“Ermənistanla Azərbaycan arasında faktiki olaraq danışıqlar aparılmır”.
Musavat.com xəbər verir ki, bu sözlər Ermənistan parlamentində “Ermənistan” müxalifət blokunun parlament fraksiyasının üzvü, daşnak Armen Rüstəmyan tərəfindən səslənib.
“Danışıqlarda hər bir tərəfin öz maraqlarını təşviq və müdafiə etməli olduğu güman edilir, lakin bu gün tamamilə fərqli proseslər gedir: Ermənistan müharibədən qaçmaq üçün Azərbaycanın bütün tələblərini təmin etməyə çalışır. Eyni zamanda, Paşinyan müharibə təhlükəsini artırmaq və ölkənin bu təhlükəyə qarşı hazırlıq səviyyəsini azaltmaq üçün hər şeyi edir. Bu, İrəvanın Bakıya güzəştə getməsinə haqq qazandırır”, - deyə erməni deputat jurnalistlərlə söhbətində bildirib.
Onun sözlərinə görə, Azərbaycan da öz növbəsində tam əks taktika tətbiq edib və zaman keçdikcə yalnız tələblərini artırır.
“Bu tələblərin sonu görünmür. Baxmayaraq ki, Türkiyə və Azərbaycanın nəyə can atdığını hamımız başa düşürük – bölgədə erməni faktorunun tamamilə aradan qaldırılması”, - deyə Armen Rüstəmyan qeyd edib.
Rüstəmyanın fikrincə, Paşinyanın fəaliyyəti Ermənistanın əleyhdarlarını çoxaltmaqdan başqa bir işə yaramır.
“Bu gün Azərbaycan Prezidenti Ermənistanı müttəfiq axtarmamağa çağırır, onların yeganə xilas yolu olduğunu bəyan edir. Mahiyyət etibarı ilə belə bir fikir söyləməyə çalışırlar ki, bizim regionda varlığımızın yeganə təminatçısı məhz Bakıdır. Amma Ermənistan hakimiyyəti bu oyun qaydalarını praktiki olaraq qəbul edib”, - deyə A.Rüstəmyan bildirib.
Musavat.com