiyyatda artımın 6 dəfədən çox azalmasına (2023-cü ilin birinci rübündə 12,2%, gözlənilən yekununda isə 2,0%) baxmayaraq, ölkənin ixracı durmadan və böyük sürətlə artmaqdadır. Belə ki, bu ilin 10 ayı ərzində ötən ilin eyni dövrü ilə müqayisədə Ermənistan ixracının həcmi 38,5% artmışdı. Bir ölkədən ixrac 10 ay ərzində belə böyük sürətlə artırsa, deməli o ölkənin iqtisadiyyatında gerçəkdən inkişaf var. Çünki ölkə ərazisindən ixracın yeganə və əsas mənbəyi yerli istehsaldır. Yerli istehsal artmalıdır ki, ixrac potensialı da bu qədər genişlənsin. Bəs Ermənistandan ixracın belə sürətlə artımı doğrudan da yerli istehsalın artımı hesabına baş verir? Baxaq. Cari ilin 10 ayının yekunlarına görə Ermənistanda sənaye məhsullarının istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 0,5% azalıb, aqrar sektorda isə cəmi 1,7% artım qeydə alınıb. Deməli bu ölkənin iqtisadiyyatında cari ilin əvvəlindən qeydə alınmış artımların kökündə başqa mətləblər dayanır".
Sabiq nazir hamının marağına səbəb olacaq araşdırmasını bu cür davam etdirdi: “Məsələyə aydınlıq gətirmək üçün son bir iki ildə - daha doğrusu Rusiyanın Ukraynaya hərbi təcavüzündən sonrakı dövrdə Ermənistanın xaricdən idxal etdiyi və Rusiyaya ixrac etdiyi məhsulların dinamikasına baxmaq yetərlidir. Beləliklə, son iki ildə Ermənistanın ümumi idxalı 2,2 dəfə, ixracı isə 2,3 dəfə artıb. Bir ölkədə xarici ticarət dövriyyəsinin iki il ərzində belə sürətlə artımı qeyri-mümkündür. Bəs Ermənistanın idxal və ixracının belə kosmik sürətlə artdığı dövrdə bu ölkədən Rusiyaya ixracın həcmi necə dəyişmişdi? Bax bütün suallara burada cavab tapılır. Son iki ildə Ermənistandan Rusiyaya ixracın həcmi 2021-ci illə müqayisədə 2 milyard 606,2 milyon dollar və ya 410% (4,1 dəfə) artmışdı ki, bu da Ermənistanın 2023-cü ildə gözlənilən cəmi ixracının 49,6%-i - yəni təqribən yarısı deməkdir. Halbuki, 2021-ci ildə Ermənistandan Rusiyaya ixrac olunan məhsulların həcmi cəmisi 840,7 milyon dollar olmuşdu ki, bu da bu ölkənin ümumi ixracının 28%-ni təşkil etmişdi.
Beləliklə, gəlinən qənaət budur ki, Ermənistan iqtisadiyyatında son iki ildə “qeydə alınan bum” yalnız xarici ticarət dövriyyəsinin artması hesabına baş veribdir.
Məsələyə tam aydınlıq gətirmək üçün Ermənistanın idxal və ixracının nədən birdən - birə bu qədər böyüməsi sualını da cavblandırmaq lazımdır. Bu suala cavab bütün qaranlıqlara aydınlıq gətirir.
Ukraynaya hərbi təcavüz səbəbindən Qərbin Rusiyaya və ilk növbədə onun hərbi sənaye kompleksinə tətbiq etdiyi ağır sanksiyalar Rusiya bazarında bir çox məhsulların, o cümlədən bu ölkənin hərbi sənaye kompleksi üçün lazım olan müxtəlif təyinatlı məhsulların ciddi çatışmazlığını yaradıb. Rusiya sanksiyalar məngənəsində sadəcə boğulur. Bu yerdə Ermənistan Rusiyanın “köməyinə” gəlib. Yəni, Ermənistan artıq iki ilə yaxındır ki, Rusiyaya lazım olan həmin məhsulları xaricdə onları istehsal edən müəssisələrdən öz ölkəsinə idxal edib, sonradan onları müxtəlif məhsul adları altında Rusiyaya ixrac edir. Bu yolla öz idxal və ixracını iki ilə yaxın bir vaxtda fantastik səviyyədə artıran Ermənistan bu artımları öz iqtisadiyyatının “çiçəklənməsi” kimi qələmə verib və bu yalanı öz əhalisinə və bütün dünyaya sırıyır.
Son bir ildə ABŞ və AB Qərbin Rusiyaya yönəlik sanksiyaları çeynəməsi ilə bağlı Ermənistan hökumətinə bir neçə dəfə xəbərdarlıq ediblər. Ancaq hələ ki, erməni həyasızlığı öz işini davam etdirir.
Ermənistan indi də Avrasiya İqtisadi Birliyindən çıxıb, Avropa Birliyinə üzv olmaqla “iqtisadi cənnət”ə düşəcəyi barəsində növbəti yalanları tirajlamaqla məşğuldur. Bu millətin mayası yalanla yoğrulub.
Bu gün Rusiyadan güzəştli şərtlərlə qaz, elektrik enerjisi və digər strateji məhsullar alaraq yaşayan Ermənistan, sabah bunların hamısından məhrum olarsa, Avropa bazarına nə ilə çıxa bilər?
İqtisadiyyatının sürətlə inkişaf etməsi haqqında miflər yaradaraq həm öz xalqını, həm də bütün dünyanı aldatmaqla məşğul olan Ermənistan hökuməti heç şübhəsiz bu yalanların yaratdığı eyforiya ilə növbəti yalanları tirajlamağa qərarı veribdir. Ancaq ermənilər unudurlar ki, belə yalanlarla yalnız Avrasiya İqtisadi Birliyində qalıb fəaliyyət göstərmək mümkündür...".
Cavanşir ABBASLI,
“Yeni Müsavat”